Qısa cavab:
Bu barədə çoxlu nəzəriyyələr irəli sürülmüş və təfsirlər yazılmışdır. Qədr gecəsinin 1, 17, 19, 21, 23, 27 və 29-cu gecə olduğunu söyləmişlər. Amma məşhur rəvayətlərə istinadən Qədr gecəsinin Ramazan ayının son ongünlüyündə, 21-ci və ya 23-cü gecəsində olduğu qeyd olunur. Rəvayətlərdə də Allah Rəsulunun (s) son ongünlükdə bütün gecəni oyaq qalaraq əhya saxlaması və ibadət etməsi bildirilmişdir.
Ətraflı cavab:
Qədr gecəsinin (لَیْلَهِ الْقَدْرِ) Ramazan ayında olması şübhəsizdir. Bu məsələ bir sıra Quran ayələrini mütaliə etdikdə anlaşılır.
İlk olaraq, Quranın “Bəqərə” surəsinin 185-ci ayəsinə əsasən, Ramazan ayında nazil olduğunu oxuyuruq:
شَهْرُ رَمَضَانَ الَّذِی اُنْزِلَ فِیهِ الْقُرْآنُ
“Ramazan ayı Quran nazil edilən aydır....” (1)
Digər tərəfdən də “Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik.” – ayəsinə əsasən Quranın Qədr gecəsində nazil olduğu anlaşılır. (2)
Bu zaman belə bir sual yaranır: Qədr gecəsi Ramazan ayının hansı gecəsidir?
Bu barədə çoxlu nəzəriyyələr irəli sürülmüş və təfsirlər yazılmışdır. Qədr gecəsinin 1, 17, 19, 21, 23, 27 və 29-cu gecə olduğunu söyləmişlər.
Amma məşhur rəvayətlərə istinadən Qədr gecəsinin Ramazan ayının son ongünlüyündə, 21-ci və ya 23-cü gecəsində olduğu qeyd olunur. Rəvayətlərdə də Allah Rəsulunun (s) son ongünlükdə bütün gecəni oyaq qalaraq əhya saxlaması və ibadət etməsi bildirilmişdir.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyrulur: “Qədr gecəsi 21-ci və ya 23-cü gecədir.” Hətta ravi israr edərək bu gecələrdən hansının Qədr gecəsi olduğunu soruşur: “Əgər mən hər iki gecəni ibadət etmək gücündə olmasam, bu gecələrdən hansında ibadət edim?”
İmam Sadiq (ə) o gecəni müəyyən etməyib buyurur:
ما اَیسَرَ لَیلَتَینِ فِیما تَطلُبُ
“Hacət isdədiyin bir şey üçün iki gecə necə də asandır!” (3)
Lakin Əhli-beytdən (ə) nəql olunan müxtəlif hədislərə əsasən, 23-cü gecəyə üstünlük verilmişdir. Halbuki, əhli-sünnə məzhəbində olan rəvayətlərdə 27-ci gecəyə işarə edilir.
İmam Sadiqdən (ə) nəql olunan digər bir rəvayətdə buyurulur: “Müqəddəratın təyini 19-cu gecədə, onun hökmü 21-ci gecədə, imzası isə 23-cü gecədədir.” (4)
Hər halda Qədr gecəsinin hansı gecə olması açıq şəkildə bəyan olunmamış və gizli qalmışdır. Bunun da müəyyən sirləri vardır. Növbəti sualımız bu məsələ haqqındadır.
Nə üçün Qədr gecəsi gizlidir? Bir çoxları inanırlar ki, Qədr gecəsinin ilin və ya mübarək Ramazan ayının gecələrinin arasında gizli olması insanların bütün gecələrə əhəmiyyət verməsi ilə bağlıdır. Necə ki, Allah-taala:
–Razılığını müxtəlif itaət və ibadətlər arasında gizlətmişdir ki, insanlar bütün ibadətləri yerinə yetirsinlər.
–Qəzəbini günahların arasında gizlətmişdir ki, insanlar bütün günahlardan çəkinsinlər.
–Dostlarını insanlar arasında gizlətmişdir ki, bütün insanlara hörmət edilsin.
–Qəbul etməsini duaların arasında gizlətmişdir ki, insanlar bütün duaları yerinə yetirsinlər.
–“İsmi-Əzəm”ini adları arasında gizlətmişdir ki, bütün adlarına hörmət göstərib böyük hesab etsinlər.
–Ölüm vaxtını gizli saxlmaışdır ki, insanlar hər an ona hazır olsunlar.
Bunlar, Qədr gecəsinin gizliliyi üçün bir fəlsəfə və dəlil kimi sayıla bilər. (5)
Şərh qeydə alınmayıb