Qısa cavab:
Qurani-Kərimə görə, çox insanlar fiziki cəhətdən sağ olsalar da ölülərin sırasındadırlar. Tam əksinə, şəhidlər kimi zahirdə ölü amma əbədi sağ insanlar da var. Zahirdə yaşayan amma nəfsani istəklər içində itib-batan, məzlumun naləsini, haqqın nidasını eşitməyən, yoxsul və kimsəsizlərin üzünü, Allahın varlıq aləmindəki əzəmətini görməyən, bir an belə öz keçmiş və gələcəyi haqda fikirləşməyən bir insan Quran məntiqində “ölü” sayılır.
Ətraflı cavab:
Sözlərin çoxu baxış fərqliliyinə görə müxtəlif formada qavranılır. O cümlədən, “həyat” və “ölüm” sözləri maddi baxışda yalnız fizioloji yaşamaq və ölümdən ibarətdir. Yəni ürək döyünürsə, qan bədən üzvlərinə çatırsa, insanın orqanizmində hiss, hərəkət, qəbul və ifraz varsa, sağdır. Amma bu hərəkətlərin sönməyi tam ölüm deməkdir. Bir anda kiçik bir analizlə onu başa düşmək mümkündür.
Lakin Qurana görə, çox insanlar fiziki cəhətdən sağ olsalar da ölülərin sırasındadırlar. Tam əksinə, şəhidlər kimi zahirdə ölü amma əbədi sağ insanlar da var.
Bu fərqli yanaşmanın səbəbi İslam dininin insanın şəxsiyyət və sağlığının meyarını mənəvi və ruhani dəyərlərdə görməsidir. Bundan əlavə İslam dini təsir və faydanın varlığını həyatın olub-olmamasında meyar sayır.
Zahirdə yaşayan amma nəfsani istəklər içində itib-batan, məzlumun naləsini, haqqın nidasını eşitməyən, yoxsul və kimsəsizlərin üzünü, Allahın varlıq aləmindəki əzəmətini görməyən, bir an belə öz keçmiş və gələcəyi haqda fikirləşməyən bir insan Quran məntiqində “ölü” sayılır. Amma ölərkən dünyada dərin iz buraxıb gedən, fikirləri, tərzi-xətti, yolu insanlara rəhbər və nümunə olan insanlar əbədi diridirlər.
Bundan əlavə, əlimizdə olan dəlil və faktlara əsasən İslam dininə görə insanları Bərzəx həyatı gözləyir. “Nəhcül-bəlağənin” "qısa kəlamlar" bölməsində 130-cü hədisdə nəql olunur ki, Əli (əleyhis-salam) “Siffeyn” döyüşündən qayıdarkən, Kufə şəhərinin yaxınlığında şəhər darvazasından çöldəki qəbiristanlığa çatanda üzünü qəbirlərə tutub dünyanın fani olmasından danışdı. Daha sonra buyurdu:
اَمَا لَوْ اُذِنَ لَهُمْ فِی الْکَلامِ لاَ َخْبَرُوکُمْ اَنَّ خَیْرَ الزَّادِ التَّقْوى
“Onlara danışmaq üçün icazə verilsəydi, mütləq sizə deyərdilər ki, bu səfərdə sizin üçün ən yaxşı azuqə təqvadır.”
Bu, özü də bir dəlildir ki, onlar sözləri eşitməyə və cavab verməyə qadir olsalar da, buna icazələri yoxdur. (1)
Şərh qeydə alınmayıb