Qısa cavab:
Quran ayələrinə görə Yer möhkəm bir-birinə çırpılıb parça-parça olacaq.Bir sözlə, bu ifadə dünyanın sonunda və axirətin başlanğıcında çoxsaylı zəlzələlərin və insanları sarsıdan hadisələrin baş verəcəyindən xəbər verir. Dağlar bir-birinə çırpılır, yerlə yeksan olur. Qiyamət gününün birinci mərhələsi sona çatdıqdan yəni - dünyanın viran olmasından sonra ikinci mərhələ başlayır. İnsanlar hamılıqla həyata qayıdır və İlahinin ədalət məhkəmsinə hazırlanırlar.
Ətraflı cavab:
Qurani-Kərim “Fəcr” surəsinin 21-26-cı ayələrində Qiyamət gününün hadisələrinə toxunaraq buyurur:
اِذا دُکَّتِ الاَرْضُ دَکّاً دَکّاً
"Yerin möhkəm bir-birinə çırpılıb parça-parça olacağı zaman"
“Dəkk” sözü lüğətdə yumşaq və hamar yer mənasında istifadə olunurdu. Sonralar isə “yüksəklik və binaları yerlə yeksan etmək” mənasında işlənməyə başladı. “Dükkan” düz, çala-çuxur olmayan bir yerə deyilir. “Dəkkə” əyləşmək üçün düzəldilib hazırlanmış səkiyə deyilir.
Sözügedən ayədə “dəkkə” sözünün təkrar edilməsi təkid üçündür.
Bir sözlə, bu ifadə dünyanın sonunda və axirətin başlanğıcında çoxsaylı zəlzələlərin və insanları sarsıdan hadisələrin baş verəcəyindən xəbər verir. Dağlar bir-birinə çırpılır, yerlə yeksan olur. Bu barədə “Taha” surəsinin 105-107-ci ayələrində buyurulur:
وَ یَسْئَلُونَکَ عَنِ الْجِبالِ فَقُلْ یَنْسِفُها رَبِّی نَسْفاً * فَیَذَرُها قاعاً صَفْصَفاً * لاتَرى فِیها عِوَجاً وَ لا اَمْتاً
“Və səndən dağlar barəsində soruşurlar. De: “Rəbbim onları küləyə verəcəkdir.” Beləliklə, yeri hamar, dümdüz, bitkisiz və susuz bir hala salacaqdır. Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.”
Qiyamət gününün birinci mərhələsi sona çatdıqdan yəni - dünyanın viran olmasından sonra ikinci mərhələ başlayır. İnsanlar hamılıqla həyata qayıdır və İlahinin ədalət məhkəmsinə hazırlanırlar.
وَ جاءَ رَبُّکَ وَ الْمَلَکُ صَفّاً صَفّاً
"O vaxt Rəbbin(in fərmanı) gələr və mələklər səf-səf gələrlər."
Mələklər Haqqın fərmanını yerinə yetirmək üçün Məhşərdə olanları dövrəyə alarlar.
Bütün bunlar hamısı o böyük günün əzəmətini və eyni zamanda insanın ədalət qarşısında acizliyini təsvir edir.
“Rəbbin gələr” dedikdə yaradılmışları hesab-kitaba çəkmək üçün Allahın fərmanının gəlməsi nəzərdə tutulur.
Yaxud da, Allahın əzəmət və nişanələrinin aşkar olması nəzərdə tutulur.
Həmçinin: “Rəbbin gəlməsi”ndə məqsəd onun həmin gün tanınmasıdır. Belə ki, heç bir kəs üçün inkara yer qalmayacaq. Sanki, hamı öz gözü ilə Onun misilsiz zatını müşahidə edəcəkdir.
Hər halda aydındır ki, Allahın “gəlməsi” öz həqiqi mənasında işlənməmişdir. Əks təqdirdə Onun cisim olmasını və bir məkandan digər məkana yerdəyişməsini tələb edərdi. Allah-taala cisim və cismin xüsusiyyətlərindən uzaqdır.
“Nəhl” surəsinin 33-cü ayəsi də yuxarıdakı açıqlamanı təsdiqləyir:
هَلْ یَنْظُرُونَ اِلاّ اَنْ تَاْتِیَهُمُ الْمَلائِکَهُ اَوْ یَاْتِىَ اَمْرُ رَبِّکَ
"Məgər mələyin, yaxud Rəbbinin fərmanının onların sorağına gəlməsindən başqa bir şey gözləyirlər?!"
“Səffən-səffa” ifadəsi mələklərin müxtəlif sıralarla Məhşərə daxil olacaqlarına işarədir.
Ehtimala görə hər səmanın mələkləri bir cərgədə dayanacaq və Məhşər əhlini hər tərəfdən mühasirəyə alacaqlar.
Daha sonra buyurur:
وَ جِیءَ یَوْمَئِذ بِجَهَنَّمَ یَوْمَئِذ یَتَذَکَّرُ الاْنْسانُ وَ اَنّى لَهُ الذِّکْرى
"Və Cəhənnəmin gətiriləcəyi gün – məhz o gün – insan xatırlayar, amma bu xatırlamanın ona heç bir faydası yoxdur."
Bu cümlədən belə başa düşmək olar ki, cəhənnəmin hərəkətə gətirilməsi mümkündür. Onu günahkarlara yaxınlaşdırarlar. Belə ki, “Şüəra” surəsinin 90-cı ayəsində Cənnət haqqında oxuyuruq:
وَ اُزْلِفَتِ الْجَنَّهُ لِلْمُتَّقِیْنَ
"(O gün) Cənnət təqvalılara yaxınlaşdırılar."
Bəziləri cümləni məcazi mənaya yozaraq ayədə cənnət və cəhənnəmin hərəkətini onların xeyirxah və pis insanların gözləri önündə aşkar olacağı kimi təfsir etmişlər. Lakin ayənin zahiri mənasının əksinə olan bu izah üçün sübutumuz yoxdur. Əksinə daha yaxşı olar ki, ayəni öz zahiri mənasına təfsir edək. Çünki qiyamətin gerçəkləri bizə dəqiqliklə aydın deyil. Oraya hakim olan şəraitin bu dünya ilə əsaslı şəkildə fərqləri vardır. Həmin gün Cənnət və Cəhənnəmin yerlərinin dəyişəcəklərinə heç bir maneə yoxdur. (1)
Şərh qeydə alınmayıb