Qısa cavab:
İbn Hişamın nəqlinə görə Ömərin bacısı Fatimə və onun həyat yoldaşı Səid ibn Zeyd islamı qəbul etmişdi. Onlar bunu Ömərdən gizlədirdilər. Ömər ilk dəfə Quran ayəsini onlardan eşitdi və bu onun müsəlman olmasına səbəb oldu.
Ətraflı cavab:
İbn Hişam, İbn İshaqdan nəql edərək yazır: Ömərin islamı qəbul etməsi bizə gəlib çatan mənbələrdə yazıldığı kimidir. Nəql olunduğuna görə onun bacısı Fatimə – Xəttabın qızı və onun həyat yoldaşı Səid ibn Zeyd ibn Ömər ibn Nüfeyl islamı qəbul etmişdi. Onlar bunu Ömərdən gizlədirdilər. Nəim ibn Abdullah Nəhham da – onun qəbiləsindən biri və Bəni Udey ibn Kəbdən idi – islamı qəbul etdi. O da islamı qəbul etməsini öz qəbiləsindən gizlədirdi. Xəbbab ibn Ərət, Fatimə Xəttab qızının evinə gedib-gəlir və ona Quran öyrədirdi. Bir gün Ömər qılıncı əlinə alıb Peyğəmbəri və səhabələrdən bir qrupunu öldürmək üçün evdən çıxdı. Ona xəbər vermişdilər ki, bu şəxslər Səfada bir yerə yığışacaqlar.
Nəim ibn Abdullah onu görüb dedi:
– Kimi öldürmək istəyirsən, ey Ömər?!
O dedi: – Məhəmmədi nəzərdə tutmuşam! (Yəni, onu öldürmək istəyirəm.) Bu şəxs öz ata-babalarının dinini tərk etmiş, Qüreyşin arasına çaxnaşma salmış, onların arzularını puça çıxarmış, dinlərini tənqid etmiş, onların allahlarını nalayiq sözlərlə yad etmişdir! Mən onu öldürməyə gedirəm.
Nəim dedi:
– Allaha and olsun, özünü aldadırsan. Yoxsa güman edirsən ki, Məhəmmədi qətlə yetirəndən sonra Əbdi-Mənaf tayfası səni yer üzündə sağ buraxacaqdır?! Nə üçün öz ailəni islah etmirsən?
Ömər dedi:
– Ailəmdən hansı şəxsləri?
O dedi:
– Bacın Fatimə Xəttab qızı, onun əri və sənin əmin oğlu Səid ibn Zeyd ibn Əmr! Allaha and olsun ki, onlar islamı qəbul etmiş və Məhəmmədin dininə tabe olmuşlar! Sən gərək onlarla mübarizə aparasan.
Ömər qayıdıb birbaşa bacısının evinə getdi. Bu zaman Xəbbab ibn Ərət əlində olan səhifədə “Taha” surəsini onlara qiraət edirdi. Onlar Ömərin gəldiyini hiss etdikdə Xəbbabı otaqda gizlətdilər. Fatimə Xəttab qızı da qorxusundan o səhifəni ayaqları arasında gizlətdi. Ömər evə yaxınlaşanda Xəbbabın qiraət səsini eşitmişdi. Ona görə də evə daxil olanda dedi:
–Eşitdiyim bu səs nədir?
Onlar dedilər:
– Biz səs eşitmədik!
Ömər dedi: – Allaha and olsun! Mənə xəbər çatıb ki, siz ikiniz Məhəmmədə tabe olmuşsunuz!
Sonra Səid ibn Zeydi möhkəm əzişdirdi. Bacısı irəli gəlib ona mane olmaq istədikdə, Ömər bərk bir şeylə onun başına vurub yardı. Bu zaman onlar dedilər: – Bəli, ikimiz də müsəlman olmuşuq! Biz Allaha, onun rəsuluna iman gətirmişik, nə istəyirsən et!
Vəziyyəti belə görən Ömər öz işindən peşman olaraq bacısına dedi: – Bir az əvvəl oxuduğun səhifəni mənə ver, görüm Məhəmmədin gətirdiyi nədir?
Ömər yazıçı idi. Bacısı ona dedi: Bu səhifə barəsində səndən qorxuruq!
Ömər dedi: – Qorxma!
Sonra öz məbudlarına and içib dedi ki, oxuduqdan sonra qaytaracağam. Bunu deyəndən sonra bacısı onun islamı qəbul etməsi ümidi ilə dedi: – Qardaş! Sən nəcissən! Çünki şirkdəsən. Pak insanlardan başqa kimsə bu səhifəyə əl vura bilməz. (1) (2)
Şərh qeydə alınmayıb