Qısa cavab:
Bərzəx həyatını qəbul etməmək mümkün deyil. Çünki hədislərdə ona çox işarə olunmuşdur və əqli dəlillər baxımından da heç bir maneəsi yoxdur. Lakin insanın oradakı ruh və bədəninin necə olacağı barədə yekdil fikir yoxdur. Din alimləri bu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Bu qədər məlumdur ki, insanın ruhu bu dünya həyatı sona çatandan sonra lətif (zərif) bir bədənə daxil olur. O bədən hər cəhətdən bu bədənə bənzədiyinə görə ona “misalı qəlib” və yaxud “misalı bədən” deyilir. Bu bədən nə mücərrəddir, nə də tamamilə maddidir. Onun bir növ bərzəxə xass mücərrədliyi var.
Ətraflı cavab:
Bərzəx həyatı haqqında müxtəlif təsvirlər var. Onların ən aydını budur ki, insanın ruhu bu dünya həyatı sona çatandan sonra lətif (zərif) bir bədənə daxil olur. Belə ki, bu natəmiz maddənin fəsadlarının çoxundan xalidir. Hər cəhətdən bu bədənə bənzədiyinə görə ona “misalı qəlib” və yaxud “misalı bədən” deyilir. Bu bədən nə mücərrəddir, nə də tamamilə maddidir. Onun bir növ bərzəxə xass mücərrədliyi var.
Bəzi təhqiqatçılar onu yuxu zamanı ruhun vəziyyətinə bənzədirlər. Həmin vəziyyətdə ruh müəyyən nemətləri müşahidə etməklə onlardan həqiqi zövq ala da bilər. Yaxud, dəhşətli olayları görməklə əziyyət çəkə və qəmlənə bilər. Belə ki, yuxuda baş verənlərə olan reaksiyası bu bədənində öz əksini tapır. İnsan dəhşətli yuxuları görərkən qışqırıb bağırır, yerində qıvrılır, bədənini tər basır.
Bəzi alimlərə görə ruh yuxu halında misalı qəlib vasitəsilə fəaliyyət göstərir. Hətta onlara görə güclü ruh ayıq olan zamanda da sözügedən bərzəx mücərrədliyinə çata bilər. Yəni, bədəndən ayrılıb sözügedən misalı bədəndə öz istəyi ilə və yaxud yuxu vasitəsilə dünyanı seyr edib müəyyən hadisələrdən xəbərdar ola bilər.
Bəzi alimlər birmənalı şəkildə hesab edirlər ki, misalı qəlib hər insanın bədənində var. Bu qəlib ölüm zamanı və bərzəx həyatının başlanğıcında bədəndən ayrılır və bəzən hazırkı maddi dünya həyatında da bu ayrılmağa nail ola bilir.
Bu xüsusiyyətlərin hamısını misalı qəlib haqqında qəbul etməsək belə, bərzəx həyatının özünü rədd etmək mümkün deyil. Çünki hədislərdə ona çox işarə olunmuşdur və əqli dəlillər baxımından da heç bir maneəsi yoxdur. (1)
Şərh qeydə alınmayıb