Qısa cavab:
İlahi təqdirlə tanış olduğumuz zaman, başa düşəcəyik ki, varlıq aləmində yaşayış mühiti və failin (iş görənin) iradəsindən kənar "qəza və qədər" adlı bir amil yoxdur. Misal üçün Tənbəllik və işsizliyi seçən, bir-biri ilə ixtilaf və ziddiyyətə düçar olan və Allahın verdiyi qüvvə və enerjini yanlış yollarda sərf edərək hədər edən, öz zaman və mühitinin vəziyyətindən xəbərsiz olan və şəxsi mənafeyini güdməklə öz həmcins və həmnövlərindən bixəbər olan millət barədə ilahi təqdir gec-tez onların bir-birindən ayrılaraq (parçalanaraq) məhv olmasından ibarətdir.
Ətraflı cavab:
Əgər məqsəd yaradanın hər bir fərdin taleyini müəyyən etməsi və bizim hər birimizin məcburi olaraq ona tabe olmağımız və ondan – müəyyən edilmiş taledən – bir addım belə kənara çıxmamağımızdırsa, onda “insan üçün onun öz çalışmasından başqa, bir şey (fayda) yoxdur!” ayəsinin mənası nədir? (1)
Cavab: Təqdir və tale məsələsi bütün dünya millətlərinin ayinlərində bəyan edilən məsələlərdən biridir və ona etiqadlı olmaq – bizim səmavi kitab və islami hədislərimizdə ona həssas və daha nəzərə çarpan dərəcədə yanaşılmasına baxmayaraq, – millət mənsubluğundan asılı deyil.
Təəssüflər olsun ki, qeyri-mütəxəssis və məlumatsız fərdlərin qəza və qədər barədə yanlış təfsir və bəyanları bir qrup insanda bu iki sözlə bağlı mənfi təəssürat yaradır və əksər halda həmin sözləri eşitməklə onlar lərzəyə gəlir və ilahi təqdiri yaşayış mühitindən xaric olan və insanın iradəsi üzərində birbaşa təsirə malik bir amil hesab edirlər. Belə ki, qəza və qədər bəzən müsbət şəkildə cilvələnərək insanı cəbr (məcburiyyət) və ikrah vasitəsi ilə hansısa bir əmələ vadar edir, bəzən də mənfi şəkildə özünü göstərir və insanı istər-istəməz hansısa bir işi görməkdən çəkindirir.
İnsanın ixtiyari əməlləri ilə bağlı bu mənada olan təqdir (qəza və qədər) əfsanədən başqa, bir şey deyil, əksinə qəza və qədər məsələsinin həqiqətini yaşayış mühitində araşdırmaq və onu insan və onun iradəsindən başqa, bir şeyin yaratmadığı kimi təsəvvür etmək lazımdır.
Qəza və qədərin qeyri-düzgün məna və təfsirləri ilə zehinləri alt-üst olaraq qarışmış şəxslərin "varlıq aləmində digər amillər kimi təsirli olan və insan iradəsinə mənfi və ya müsbət təsir qoyan qəza və qədər adlı bir amilin olmaması" nəzəriyyəsini qəbul etməsi həddən artıq çətindir. Ona görə ki, bu cür fərdlər əksər yanlışlıq və çatışmazlıqlarını, hətta özlərinin bir çox səhlənkarlıqlarını yaşayış mühitindən xaric olan "qəza və qədər" adlı bir amilin üzərinə yıxmağa və hər bir məsuliyyət və öhdəçilikdən boyun qaçırmağa adət etmişlər.
Hazırda avropalıların və qərbəmeyilli olanların bir qrupu arasında qəza və qədərin yerini özlərinin əksər səhlənkarlıqlarını onun boynuna qoyduqları "tarixi cəbr" tutmuşdur.
Amma həqiqət axtarışında olan və həqiqəti görən insanlara aydındır ki, ilahi təqdirin insanın iradəsinə məcburi təsiri yoxdur. Bu mətləb varlıq aləmində qəza və qədərin həqiqəti sayılan ilahi sünnə və qanunların bəyan edilməsi ilə daha da aydınlaşacaq.
İlahi təqdirlə tanış olduğumuz zaman, başa düşəcəyik ki, varlıq aləmində yaşayış mühiti və failin (iş görənin) iradəsindən kənar "qəza və qədər" adlı bir amil yoxdur.
İlahi təqdirdə məqsəd bizə və aləmə hakim kəsilən qəti qanunlardır və onların insanların xoşbəxtlik və bədbəxtliyində – xüsusi terminlə desək, şəxsin cənnətlik və ya cəhənnəmlik olmasında – qəti və dəyişməz təsirləri vardır və biz həmin qanun və sünnənin seçilməsində azad və ixtiyar sahibiyik. Bu mətləbin izahı üçün aşağıdakı misallara diqqət yetirin:
1. Tənbəllik və işsizliyi seçən, bir-biri ilə ixtilaf və ziddiyyətə düçar olan və Allahın verdiyi qüvvə və enerjini yanlış yollarda sərf edərək hədər edən, öz zaman və mühitinin vəziyyətindən xəbərsiz olan və şəxsi mənafeyini güdməklə öz həmcins və həmnövlərindən bixəbər olan millət barədə ilahi təqdir gec-tez onların bir-birindən ayrılaraq (parçalanaraq) məhv olmasından ibarətdir.
Amma məhrum zəhmətkeşləri fikirləşən və təbəqələr (kütlələr) arasındakı fasiləni azaltmağa çalışaraq onları insan kimi yaşamağa layiq olan bir həyatla təmin edən və Allahın varlıların malından ehtiyaclılar üçün nəzərdə tutduğu haqqı ödəyən – bir sözlə, düşüncəli və yardımsevər bir millət üçün ilahi təqdir onların daimi inkişaf və tərəqqi etməsi, sabitlik və asudəlikdən yararlanması və quruculuq işlərindən faydalana bilməsindən ibarətdir. Bu iki təqdir o qədər aydın və məlumdur ki, heç kəs onda şəkk-şübhə edə bilməz.
Bütün dünya millət və xalqları bu iki təqdir müqabilində bərabərdirlər və millətlərin iradəsindən xaric olan heç bir amil onları iki təqdirdən birini seçməyə vadar etmir. Bizlərik ki, eqoistliyin qələbəsi və ya əqlin hökmü ilə onlardan hansısa birini seçirik və beləliklə, seçimimizin nəticəsində bizə aid olan şeylər Allahın qəza və qədəri sayılır, çünki həmin qanun və sünnələri o meydana çıxarmış, təsdiqləmiş və onların hansısa birini seçməkədə bizi azad və sərbəst qoymuşdur.
2. Öz həyatına çoxlu imkan, polad iradə, düşüncə və dərrakə ilə başlayan bir cavan onun seçiminin intizarında olan və hər ikisi ilahi təqdir və tale hesab edilən təqdirin hansısa birini seçərkən öz maddi və mənəvi imkanlarını təhsil, elm və bilik əldə etmək və ya ticarətlə məşğul olmaq üçün sərf etdiyi zaman, bir ömür xoşbəxt və sağlam həyat sürəcək, amma öz düşüncə və imkanlarından sui-istifadə edərək onları meyxana, qumarbazlıq və insanın ömrünün tələf olmasına səbəb olan digər xoşagəlməz şeylərə sərf edərsə, şübhəsiz, bir müddətdən sonra yorğun, qeyri-sağlam bir cism və korlanmış əsəblə künc-bucaqda düşüb-qalmalı və ömrünü beləcə əzab-əziyyətlə başa vurmalıdır. Hər iki təqdir Allaha aiddir, amma insan onun seçimində azaddır və onun seçimindən yaranan və insana aid olan nəticə isə Allaha və onun iradəsinə bağlıdır. Belə ki, əgər yarı yoldan (ziyanın yarısından) qayıtsa və həyat tərzini dəyişsə, bunun özü də ilahi təqdirin sayəsindədir, çünki bizi yaradan Allah zərərdən qayıtmaq və etdiklərimizdən peşman olmaq üçün bizə icazə vermişdir ki, nəticədə, bir taleyi başqa bir tele ilə əvəz edək.
3. Əgər xəstə olan bir şəxs həkimə müraciət edib müalicə alsa və dərman qəbul etsə, yaxşı olar. Əgər həkimə müraciət etməsə və ya dərman içməsə, ya öləcək, ya da bir künc-bucaqda düşüb-qalaraq əziyyət çəkəcək. Beləliklə, hər iki tale Allahın hökmü ilə və bizim seçimimizlədir. Biz hansı birini seçsək, onun təsiri Allahın qəza və qədəri ilə olacaqdır. Siz yaradılış aləmindəki ilahi qanun və sünnəyə nəzər salmaqla bəşərin fəaliyyətləri ilə bağlı qəza və qədərə aid yüzlərlə nümunə tapa və insanın işləri haqda təqdirin mənasını əldə edə bilərsiniz.
Misalların çəkilməsi ilə bəyan edilən məsələlər böyük İslam rəhbərlərinin – yəni, qəza və qədəri bizə bəyan və izah edən kəslərin – hədislərindən bizim əlimizə gəlib çatanlardan ibarət idi.
Allahın Rəsulu (s) buyurur: "Beş qrupdan olan kəslərin duaları qəbul olmaz. Onlardan biri uçmaqda olan divarın yanından çəkilməyən və divarın üstünə aşmış olduğu kəsdir." (2)
Belə bir şəxsin duasının qəbul olmamasının səbəbi aydındır. Belə ki, uçmaqda olan divarın yanından çəkilməyən şəxsin aqibəti ölümdür və o, öz ixtiyarı ilə bu aqibəti qəbul etmişdir, halbuki, başqa bir taleyi də seçə bilərdi.
Əmirəl-möminin (ə) uçmaqda olan bir divarın yanından sürətlə keçdiyi zaman, o həzrətə etiraz edib deyirlər ki, Allahın qəza və qədərindən qaçırsan? İmam buyurur:
اَفِرُّ مِنْ قَضاءِ اللهِ اِلى قَدَرِ الله
"Allahın qəzasından onun qədərinə doğru qaçıram (sığınıram)."
Yəni bir qəzadan digər qəzaya və bir taledən başqa bir taleyə doğru qaçıram və hər ikisi Allahın təqdiridir. (3) Mən hər ikisinin seçimində azadam. Əgər uçmaqda olan divarın altında otursam və o, uçsa və mən ölsəm, taleyin hökmü ilədir. Əgər qaçsam və salamat qalsam, o da taleyin hökmü ilədir.
İmam Rzadan (ə) soruşurlar ki, bəndələrin yaxşı və pis əməlləri barədə Allahın təqdiri nədən ibarətdir?
İmam (ə) buyurur: "Allah bəndələrinin yerinə yetirdikləri yaxşı və pis əməllərin hər ikisi Allahın təqdiri ilədir." Daha sonra İmam insanın əməlləri – istər yaxşı, istərsə də, pis olsun – və onun nəticəsinin insanı dünya və axirətdə əhatə etməsi barədə geniş şəkildə təfsir edərək buyurur:
"Allahın təqdiri insanı dünya və axirətdə yaxalayan (əhatə edən) nəticə, mükafat və cəzalardan ibarətdir." (4)
Bu hədis qəza və qədər barəsində söylənilənləri aydınlaşdıran bir həqiqətdir və aşkarcasına bəyan edir ki, qəza və qədər həyat və insanın iradə və istəyindən xaric olan bir amil deyil, əksinə varlıq aləminə hakim olan ilahi sünnə və qanundur və insan onlardan birinin seçimində azaddır. Seçimdən sonra insana qayıdan nəticə ilahi hökm və təqdirə əsasəndir və insanın əməllərindən heç biri Allahın təqdir dairəsindən xaric deyil. Əgər müsbət (yaxşı) toxum səpsə, onun müsbət nəticəsini görəcək və əgər nifaq və pislik toxumu səpsə, taleyin hökmünə əsasən, onun acı və pis meyvəsini dərəcək və bunların hər ikisi ilahi təqdir sayəsindədir. Nəticədə, pis və yaxşı əməllərin heç biri qəza və qədərin əhatə dairəsindən kənar deyil.
İslamın əvvəllərində müsəlmanlar vəhy mənbəyindən ilham almaqla qəza və qədər məsələsini elə şəkildə öyrənmişdilər ki, heç vaxt onun insanın öz taleyi ilə bağlı ixtiyar və iradəsi ilə zidd və müxalif olduğunu düşünmürdülər. Müsəlmanların qələbələri ilə bağlı qeyd etmişlər ki, ikinci xəlifə Şamın Kəranə məntəqəsinə qədər gəlmişdi və gözlənilmədən ona məlumat verdilər ki, burada vəba xəstəliyi yayılıb. Xəlifənin adamları ona geri qayıtmağı təklif etdilər və onun özünün nəzəri də elə bu cür idi. Amma oradakılardan biri etiraz edərək xəlifəyə dedi ki, siz Allahın təqdirindən (qəza və qədərindən) qaçırsınız? O, etiraz edənin sualına cavab olaraq belə dedi: "Mən Allahın hökmü ilə bir taledən başqa bir taleyə doğru qaçıram." Xəlifənin sözlərini təsdiqləmək üçün oradakılardan biri dedi: "Peyğəmbərin (s) belə dediyini eşitdim: "Nə zaman bir məntəqədə taun yaransa və siz o məntəqədə olmasanız, həmin yerə daxil olmayın və əgər olduğunuz yerdə həmin xəstəlik meydana çıxsa, oranı tərk etməyin ki, məbada, digərlərinin yoluxmasına səbəb olarsınız!"" (5)
Buradan belə məlum olur ki, qəza və qədər məsələsinə etiqadlı olmaq iradə, ixtiyar və azadlığın inkar və aradan qaldırılması demək deyil, qəza və qədərlə cəbr məsələsi arasında minlərlə kilometr məsafə vardır. Şərqşünasların qəza və qədərin nəticəsini başqa bir cəbr hesab etməsi onların ali və sabit İslam maarifindən xəbərsiz olması səbəbi ilədir. Onlar səlahiyyətləri çatmadığı bir məsələ haqqında hökm verirlər.
Alber Male özünün"Tarix" kitabında yazır: "İslam ilk günlərində Allahın yeganəliyi və Məhəmmədin (s) peyğəmbərliyinə etiqad və inamdan başqa, bir şey deyildi, lakin sonralar İslam sxolastikləri (“əqaid elmi”nin alimləri) təlim verdilər ki, hər bir kəsin taleyi müəyyən edilmişdir və Allahın iradəsi dəyişilməzdir və bu metod cəbr (məcburiyyət) adlanır." (6)
Qustav Le Bon İslamda qəza və qədər məsələsi ilə bağlı söhbətlərindən və onun nəticəsinin başqa bir cəbr (məcburiyyət) olduğunu dedikdən sonra, üzr istəyərək deyir: "Quranda qəza və qədər barəsində qeyd edilən ayələr bizim müqəddəs kitabımızda bu mövzuda qeyd edilənlərdən fərqli deyil." (7)
Avropalılar arasında alınan bu cür yanlış nəticələr və atılan böhtanlar Parisdə yaşayarkən Seyyid Cəmaləddin Əsədabadinin qəza və qədər məsələsini müdafiə etməklə bağlı risalə (traktat) yazmasına səbəb olmuş və onu həftəlik "Urvətul-vusqa" jurnalında nəşr etdirmişdir. O, həmin risalədə belə yazır:
"Avropalıların bu qrupundan olanlar elə güman edirlər ki, qəza və qədərlə cəbr dininə etiqadlı olmaq arasında heç bir fərq yoxdur və insan təqdirə inam sayəsində havadan asılı olan və küləyin əsməsi ilə o tərəf-bu tərəfə yönələn bir tük kimidir. Taleyə etiqad məsələsi insanda iş, danışıq, sükut və hərəkətlə bağlı iradə və ixtiyar sahibi olmamasına və öz işlərinin ixtiyarını qəzəbli və dağıdıcı qüvvəyə malik birinin öhdəsinə buraxmasına gətirib çıxarır. Bu etiqada malik olan bir millət öz təbii güc və qabiliyyətindən istifadə etmir, iş və fəaliyyət düşüncəsinə aid olan maraq onların zehnindən çıxır və beləliklə, onlar varlıqdan yoxluğa doğru irəliləyirlər." (8) (9)
Şərh qeydə alınmayıb