Qısa cavab:
Hədislərdən aydın olur ki, “Əraf” səadət və bədbəxtlik kimi iki qütbün, yəni cənnət və cəhənnəmin arasında hicab kimi çəkilmiş xüsusi bir məkandır. Yaxud da, Cənnət və Cəhənnəmin arasında fasilə salan yüksəklikdir. Belə ki, orada dayananlar cənnət və cəhənnəmi görür və hər iki dəstəni müşahidə edir. Ayələrdə Əraf üzərində dayanan insanlar haqqında deyilir ki, onlar cənnətə daxil olmaq arzusundadırlar. Onlar cənnət əhlinə salam göndərir və gözləri cəhənnəm əhlinə sataşanda Allaha pənah aparırlar."
Ətraflı cavab:
“Əraf” əslində hündür yerlərə deyilir. Quran ayələri və İslam rəhbərlərindən nəql olunan hədislərdən başa düşmək olur ki, “Əraf” səadət və bədbəxtlik kimi iki qütbün, yəni cənnət və cəhənnəmin arasında hicab kimi çəkilmiş xüsusi bir məkandır. Yaxud da, Cənnət və Cəhənnəmin arasında fasilə salan yüksəklikdir. Belə ki, orada dayananlar cənnət və cəhənnəmi görür və hər iki dəstəni müşahidə edir. Onların aydın və zülmət simalarından kim olduqlarını anlaya bilirlər.
Görəsən, Ərafın üzərində dayananlar kimlərdir? Əraf əshabı kimlərə deyilir?
“Əraf” surəsinin 46-49-cu ayələrindən başa düşmək olur ki, bu şəxslər üçün iki müxtəlif və bir-birinə zidd xüsusiyyətlər qeyd olunmuşdur:
Birinci və ikinci ayələrdə Əraf üzərində dayanan insanlar belə təqdim olunur: "Onlar cənnətə daxil olmaq arzusundadırlar. Lakin maneələr onların qarşısını alır. Onlar cənnət əhlinə nəzər saldıqda, onlara salam göndərir və onlarla birlikdə olmaq istəyirlər. Amma hələ bunu edə bilmirlər. Onların gözləri cəhənnəm əhlinə sataşanda isə onların taleyindən dəhşətə gəlir və Allaha pənah aparırlar."
Üçüncü və dördüncü ayələrdən isə onların qüdrət və nüfuz sahibləri olduqları başa düşülür. Onlar cəhənnəm əhlini danlayır və məzəmmət edirlər. Ərafda qalanlara isə oradan keçməkdə və səadət mənzilinə çatmaqda yardım göstərirlər.
“Əraf” və “Ərafda olanlar” haqqında nəql olunmuş hədislər də iki ziddiyyətli dəstəni təsvir edir. Əhli-beyt imamlarından (ə) nəql olunmuş hədislərin çoxunda deyilir:
نَحْنُ الاَعْرافُ
“Əraf bizik”.
Yaxud da deyilir:
آلُ مُحَمَّد هُمُ الاَعْرافُ
“Peyğəmbərin xanədanı ərafdır.” (və buna bənzər ifadələr.)
Bəzi hədislərdə də oxuyuruq:
هُمْ اَکْرَمُ الْخَلْقِ عَلَى اللّهِ تَبارَکَ وَ تَعالى
“Onlar Allah-taalanın yanında insanların ən hörmətlisidirlər.”
هُمُ الشُّهَداءُ عَلَى النّاسِ، وَ النَّبِیُّونَ شُهَدائُهُم
“Onlar insanlara şahid, peyğəmbərlər (ə) isə onlara şahiddir.”
Digər hədislər də onların peyğəmbərlər, imamlar, saleh və böyük insanlar olmasından söhbət açır. Amma digər qrupdan olan hədisdə deyilir ki, onlar yaxşılıqları və pislikləri bərabər olan, hamıdan geridə qalmış insanlardır və yaxud, xeyirxah əməlləri olan günahkarlardır. Məsələn, imam Sadiqdən (ə) nəql olunan hədisdə Həzrət buyurur:
هُمْ قَوْمٌ اسْتَوَتْ حَسَناتُهُمْ وَ سَیِّئاتُهُمْ فَاِنْ اَدْخَلَهُمُ النّارَ فَبِذُنُوبِهِمْ وَ اِنْ اَدْخَلَهُمُ الْجَنَّهَ فَبِرَحْمَتِهِ
“Onlar günahları və yaxşı əməlləri bərabər olan insanlardır. Allah-taala onları cəhənnəmə göndərsə, səbəbi günahlarıdır, cənnətə göndərsə, rəhmətinin bərəkətindəndir.”
Əhli-sünnənin təfsir kitablarında Hüzeyfə, Abdullah ibn Abbas, Səid ibn Cübeyr və başqalarından eyni məzmunlu müxtəlif hədislər nəql olunmuşdur.
Həmin təfsir kitablarında da Ərafda dayananların salehlər, fəqihlər, alimlər və yaxud gözlə görünən mələklər olmasına dair sübutlar var. Quran ayələrinin və sözügedən hədislərin zahiri mənalarında ilk baxışdan ziddiyyət nəzərə çarpsa da, sanki bu məsələ təfsirçilərin bu haqda müxtəlif fikirlər yürütmələrinə bais olmuşdur. Amma diqqətlə nəzər saldıqda məlum olur ki, nə ayələr, nə də hədislər arasında heç bir ziddiyyət yoxdur. Onların hamısı eyni həqiqəti çatdırmaq istəyir.
İzah: Qeyd etdiyimiz kimi, ayə və hədislərin toplusundan başa düşmək olur ki, “Əraf” əbədi səadət olan cənnətin yolunda olan və çətin keçilən keçiddir. Təbii ki, güclü insanlar, yəni salehlər və paklar bu keçiddən sürətlə keçərlər. Amma yaxşılıqları və pislikləri bərabər miqdarda olan insanlar bu keçiddə yubanarlar.
Həmçinin, təbiidir ki, tayfaların və ümmətlərin rəhbərləri çətin keçidlərdə dayanarlar. Onlar çətin anlarda qoşunun arxasınca hərəkət edərək bütün əsgərlərin keçməsini gözləyən sərkərdələr kimi orada yubanar, zəif möminlərə yardım üçün tələsər, qurtuluşa layiq olanlar onların imdadlarının nəticəsində xilas olarlar.
Həmin səbəbdən, Əraf torpağında iki qrup insan var. Onlardan biri Allahın mərhəmətinə layiq olan zəiflər və günaha batmışlardır. Digər qrup isə hər yerdə zəiflərin yavəri olan böyük rəhbərlərdir. Buna əsasən, ayə və hədislərin birinci qismi birinci qrup insanlara, ikinci qismi isə ikinci qrup insanlara, yəni rəhbərlərə, peyğəmbərlərə, imamlara və salehlərə işarə edir.
Bəzi hədislərdə bu nəticəni aydın şəkildə görmək mümkündür. Məsələn, Əli ibn İbrahimin təfsir kitabında imam Sadiqdən (ə) belə nəql olunur:
الاَعْرافُ کُثْبَانٌ بَیْنَ الْجَنَّهِ وَ النّارِ وَ الرِّجالُ الاَئِمَّهُ یَقِفُونَ عَلَى الاَعْرافِ مَعَ شِیعَتِهِمْ وَ قَدْ سَبَقَ الْمُوْمِنُونَ اِلَى الْجَنَّهِ بِلا حِساب..
“Əraf Cənnətlə Cəhənnəmin arasında olan bir yüksəklikdir. İmamlar Ərafda (günahkar) şiələrin yanında dayanarlar. (Xalis) möminlər isə hesab-kitaba ehtiyac duyulmadan Cənnətə daxil olarlar.”
İmam (ə) daha sonra əlavə edir: "İmam və rəhbərlər burada öz günahkar davamçılarına deyirlər: “Yaxşı baxın, sizin imanlı qardaşlarınız necə hesabsız cənnətə getdilər. Bu, eynilə Allahın buyurduğudur:
سَلامٌ عَلَیْکُمْ لَمْ یُدْخِلُوها وَ هُمْ یَطْمَعُونَ
Yəni, cənnət əhlinə salam göndərənlərin özləri hələ cənnətə daxil olmamışlar. Onlar bunu arzu edirlər.”"
Sonra onlara deyilir: “Haqqın düşmənlərinin necə atəşdə olmalarına baxın! Bu, Allahın buyurduğu vəddir:
وَ اِذا صُرِفَتْ اَبْصارُهُمْ تِلْقاءَ اَصْحابِ النّارِ قالُوا رَبَّنا لا تَجْعَلْنا مَعَ الْقَوْمِ الظّالِمینَ...
"Sonra cəhənnəm əhlinə deyərlər: "Onlar (günaha aludə olmuş davamçılar) sizin “Heç vaxt ilahi rəhmətə layiq görülməzlər!” dediyiniz insanlardır (Allahın rəhməti necə onlara şamil oldu?).""
İman və saleh əməllərinin nəticəsində əfvə layiq görülmüş qrupdan olan günahkarlara imamlar və rəhbərlər tərəfindən əmr olunur: “Cənnətə tərəf hərəkət edin. Sizin üçün nə bir qorxu, nə də kədər olacaq.”
Eyni məzmunlu hədis əhli-sünnə təfsirlərində Hüzeyfədən və Peyğəmbərdən (s) nəql olunmuşdur.
Diqqət yetirmək lazımdır ki, o biri dünyanın xüsusiyyətləri və qiyamətin təfərrüatı bizim uzaqdan görüb vəsf etdiyimiz ilğım kimidir. Halbuki, o ilğımın bizim həyatla çox böyük fərqi var. Biz yalnız məhdud və aciz sözlərlə ona qısa işarə edə bilirik.
Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də, o biri dünyadakı həyatın bu dünyadakı meyarlar əsasında nəzərdə tutulmasıdır. Əraf barəsində də bunu demək olar. Ona görə ki, bu dünyada insanlar üç qismə bölünür:
1. İman nuru sayəsində kamil mənəvi saflığa çatmış və heç bir mübarizədən qorxmayan həqiqi möminlər.
2. Heç bir yolla düz yola gəlməyən inadkar haqq düşmənləri
3. Çətin keçiddə bu iki dəstənin arasında dayanan üçüncü qrup insanlar. Haqq rəhbərlər əsasən bu qrupdan olan insanları həqiqi möminlərin sırasına daxil etmək üçün onlara xüsusi diqqət göstərirlər. Onların yanında dayanır, əllərindən tutur və Əraf məntəqəsindən xilas edirlər.
Buradan da aydın olur ki, peyğəmbərlər və imamların qiyamət günü bu qrupdan olan insanların işlərinə müdaxilələrinin bu dünyadakı rəhbərlik zəminində müdaxilələri kimi
Allahın mütləq qüdrət və hakimiyyəti ilə heç bir ziddiyyəti yoxdur. Əksinə, onların gördüyü bütün işlər Allahın izn və fərmanı ilədir. (1)
Şərh qeydə alınmayıb