Qısa cavab:
“Əbrar” geniş ruhiyyəsi, yüksək ciddi-cəhdi, müsbət etiqadı və əməli olan insanlara deyilir. “Müqərrəblər” isə məqamları Allah dərgahında yaxın olan insanlara deyilir.
Ətraflı cavab:
Qurani-kərimin ayələrində “əbrar” və “müqərrəblər”dən, onların yüksək məqamlarından və böyük mükafatlarından dönə-dönə söz açılır. Belə ki, “Ali-İmran” surəsinin 193-cü ayəsində “Ulul-əlbab” (güclü düşüncə sahibləri) ömürlərinin sonunda əbrarla birlikdə olmalarını diləyirlər:
وَ تَوَفَّنا مَعَ الاَبْرارِ
"Bizi yaxşı əməl sahiblərinin sırasında öldür!"
“Dəhr” surəsinin ayələri də onları gözləyən mühüm mükafatlardan bəhs edir. (1)
Həmçinin, “İnfitar” surəsinin 13-cü ayəsində və “Mutəffifin” surəsinin ayələrində dəfələrlə Allahın onlara olan lütfkarlıqlarından söz açılır.
“Əbrar” sözü “bərr” sözünün cəm formasıdır. “Əbrar” geniş ruhiyyəsi, yüksək ciddi-cəhdi, müsbət etiqadı və əməli olan insanlara deyilir. “Müqərrəblər” isə məqamları Allah dərgahında yaxın olan insanlara deyilir. Zahirən bu iki sifətin biri digərinə daxildir. Yəni müqərrəblərin hamısı əbrar (yaxşı əməl sahibləri) olsa da, əbrarın hamısı müqərrəblər sırasında deyildir.
Bir hədisdə İmam Həsəndən (əleyhis-salam) belə nəql olunur:
کُلُّما فِى کِتابِ اللّهِ عَزَّوَجَلَّ مِنْ قَوْلِهِ اِنَّ الاَبْرارَ فَوَ اللّهِ ما اَرادِ بِهِ اِلاّ عَلِىَّ بْنِ اَبِى طالِبِ وَ فاطِمَهَ وَ اَنَا وَ الْحُسَیْنَ
“Qurani-kərimin harasında “Əbrar”dan söz açılırsa, Allaha and olsun, pərvərdigarın məqsədi Əli ibn Əbu Talib, Fatimə, mən və Hüseyndir.”
Şübhəsiz, "pak beşlik", o beş müqəddəs nur əbrar və müqərrəblərin ən bariz nümunələrindəndir. “Dəhr” surəsinin təfsirində qeyd etdiyimiz kimi bu surə əsas etibarı ilə Əmirəl-möminin Əlidən (əleyhis-salam), Fatimə, Həsən və Hüseyndən (əleyhimus-salam) bəhs edir. Onun on səkkiz ayəsi onların fəzilətlərindən söz açır. Buna baxmayaraq ayələrin onların haqqında nazil olması ayələrin mənasının ümumiliyinə və genişliyinə mane olmur. (2)
Şərh qeydə alınmayıb