Qısa cavab:
1. Əxlaq kodeksində yaxşı və pisin, gözəl və çirkinin dərki;
2. Nəzəri arqumentlər üzərində duran rasional aksiomaların dərki;
3. Müəllim və ustada ehtiyac olmadan bir sıra etiqadi məsələlərdən xəbərdar olan dini fitrət;
4. İnsan vücudunun ənginliyində vicdan məhkəməsi. Hansı ki, “kiçik qiyamət” adlandırılacaq heyrətamiz bir məhkəmə zalıdır.
Ətraflı cavab:
Fitrət və vicdandan qaynaqlanan bilgi və məlumatlar müxtəlif şaxələrə bölünür. Burada onlardan ən başlıcalarını – dörd şaxəsini nəzərinizə çatdıracayıq. Maraqlıdır ki, Quran ayələri də buna dəlalət edir:
1. Əxlaq kodeksində yaxşı və pisin, gözəl və çirkinin dərki. Belə ki, ona “əxlaq vicdanı” da deyilir. Yəni, insan müəllim və ustada ehtiyac duymadan bir çox səciyyələri müsbət keyfiyyət sayır. Məsələn: yaxşılıq, ədalət, şücaət, fədakarlıq, əfv, düzlük, əmanətə riayət bu qəbildəndir.
Qarşılığında isə vicdanın ilhamı ilə bəzi keyfiyyətləri mənfi və xoşagəlməz bilir. Məsələn: zülm, ədalətsizlik, xəsislik, paxıllıq, ədavət, yalan, xəyanət və.s... “فَاَلْهَمَهَا فُجُورَهَا” (1); “Ona günahları təlqin edənə!” – ayəsi də bu qismə işarədir.
2. Nəzəri arqumentlərə əsaslanan rasional aksiomaların dərki. Belə ki, onlarsız hər hansı mövzudan ötrü hər hansı dəlil və arqumentin göstərilməsi qeyri-mümkündür. İzahında deyə bilərik ki, riyaziyyat elmində bütün riyazi arqumentlərin nəhayətdə əsaslanacağı vicdani aspekti olan bir sıra aksiom müddəalar var: Bütövün hissəsindən böyük olması, iki şeyin bir şeylə bərabərliyi bir-birilə bərabər olması deməkdir. Yaxud əgər iki bərabər şeydən eyni miqdarda azaltsaq və ya hər ikisinə eyni miqdarda artırsaq, nəticə yenə bərabər olacaqdır və s.
Habelə, əqli və fəlsəfi sübutlarda ziddlərin, paradoksların birləşməsi kimi aksiom əsaslar olmadan onların tutarlılığı zəifdir.
Qurani-kərim də bəzən mühüm məsələləri isbat etmək üçün aksiom prinsiplərdən dəstək alır:
“قُلْ هَلْ یَسْتَوِى الَّذِینَ یَعْلَمُونَ وَالَّذِینَ لاَ یَعْلَمُونَ ”(2)
“De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?””.
Başqa bir yerdə Allah-taala buyurur:
“قُلْ هَلْ یَسْتَوِى الاْعْمَى وَالْبَصِیرُ اَمْ هَلْ تَسْتَوِى الظُّلُمَاتُ وَالنُّورُ”(3)
“De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?!””.
3. Dini fitrət. Yəni, müəllim və ustada ehtiyac olmadan bir sıra etiqadi məsələlərdən xəbərdar olmaq. Allahşünaslıq, məadşünaslıq və digər sahələr etiqadi məfhumlardır. “فَاِذَا رَکِبُوا فِى الْفُلْکِ دَعَوْا اللهَ مُخْلِصِینَ لَهُ الدِّینَ” (4); “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar.” – ayəsi və digər ayələr buna işarədir.
Buna əsasən, bir müqəddəs başlanğıca iman bəşər tarixinin bütün dövrlərində mövcud olmuşdur. Hətta, əldə olan nişanələr göstərir ki, tarixdən də öncə insanlar arasında bu başlanğıca iman olmuşdur. Fitri kökü olmayan bir şeyin belə əhatəli və qəribə uzun ömürlülüyə malik olması qeyri-mümkündür.
4. Vicdan məhkəməsi – İnsan vücudunun ənginliyində qərarlaşmış “kiçik qiyamət” adlı bir məhkəmə. İnsanı əməllərinə görə mühakimə edən, yaxşılıqlara görə təqdir və təşviq, pisliklərə görə cəzalandıran heyrətamiz bir məhkəmə! Bu təqdiretmə və cəzalandırmanı hər birimiz (əlbəttə, fərqli şəkildə) öz canımızda hiss edirik. Bəzən deyirik ki, vicdanım bu işdən rahatdır. Bəzən də vicdanımızın kəskin narahat olduğunu dilə gətiririk. Bəzən bu narahatlıq o dərəcədədir ki, yuxu və istirahətimizi əlimizdən alır. Hətta, intihar, dəlilik və psixoloji problemlər kimi xoşagəlməz nəticələrə sürükləyir. “فَرَجَعُوا اِلَى اَنفُسِهِمْ” (5); “Onlar öz-özlərinə qayıtdılar...” – ayəsi də bu mənaya işarədir (6).
Şərh qeydə alınmayıb