Qısa cavab:
Sözü gedən ayələrdə qiyamət günü belə təsvir olunur: “Döyəcləyən hadisə! Nə qədər döyəcləyən hadisə! Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.”
Ətraflı cavab:
Qurani-kərim “Qariə” surəsinin 1-5-ci ayələrində Qiyamət günündən söhbət açaraq, ilk ayədə buyurur:
الْقارِعَهُ
"Döyəcləyən hadisə!"
مَا الْقارِعَهُ
"Nə qədər döyəcləyən hadisə!"
وَ ما اَدْراکَ مَا الْقارِعَهُ
"Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir?"
“Qariə” sözü “qər” kökündən götürülmüş, "bir şeylə başqa bir şeyi döyəcləmək" mənasında işlənir. Belə ki, döyəcləyən zaman ondan şiddətli səs çıxır. Şallaq və çəkici də həmin səbəbə görə “miqrəə” adlandırırlar. Hətta bütün əhəmiyyətli və çətin hadisələrə də “qariə” deyilir. (Burada qadın cinsini çatdıran “ta” təkid üçün ola bilər.)
İkinci və üçüncü ayələrdə hətta həzrət peyğəmbərə (s) :“Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir?” – deyə müraciət olunur. Aydın olur ki, sözügedən bu hadisə heç kəsin təsəvvür edə bilməyəcəyi qədər dəhşətlidir. Yaxud da məqsəd ikinci mərhələ, yəni "ölülərin diriləcəyi mərhələ" –varlıq aləminin yeni düzümüdür. Onun “döyəcləyən” adlandırılması həmin günün dəhşət və qorxusunun ürəkləri döyəcləyəcəyindən, təlatümə gətirməsindən xəbər verir.
Daha sonra yer alan ayələrin bəzisi dünyanın dağılması hadisəsi ilə bağlıdır. Bəzisi isə ölülərin dirilməsi haqqındadır. Üst-üstə toplasaq, birinci ehtimal daha mütənasib görünür. Baxmayaraq ki, sözügedən ayələrdə (Quranın Qiyamətdən söz açan digər ayələrində olduğu kimi) hər iki hadisə bir-birinin ardınca qeyd olunur.
Bu yerində həmin heyrətamiz gün belə təsvir olunur:
یَوْمَ یَکُونُ النّاسُ کَالْفَراشِ الْمَبْثُوثِ
"O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər."
“Fəraş” sözü “fəraşə” sözünün cəm formasıdır. Çoxları onun kəpənək mənasında olduğuna inanırlar. Bəziləri isə onu çəyirtkə mənasına təfsir etmişlər. Bəlkə də bu məna “Qəmər” surəsinin 7-ci ayəsində insanların həmin gün ətrafa səpələnən çəyirtkələrə bənzədilməsindən irəli gəlmişdir.
کَاَنَّهُمْ جَرادٌ مُّنْتَشِرٌ
"Gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar."
Çünki bu sözün lüğəvi mənası “kəpənək”dir.
Söz yox ki, onların kəpənəyə bənzədilməsi adətən kəpənəklərin özlərini divanə kimi oda atıb yandırmalarına görədir. Pis əməl sahibləri də özlərini cəhənnəm atəşinə atacaqlar.
Bu ehtimalı da etmək olar ki, bu formada kəpənəyə bənzətmə həmin gün bütün insanlara hakim olan özünə məxsus heyrət və sərgərdanlığa işarədir.
Amma “fəraş” sözünün çəyirtkə mənasında işlənməsində məqsəd, uçan heyvanların əksəriyyətinin kollektiv hərəkət zamanı eyni istiqamətdə uçarkən, çəyirtkələrin birlikdə uçarkən müəyyən dağınıq şəkildə hərəkətinə işarədir.
Daha sonra həmin günün daha bir hadisəsini açıqlayaraq buyurur:
وَ تَکُونُ الْجِبالُ کَالْعِهْنِ الْمَنْفُوشِ
"Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır."
“İhn” sözü rəngarəng yun deməkdir. “Mənfuş” isə “nəfş” kökündən götürülmüşdür və yunu açmaq mənasında işlənir. Adətən yun çırpmaqla və xüsusi alətlərlə didilərək açılır.
Bildiyimiz kimi, Quranın müxtəlif ayələrində dağlar Qiyamət astanasında ilk öncə hərəkətə gələr, sonra parçalanaraq tamamilə dağılarlar. Sonra havada toz şəklinə düşərlər. Sözügedən ayədə isə dağlar rəngli, didilmiş yuna bənzədilir. Bu yunlar küləklə birlikdə hərəkət edir və onların yalnız rəngi gözə dəyir. Bu, dağların dağılmasının son mərhələsidir.
Bu ibarə dağların müxtəlif rənglərinə də işarə ola bilər. Belə ki, yer üzündə olan dağların hər birinin özünə məxsus rəngi var.
Hər halda bu cümlə təsdiq edir ki, yuxarıdakı ayələr Qiyamətin ilk mərhələsindən, yəni, dünyanın dağılıb sona çatmasından bəhs edir. (1)
Şərh qeydə alınmayıb