Qısa cavab:
Ayələrdən aydın olur ki, insanın əməlləri bir neçə kitabda qeydə alınır. Birinci kitab, şəxsi əməl dəftəridir. İkinci kitab, hər bir ümmətin əməl dəftəridir. Üçüncü kitab, əhatəli və ümumi kitab sayılan Lövhi-məhfuzdur.
Ətraflı cavab:
Qurani-kərimin ayələrindən belə başa düşmək olur ki, insanın əməlləri bir neçə kitabda qeydə alınır. Bu, onun üçündür ki, hesab çəkilərkən hər hansı üzr və bəhanəyə yer qalmasın.
Birinci kitab, şəxsi əməl dəftəridir. Bu kitabda bir insanın ömrü boyu etdikləri qeyd olunur. Quranı-kərim buyurur:
اقْرَاْ کِتابَکَ کَفى بِنَفْسِکَ الْیَوْمَ عَلَیْکَ حَسِیباً
"(Qiyamət günü hamıya deyilər:) “Öz kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.” (1)
Məhz burada günahkarların fəryadları göyə ucalacaq və onlar deyəcəklər:
وَ یَقُولُونَ یا وَیْلَتَنا ما لِهذَا الْکِتابِ لایُغادِرُ صَغِیرَهً وَ لا کَبِیرَهً اِلاّ اَحْصاها
"Və onlar deyərlər: “Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!”" (2)
"Bu həmin kitabdır ki, yaxşı əməl sahibləri onu sağ əllərinə və pis əməl sahibləri onu sol əllərinə alarlar." (3)
İkinci kitab, hər bir ümmətin əməl dəftəridir. Bu kitabda onların ictimai həyatının tutduğu yol bəyan olunur. Belə ki, Qurani-kərimdə buyurulur:
کُلُّ اُمَّه تُدْعى اِلى کِتابِها
"Hər bir ümmət öz kitabına tərəf çağırılacaq." (4)
Üçüncü kitab, əhatəli və ümumi kitab sayılan Lövhi-məhfuzdur. Bu kitabda əvvəldən axıra kimi bütün insanların ayrı-ayrılıqda əməllərindən əlavə, dünyada baş verən bütün hadisələr qeyd olunmuşdur. Bu da o əzəmətli gündə insanın gördüyü işlərin digər şahididir. Həqiqətdə hesab çəkən, mükafat və cəza verən mələklər üçün rəhbərdir. (5)
Şərh qeydə alınmayıb