Qısa cavab:
“İbtila” ayəsində təkid olunur ki, bu əhd-peymanlar və ilahi mənsəblər yalnız zülm və günah qarşısında daxili qoruyucu amilə malik olan şəxslərə verilir. Çünki imamət bir şəxsə verildikdən sonra səlahiyyəti olmadığı məlum olduğu üçün geri alınan ticarət malı deyildir ki, həmin şəxs səhvə yol verdikdən və ya günah işlətdikdən sonra ondan geri alınmış olsun.
Ətraflı cavab:
Bəzi alimlərə görə “zalım” kimi məstərdən alınmış sözlərdən indiki zamanda olan sifət başa düşülür və əvvəllər bu sifətə malik olub hal-hazırda həmin sifəti itirən şəxslərə şamil olmur. Buna əsasən, İbrahimin (ə) imaməti ilə əlaqədar olan ayədə bir şəxs xilafət məqamını öhdəsinə alan zaman zalım olsa, imamət məqamından məhrumdur. Lakin əvvəllər zülm edib hal-hazırda isə (tövbə nəticəsində) zalım sayılmayan şəxslər imamət məqamına nail ola bilərlər.
Cavabında deyirik: Əvvəla, İbrahimin övladları dörd qismə bölünür:
1. Bir dəstəsi imamət məqamını öhdəsinə almazdan qabaq zalım idilər və bu məqama çatandan sonra da zalımlıqlarında qalmışlar;
2. İmamət məqamına çatmazdan əvvəl ədalətli, ondan sonra isə zalım olanlar;
3. İmamət məqamına çatmazdan qabaq zalım, sonra isə ədalətli olanlar;
4. İmamət məqamından həm əvvəl, həm də sonra adil olanlar.
Həzrəti İbrahim (əleyhis-salam) malik olduğu yüksək məqamla yanaşı heç vaxt imamət məqamını öhdəsinə alan zaman, zalım olan iki qrup üçün imamət məqamını (Allahdan) istəmədi. Buna əsasən “mənim övladlarımdan” ifadəsi yalnız üçüncü və dördüncü dəstəyə şamil olur. Allah-taala onun cavabında “Mənim əhdim zalımlara çatmaz!” deyə buyurmuşdur. Bu qadağa da ömrünün əvvəllərində zalım olan və imamət məqamını öhdəsinə aldıqları zaman adil olan üçüncü qrupa şamildir. Beləliklə imamət yalnız bütün həyatları boyu ismət məqamına malik olan dördüncü qrupa çatır.
İkincisi: “İbtila” ayəsi ilahi mənsəb və əhd-peymanların verilməsində ilahi bir qanunun mövcudluğuna işarədir. Ayə təkid edir ki, bu əhd-peymanlar və ilahi mənsəblər yalnız zülm və günah qarşısında daxili qoruyucu amilə və maneəyə malik olan şəxslərə verilir. Çünki imamət bir şəxsə verildikdən sonra səlahiyyəti olmadığı məlum olduğu üçün geri alınan ticarət malı deyildir ki, həmin şəxs səhvə yol verdikdən və ya günah işlətdikdən sonra ondan geri alınmış olsun.
İmamət məsələsi eynilə nübüvvət kimidir. Nübüvvət və risalət məqamı o kəsə verilir ki, daxili ismət və qoruyucunun varlığı ilə səhvdən uzaqdırlar.
Üçüncüsü: Hökmlər iki qisimdir: bəzisi mövzunun varlığından asılıdır. Misal üçün, “şərab haramdır” hökmü mövzunun dəyişməsi ilə (məs; şərabın sirkəyə çevrilməsi ilə) aradan gedir. Digər bir qismi isə belə deyildir; əgər mövzu bir anlığa belə həmin sifətə yiyələnsə, o hökm qüvvəyə minəcəkdir. Misal üçün, “zina edən adama hədd (şallaq) vurulmalıdır” və “oğrunun əli kəsilməlidir” kimi hökmlər. Məqsəd budur ki, əgər bir şəxs hətta zamanın bir anlığına belə, bu iki sifətə malik olarsa, cəzaya məhkum edilməli və ya əli kəsilməlidir. Baxmayaraq ki, hal-hazırda bu sifətə malik deyil. Zülm də imamət əhdinin hökmü ilə əlaqədar ikinci qisimdəndir.
Hədislərə müraciət etməklə aydın olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyt (əleyhis-salam) da “İbtila” ayəsini bu mənaya götürmüşlər:
1. İbn Məğazili Şafei öz sənədləri ilə Abdullah ibn Məsuddan nəql edir ki, Allahın Peyğəmbəri (səlləllahu əleyhi və səlləm) buyurdu:
− Mən atam İbrahimin duasının nəticəsiyəm.
Biz ondan:
− Ey Allahın Rəsulu! Necə olur ki, siz atanız İbrahimin duasının nəticəsi olursunuz?! − deyə soruşduq.
Həzrət buyurdu:
− Allah-taala İbrahimə vəhy etdi:
− Mən səni insanlara imam təyin etdim.
İbrahim çox sevinərək:
− Pərvərdigara! Övladlarımdan da mənim kimi imamlar qərar verəcəksənmi?! − deyə soruşdu.
Allah-taala ona vəhy etdi:
− Ey İbrahim! Həqiqətən, mən sənə elə bir əhd verməyəcəyəm ki, sənin barəndə ona vəfa etməmiş olam.
İbrahim dedi:
− Pərvərdigara! O hansı əhddir ki, mənim barəmdə ona vəfa etməyəcəksən?!
Allah-taala:
− Bu əhdi, sənin nəslindən olan zalımlara verməyəcəyəm.
Burada İbrahim ərz etdi:
وَاجْنُبْنِی وَبَنِیَّ اَنْ نَعْبُدَ الاَْصْنامَ * رَبِّ اِنَّهُنَّ اَضْلَلْنَ کَثِیراً مِنَ النّاسِ
“Pərvərdigara! Məni və övladlarımı bütə pərəstiş etməkdən uzaq saxla. Pərvərdigara! Onlar – bütlər insanların çoxunu azdırmışlar.” (1)
Peyğəmbər (səlləllahu əleyhi və alih) sonra buyurdu: “İbrahimin duası mən və Əli ilə sona çatır. Bizim ikimiz heç vaxt bütə pərəstiş etməmişik, buna görə də Allah-taala məni Peyğəmbər, Əlini də vəsi qərar verdi.” (2) (3)
Şərh qeydə alınmayıb