Qısa cavab:
Quran ayəsi oruc tutmağı vacib edir: “Sizin üçün oruc tutmaq yazıldı (vacib edildi).” Lakin növbəti ayədə üç dəstə istisna edilir: Xəstələr, səfərdə olanlar, bacarmayan şəxslər. Növbəti ayə orucun vaxtının xəstə olmayanlar və vətəndə olanlar üçün Ramazan ayı olduğunu bildirir. Bunun üçün “müəyyən edilmiş günlər” cümləsindən istifadə olunmuşdur. Amma xəstələr və səfərdə olanlardan ibarət iki dəstə üçün oruc tutmaq müddəti başqa günlərə keçirilib. Belə ki, buyurulur: ” Ramazan ayının günlərində deyil, başqa günlərdə oruc tutsunlar.” Həmçinin Müslim öz səhihində nəql edir: "Allahın Rəsulu (s) hicri 8-ci ilin Ramazan ayında Məkkəyə doğru hərəkət etdi. “Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istəyir və hamı görsün deyə, qabı öz əlləri ilə yuxarı qaldırdı. Sonra da suyu içdi. Allahın Rəsuluna (s) xəbər çatdırırlar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu: “Onlar günahkardılar, onlar günahkardılar!”"
Ətraflı cavab:
Bütün fəqihlərin nəzərinə müvafiq olaraq müsafir səfərdə oruc tutmaya bilər. İxtilaf yalnız burdadır ki, səfərdə orucu açmaq müsafir üçün vacibdir, yoxsa icazəlidir?
Əhli-beyt davamçısı olan şiə fəqihləri, həmçinin, zahiriyyə fəqihləri və səhabələrin bir dəstəsi səfərdə orucu açmağı vacib və müsafirin oruc tutmasını haram hesab edirlər. (1) Halbuki, digər dörd məzhəbin fəqihləri səfərdə iftarın (orucu açmağın) azad olduğunu düşünür. Onların bəziləri iftar etməyi oruc tutmaqdan üstün tutur, bəziləri də əksini deyirlər. Belə ki, Şafei yazır: “Səfərdə iftar etmək (orucu açmaq) oruc tutmaqdan üstündür.” Malik isə deyir: “Səfərdə oruc tutmaq iftar etməkdən yaxşıdır.”(2)
Lakin mühüm olan məsələ Quran və sünnədəki dəlilləri araşdırmaqdır.
Quran və səfərdə oruc tutmaq
Allah-taala buyur:
«یا اَیُّهَا الَّذِینَ آمَنُوا کُتِبَ عَلَیْکُمُ الصِّیامُ کَما کُتِبَ عَلَى الَّذِینَ مِنْ قَبْلِکُمْ لَعَلَّکُمْ تَتَّقُونَ* اَیَّاماً مَعْدُوداتٍ فَمَنْ کانَ مِنْکُمْ مَرِیضاً اَوْ عَلى سَفَرٍ فَعِدَّهٌ مِنْ اَیَّامٍ اُخَرَ وَ عَلَى الَّذِینَ یُطِیقُونَهُ فِدْیَهٌ طَعامُ مِسْکِینٍ فَمَنْ تَطَوَّعَ خَیْراً فَهُوَ خَیْرٌ لَهُ وَ اَنْ تَصُومُوا خَیْرٌ لَکُمْ اِنْ کُنْتُمْ تَعْلَمُونَ»؛
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir (bir aydır). (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!”(3)
Birinci ayə oruc tutmağı vacib edir. Belə ki, onun barəsində buyurur:
“Sizin üçün oruc tutmaq yazıldı (vacib edildi).”.
Burada "yazılmaq" hamı üçün vacib buyurulduğuna işarədir. Lakin ikinci ayədə üç dəstə istisna edilir:
1. Xəstələr
2. Səfərdə olanlar
3. Bacarmayan şəxslər
İkinci ayə orucun vaxtının xəstə olmayanlar və vətəndə olanlar üçün Ramazan ayı olduğunu bildirir. Bunun üçün «اَیّام مَعْدُودات» “müəyyən edilmiş günlər” cümləsindən istifadə olunmuşdur. Amma xəstələr və səfərdə olanlardan ibarət iki dəstə üçün oruc tutmaq müddəti başqa günlərə keçirilib. Belə ki, buyurulur: ” Ramazan ayının günlərində deyil, başqa günlərdə oruc tutsunlar.”
Başqa sözlə desək, insanların əksəriyyəti Ramazan ayında oruc tutsunlar. Xəstə və səfərdə olan üzrlülərin oruc günləri Ramazan ayından başqa vaxtdadır. Bu iki aydın ifadədən sonra orucun səfərdə olanlar üçün icazə verilməsini necə iddia eləmək olar?! Müsafir necə adi adamlar kimi oruc tuta bilər? Halbuki, ayədə oruc tutmaq üçün iki vaxt təyin edilir. Biri ümumi camaat üçün nəzərdə tutulan Ramazan ayı, biri də Ramazanda oruc tutmayan xəstə və müsafirlər üçün digər günlər.
Öz rəhbərlərinin ardınca gedən əhli-sünnə təfsirçilərindən bir çoxu ayənin zahirinin iftarın vacibliyinə dəlalət etdiyini, Quranın oruc vaxtını camaata Ramazan ayı, digər iki dəstəyə başqa vaxt təyin etdiyini anladıqlarından, məcburən qrammatik baxımdan bir cümləni sətraltı mənada götürüb bu yolla öz rəhbərlərinin səhvini ört-basdır etmək istəyirlər.
Onların əqidəsinə görə «فعدّه من ایّام اُخر» “başqa günlərdə oruc tutsunlar” cümləsinin əvvəlində “iftar etsə” cümləsi vardır və o təqdirdədir (gizlindədir). Guya, ayə belədir:
“Müsafir və ya xəstə – iftar etsə, yəni orucunu açsa – başqa günlərdə oruc tuta bilər. Belə olmayan halda bu iki dəstənin oruc tutma vaxtı adi camaatla eynidir.”
Məlum məsələdir ki, dörd əhli-sünnə rəhbərinin hörmətinin qorunması üçün ayə bu cür təfsir edilmişdir.
Sonrakı ayənin təfsiri:
Ola bilər ki, bəziləri «وَاَنْ تَصُومُوا خَیْرٌ لَکُم» “Oruc tutmaq sizin üçün daha xeyirlidir, əgər bilsəniz!” ayəsi ilə səfərdə oruc tutmağın icazəli olmasını sübut etmək istəsinlər.
Cavablarında xatırladırıq ki, bu müraciət müsafirə deyil, hər dörd dəstəyə aiddir:
1. Heç bir üzrü olmayanlar
2. Xəstə
3. Müsafir
4. Orucun tutulması onlar üçün çətin olan kəslər
Sözü gedən ayə hamıya müraciət edir:
“Sizin hamınızın oruc tutması yaxşıdır. Belə ki, ayədə açıqlandı: ümumi kütlə Ramazan ayında, xəstə və səfərdə olanlar, üzrləri aradan qalxdıqda başqa günlərdə, yaşlılar da Ramazan ayında oruc tutsun. Dördüncü dəstənin kəffarə ödəmək şərti ilə oruc tutması vacib deyil.”
Beləliklə, bu cümlə yalnız səfərdə olana aid deyil. Oruc ilahi əzab və atəş müqabilində sipərdir. Oruc tutmaqla atəşin şölələri sönür. Amma hər kəs ona təyin olunan bir vaxtda oruc tutmalıdır.
Bura qədər ayənin oruc açmağın vacibliyinə dəlalət etməsi ilə tanış olduq. İndi isə səfərdə oruc tutmaq barəsində Peyğəmbərin (s) hədisləri ilə tanış olaq. Peyğəmbər (s) səfərdə oruc tutmağı günah, oruc tutanları günahkar hesab edirdi.
1. Müslim öz səhihində Cabir ibn Abdullahdan belə nəql edir: "Allahın Rəsulu (s) hicri 8-ci ilin Ramazan ayında Məkkəyə doğru hərəkət etdi. “Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istəyir və hamı görsün deyə, qabı öz əlləri ilə yuxarı qaldırdı. Sonra da suyu içdi. Yəni, ey camaat! Hamınız orucunuzu pozun. Allahın Rəsuluna (s) xəbər çatdırırlar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu:
«اولئک العصاهُ، اولئک العصاهُ»
“Onlar günahkardılar, onlar günahkardılar!”" (4)
2. İbn Macə Qəzvini özünün "Sünən" kitabında Əbdürrəhman ibn Ovfdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
«صائِمُ رَمضان فِى السَّفَرِ کَالْمُفْطِرِ فِى الحَضَر»
“Səfərdə oruc tutan vətəndə oruc yeyən kimidir.” (5)
3. Buxari "Səhih"ində Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: "Peyğəmbər (s) öz səfərlərinin birində bir nəfərin ətrafında bir dəstənin toplaşıb onun üçün kölgəlik düzəltdiklərini görüb soruşur:
"Bu, kimdir?" Dedilər: "Oruc tutandır."
Buyurdu:
«لَیْسَ مِنَ البِرِّ الصَّومُ فِى السَّفر»
“Səfərdə oruc tutmaqda xeyir (yaxşılıq) yoxdur.”" (6)
Qurani-Kərimdə«برّ» (birr) “yaxşılıq, xeyir” sözü «اثم» (ism) “günah” kəlməsinin müqabilində işlədilmişdir. Belə ki, buyurulur:
وَ تَعاوَنُوا عَلَى الْبِرِّ وَ التَّقْوى وَ لا تَعاوَنُوا عَلَى الْاِثْمِ وَ الْعُدْوانِ
“Bütün xeyir işlərdə və təqvada bir-birinizə yardım edin, günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin.” (7)
Beləliklə «برّ» “yaxşılıq” sözü ilə «اثم» “günah” sözünün bir-birinin müqabilində işlədilməsindən aydın olur ki, səfərdə oruc tutmaq yaxşı işlərdən deyilsə, onda mütləq günah və xətadır.
Əhli-beytdən (ə) səfərdə müsafirin iftarının vacibliyinə dəlalət edən bir çox rəvayətlər nəql edilmişdir. Daha artıq məlumat üçün “Vəsailüş-şiə” kitabının 7-ci cildinə müraciət edə bilərsiniz. (8)
Şərh qeydə alınmayıb