Qısa cavab:
Qurani-kərimin “Duxan” surəsinin 34-36-cı ayələrində oxuyuruq:
"Onlar (müşriklər) deyirlər: “Bizim ölümümüz yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik!""
“Ənam” surəsinin 29-cu ayəsinə də deyilir:
"Onlar dedilər: “Bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik!"”.
Ətraflı cavab:
Qurani-kərim “Duxan” surəsinin 34-36-cı ayələrində müşriklərdən söz açaraq onların axirət məsələsində tərəddüd etdiklərini bu şəkildə təqdim edir:
اِنَّ هوُلاءِ لَیَقُولُونَ
"Onlar (müşriklər) deyirlər:
اِنْ هِىَ اِلاّ مَوْتَتُنَا الاْولى وَ ما نَحْنُ بِمُنْشَرینَ
“Bizim ölümümüz yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik!""
Buna görə də, Məhəmməd axirət və ölüm, sonrakı həyat, mükafat və cəza, Cənnət və Cəhənnəm haqqında hər nə deyirsə, heç biri həqiqətə uyğun deyil. Ümumiyyətlə yenidən dirilmək və hesab-kitab məsələsi yoxdur.
Burada belə bir sual meydana çıxır ki, nə üçün müşriklər yalnız birinci ölümə əsaslanırlar? Bu o deməkdir ki, bu ölümdən sonra başqa bir ölüm olmayacaq. Halbuki, onların məqsədi ikinci ölümü deyil, ölümdən sonrakı həyatı rədd etmək idi. Başqa sözlə desək, peyğəmbərlər ölümdən sonrakı həyat barəsində xəbər verirdilər, ikinci ölümdən yox.
Cavab veririk: Məqsəd budur ki, ölümdən sonra heç nə baş verməyəcək. Yəni, biz yalnız bir dəfə öləcəyik və bununla da hər şey bitəcək. Ondan sonra nə başqa həyat var, nə də başqa ölüm. Nə varsa, həmin bir ölümdən ibarətdir.
Həqiqətdə bu ayədə “Ənam” surəsinin 29-cu ayəsinə böyük bənzərlik var. Həmin ayədə deyilir:
وَ قالُوا اِنْ هِىَ اِلاّ حَیاتُنا الدُّنْیا وَ ما نَحْنُ بِمَبْعُوثینَ
"Onlar dedilər: “Bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik!"”.
Daha sonra onların öz iddialarını sübut etmək üçün necə əsassız və puç dəlillər gətirdiklərindən söz açılır:
فَاْتُوا بِآبائِنا اِنْ کُنْتُمْ صادِقِینَ
“Düz deyirsinizsə (ki, ölümdən sonra həyat var, onda), bizim atalarımızı (dirildib) gətirin ki, sizin sözlərinizin düz olmasına şahid olsunlar."”
Bəzi alimlər nəql edir ki, bu sözləri deyən Əbu Cəhl idi. O, üzünü Peyğəmbərə (sallallahu əleyhi və alih) tutub dedi: “Düz deyirsənsə, baban Qusey ibn Kilabı dirilt. O, düz danışan kişi idi. Biz ondan ölümdən sonra nə baş verdiyini soruşarıq.”
Bu sözlərin hamısının bəhanə olması gün kimi aydındır. Allahın qoyduğu sünnə (qanun) belədir ki, o dünyanın xəbərlərini bu dünyaya gətirmək üçün ölüləri bu dünyada ikinci dəfə diriltmir. Hətta Peyğəmbərin (sallallahu əleyhi və alih) tərəfindən belə bir işin baş verdiyini fərz etsək belə, yenə də bu bəhanə axtaranlar yeni nəğmələr qoşacaq və onu misal üçün yeni bir sehrbazlıq adlandıracaqdılar. Belə ki, onlar bir neçə dəfə ondan öncə də Həzrətdən möcüzə tələb etmişdilər. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) möcüzə göstərsə də, onlar qəbul etməmişdilər. (1)
Şərh qeydə alınmayıb