Qısa cavab:
Quran ayələri göstərir ki, bir neçə şərtlə Allahın rəhmət və bəxşiş qapıları bütün bəndələrin üzünə istisnasız olaraq açılmışdır. O şərtlərdən biri bəndənin günah etdikdən sonra özünə gələrək tutduğu yolu dəyişməsi, üzünü Allah dərgahına çevirməsi, Onun əmrləri müqabilində təslim olması və tövbə etdikdən sonra tövbəsinə sadiq qaldığını öz əməli ilə göstərməsidir. Nəticədə, nə şirk, nə də başqa bir günah istisna edilməmişdir. Həmçinin, bu ümumi əfv və rəhmətin geniş olmasının şərtlərə malik olması inkar olunmazdır.
Ətraflı cavab:
Bu sualın cavabını "Zumər" surəsinin 53-55-ci ayələrinə nəzər salmaqla vermək olar. Allah-taala bu ayələrdə sonsuz lütf, məhəbbət və rəhmətini bütün insanların üzünə açaraq əfv fərmanı vermiş və buyurmuşdur:
«قُلْ یا عِبادِیَ الَّذِینَ اَسْرَفُوا عَلى اَنْفُسِهِمْ لاتَقْنَطُوا مِنْ رَحْمَهِ اللّهِ اِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ جَمِیعاً اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیمُ ».
“(Ey Peyğəmbər! Mənim adımdan bəndələrimə) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan, rəhm edəndir!”
Bu ayənin ifadələrinə diqqət etdikdə başa düşmək olur ki, bu ayə bütün günahların bağışlanmasına aid ən ümidverici ayədir və o, bütün günahkarlara şamildir. Ayənin əhatə dairəsi həddən artıq genişdir və əmirəl-möminin Əlidən (ə) nəql edilən bir rəvayətdə o həzrət buyurur:
«ما فِى القُرْآنِ آیَهٌ اَوْسَعُ مِنْ یا عِبادِىَ الَّذِیْنَ اَسْرَفُوا...». (1)
“Quran ayələrinin arasında bu ayə qədər geniş əhatə dairəsinə sahib olan bir ayə yoxdur.”
Beləliklə, iki məsələ təfsirçilərin zehnini məşğul etmişdir, lakin onun həlli yollu növbəti ayələrdədir. Birincisi, həqiqətən də, ayənin ümumi məfhumu böyük günahları və Allaha şərik qoşmanı belə əhatə edirmi? Əgər belə olarsa, bəs nə üçün "Nisa" surəsinin 48-ci ayəsində şərik qoşmaq bağışlana bilən günahların sırasından çıxarılmışdır?
«اِنَّ اللّهَ لایَغْفِرُ اَنْ یُشْرَکَ بِهِ وَ یَغْفِرُ ما دُونَ ذلِکَ لِمَنْ یَشاءُ»
“Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını istədiyi şəxs üçün bağışlayar.”
İkincisi, bu ayədə bəyan edilən bağışlanma vədəsi mütləq şəkildədir, yoxsa tövbə və sair kimi şərtlərdən asılıdır?
Əlbəttə, bu iki sual bir-birilə sıx rabitəyə malikdir. Onların cavabını növbəti ayələrdə asanlıqla tapmaq mümkündür. Belə ki, növbəti ayələrdə üç göstəriş verilir və bunların hamısına aydınlıq gətirilir:
« وَ اَنِیبُوا اِلى رَبِّکُمْ”
1. "Rəbbinizə tərəf qayıdın!"
« وَ اَسْلِمُوا لَهُ »
2. "Onun əmrləri müqabilində təslim olun!"
« وَ اتَّبِعُوا اَحْسَنَ ما اُنْزِلَ اِلَیْکُمْ مِنْ رَبِّکُمْ »
3. "Rəbbinizdən sizə nazil edilmiş ən gözəl əmrlərə (Qurana) tabe olun!"
Bu üç əmr onu göstərir ki, bir neçə şərt nəzərdə tutulmaqla Allahın rəhmət və bəxşiş qapıları bütün bəndələrin üzünə istisnasız olaraq açılmışdır. O şərtlərdən biri bəndənin günah etdikdən sonra özünə gələrək tutduğu yolu dəyişməsi, üzünü Allah dərgahına çevirməsi, Onun əmrləri müqabilində təslim olması və tövbə etdikdən sonra tövbəsinə sadiq qaldığını öz əməli ilə göstərməsidir. Nəticədə, nə şirk, nə də başqa bir günah istisna edilməmişdir. Həmçinin, bu ümumi əfv və rəhmətin geniş olmasının şərtlərə malik olması inkar olunmazdır.
"Nisa" surəsinin 48-ci ayəsində Allahın kafirlərin bağışlanmasını istisna etməsini görürüksə bu, hələ həyata olarkən qəflətdən ayılıb haqq yolu tapanlar üçün deyil, dünyadan kafir halında köçən müşriklərə aiddir, çünki İslamın əvvəllərində iman gətirənlərin əksəriyyəti ilk öncə müşrik olmuş, sonradan iman gətirmişlər.
İndi isə günaha mürtəkib olmuş insanlara diqqət yetirsək, onların böyük günahlara düçar olduqdan sonra, narahatçılıq və peşmançılıq hissi keçirdiklərinin şahidi olarıq. Onlar özlərini həddən artıq aludə və heç bir şeylə paklanmayacaq qədər pis hesab edir və geriyə dönüş yolunun qalmadığına inanırlar. Bu halda soruşurlar: "Doğurdanmı bizim günahlarımızın bağışlanması mümkündür?" Allaha doğru gedən yol bizim üzümüzə də açıqdırmı? Geridə uçmayan bir körpü varmı?
Biz ayənin mənasını yaxşı başa düşürük. Belə ki, onlar dəfələrlə tövbələrini pozsalar belə, hər cür tövbəyə hazırdırlar, lakin öz günahlarının bağışlanacağına inanmırlar.
Bu ayə onların hamısına ümid verir ki, sizin üzünüzə yol açıqdır. (2)
Şərh qeydə alınmayıb