Qısa cavab:
Quran ayəsində deyilir ki, O gün insan öz qardaşından, anasından və atasından, zövcəsindən və oğullarından qaçar. Təfsirlərə görə, insan iman, təqva, Allaha itaət yolunu tutmamış qardaşdan, ata-anadan, zövcə və övladdan qaçır ki, onların talelərinə düçar olmasın.
Bəzi alimlərə görə isə onun qaçması ona görədir ki, olmaya yaxınlarının onun boynunda haqqı olsun və onu tələb etmək istəsinlər və o da, bu haqqı qaytarmaqdan qorxur.
Ətraflı cavab:
Bu sualın cavabını “Əbəsə” surəsinin 34-37-ci ayələrində tapmaq olar. Allah-taala buyurur:
یَوْمَ یَفِرُّ الْمَرْءُ مِنْ اَخِیهِ
"O gün insan öz qardaşından"
Bu qardaş can ilə bərabər tutulan, heç yerdə yaddan çıxmayan qardaşdır. Bu gün ondan qaçılır.
وَ اُمِّهِ وَ اَبِیهِ
"Anasından və atasından;"
وَ صاحِبَتِهِ وَ بَنِیهِ
"Zövcəsindən və oğullarından qaçar."
İnsan orda nəinki öz yaxın qohumlarını, yəni qardaş, ata-ana və övladını unudur, hətta onlardan qaçıb uzaqlaşır. Bu məsələ göstərir ki, məhşərin qorxu və dəhşəti o qədər çoxdur ki, insanı bütün bağlılıq və qohumluq əlaqələrindən ayırır.
Bu ananı o sevib əzizləyirdi.
Bu ataya böyük hörmət bəsləyirdi.
Bu həyat yoldaşını çox sevirdi.
Bu övladlar onun qəlbinin meyvələri, gözlərinin nuru sayılırdı.
Bəzi alimlərə görə, insan iman, təqva, Allaha itaət yolunu tutmamış qardaşdan, ata-anadan, zövcə və övladdan qaçır ki, onların talelərinə düçar olmasın.
Digər alimlərə görə isə onun qaçması ona görədir ki, olmaya yaxınlarının onun boynunda haqqı olsun və onu tələb etmək istəsinlər və o da, bu haqqı qaytarmaqdan qorxur.
Bu üç təfsirin arasında birinci təfsir daha məqsədə uyğundur. Baxmayaraq ki, onları bir yerə toplamaq da mümkündür.
Sual oluna bilər ki, nə üçün əvvəlcə qardaşdan, sonra ana, ata, daha sonra isə həyat yoldaşından və sonda övladlardan söz açılır?
Bir qrup təfsirçi hesab edir ki, onlar ayədə aşağı mərhələdən yuxarıya doğru sıraya düzülmüşlər və fəsahət-bəlağət də bunu tələb edir: Əvvəlcə buyurur ki, insan öz qardaşından qaçır, sonra anasından və atasından, daha sonra zövcə və övladlarından.
Lakin insanların hamısının bu beş qrupla münasibətdə eyni olmadığını nəzərə alsaq ümumi bir qayda əldə etmək mümkün deyil. Çünki bəzən insanın həyatında qardaş daha böyük rol oynayır və hamıdan daha çox sevilir. Bəzən həyat yoldaşı və ya övladların rolu daha böyükdür. Sözsüz ki, insanın bu beş qrupla bağlılığının əhəmiyyəti ilə bağlı çox danışmaq olar, lakin mütləq şəkildə onlardan birini digərinə – hər bir baxımdan, xüsusilə də ayədə qeyd olunan şəkildə − üstün tutmaq olmaz. Bu səbəbdən yuxarıdakı sıralanma əhəmiyyət kəsb etmir.
Sonrakı ayədə bu fərarın səbəbi açıqlanır:
لِکُلِّ امْرِئ مِنْهُمْ یَوْمَئِذ شَاْنٌ یُغْنِیهِ
"O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır."
Ayədə “yuğnihi” (ehtiyacsız edər) ifadəsi çox zərif bir bənzətmə ilə bir həqiqətə toxunur ki, həmin gün insanın başı özünə çox qarışacaqdır və başqasının işinə vaxt ayırmağa əsla imkanı olmayacaq. Hadisələr o qədər ciddi və dəhşətlidir ki, onun bütün fikrini, diqqətini özünə ayırmaq üçün kifayət edir.
Hədislərin birində nəql olunur ki, Peyğəmbərin (səllallahu əleyhi və alih) qohumlarından bir neçəsi ondan soruşdular:
−Qiyamət günü insanın səmimi dostu onun yadına düşürmü?
Peyğəmbər (səllallahu əleyhi və alih):
−Üç dayanacaqda heç kəs heç kəsin yadına düşməyəcək:
Birincisi, əməllər Mizan tərəzisində çəkilərkən. Bu vaxt fikirlər əməllərinin ağır və ya yüngül gəlməsində olacaqdır.
Sonra Siratdan keçən zaman. Hamı Siratdan keçib keçməyəcəyi barədə düşünəcək.
Daha sonra isə əməl dəftərləri insanların əllərinə verilərkən. Bu zaman hamı dəftərin sağ və ya sol əlinə veriləcəyi haqqında düşünəcək və nigaranlıq keçirəcək.
Bu üç dayanacaqda heç kəs heç kəsin yadına düşməyəcək, nə səmimi dost, nə mehriban rəfiq, nə yaxınlar, nə sadiq dostlar, nə övladlar, nə də ata-ana. Bu Allahın verdiyi vədədir:
Həmin gün hər kəsin başı kifayət qədər öz işlərinə qarışacaq. (1)
Şərh qeydə alınmayıb