Qısa cavab:
Qurani-Kərimdə axirəti inkar edənlərin dilindən deyilir: “Məgər biz öləndən, torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” Sonrakı ayə onların cavabını bəyan edərək buyurur: De: “Sizə müvəkkil olan ölüm mələyi sizin ruhunuzu bədəninizdən alar, sonra öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”
Yəni təsəvvür etməyin ki, sizin şəxsiyyətiniz sizin cismani bədəninizdən ibarətdir. Əksinə sizin şəxsiyyətinizin əsas hissəsini ruh təşkil edir. Ruh əbədidir.
Ətraflı cavab:
Bu suala “Səcdə” surəsinin 10 və 11-ci ayələrindən cavab almaq olar. Allah-taala buyurur:
وَ قَالُوا اَاِذا ظَلَلْنا فِى الاْرْضِ اَاِنّا لَفى خَلْق جَدید
"Onlar dedilər: “Məgər biz öləndən, torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!”"
“Torpaqda yox olmaq” (ظَلَلْنا فِى الاْرْضِ) ifadəsi insanın ölümdən sonra adi bir torpağa çevrilməsi məsələsinə toxunur. İnsan torpağa qarışarkən onun hər zərrəsi təbii və qeyri-təbii amillərin təsiri altında bir tərəfə dağılır. Qiyamət günü qaytarmaq üçün onun vücudundan heç nə qalmır.
Amma onlar daha doğrusu Allahın qüdrətini deyil Allahla görüşü inkar edirlər:
بَلْ هُمْ بِلِقاءِ رَبّهِمْ کافِرُونَ
"Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər."
Onlar istəyirlər ki, Allahla görüş mərhələsini yəni, hesab-kitab, savab və cəza mərhələsini inkar etməklə əməldə azadlıq əldə edib nə istəyirlərsə, onu da etsinlər. Bu baxımdan onlar mübahisə baxımından ləngimirlər. Onların nəfsani istəkləri ürəklərinin üzərinə pərdə çəkmişdir. Bəd niyyətləri axirət məsələsini qəbul etməkdə mane olur. Yoxsa, maqnit parçasına bir dəfə dolandırmaqla tonlarla torpağın içində itib-batmış xırda dəmir parçalarını asanlıqla cəzb edib yığmaq qabiliyyəti verən Allah, insanın da bədəninin zərrələrində belə bir cazibə qüvvəsi yarada bilər.
Bir insanın bədənində olan, hər hissəsi məsələn, min il bundan öncə dünyanın bir guşəsində səpələnmiş, hər damcısı bir okeanda və hər zərrəsi bir qitədə olan, sonra bulud, yağış və digər təbii amillər nəticəsində bir yerə toplanan, daha sonda insanın vücudunu təşkil edən su və qida maddələri dağılandan və əvvəlki vəziyyətinə qayıdandan sonra yenidən bir gün yığıla və bir-birinə qovuşa bilər? Kim inkar edə bilər?
Sonrakı ayə onların cavabını başqa formada bəyan edərək buyurur: Təsəvvür etməyin ki, sizin şəxsiyyətiniz sizin cismani bədəninizdən ibarətdir. Əksinə sizin şəxsiyyətinizin əsas hissəsini ruh təşkil edir. Ruh əbədidir.
قُلْ یَتَوفّاکُمْ مَلَکُ الْمَوْتِ الَّذى وُکِّلَ بِکُمْ ثُمَّ اِلى رَبِّکُمْ تُرْجَعُونَ
"De: “Sizə müvəkkil olan ölüm mələyi sizin ruhunuzu bədəninizdən alar, sonra öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”"
Doğrudur ki, Quran cismani məaddan söz açır, ruhun və maddi bədənin qayıtmasını məadda qəti hesab edir. Amma yuxarıdakı ayədə məqsəd bu həqiqəti bəyan etməkdir ki, insan şəxsiyyətinin əsası onun bütün fikrini özünə məşğul edən bu maddi bədən üzvləri deyil. Əsas məsələ Allahdan gələn və ona tərəf qayıdacaq ruhdur.
Bəhsimizi belə yekunlaşdırmaq olar ki, yuxarıdakı iki ayə axirəti inkar edənlərə belə cavab verir:
Əgər sizin müşkülünüz cismani hissələrin dağılıb səpələnməyidirsə, Allahın qüdrət və imkanlarını özünüz də qəbul edirsiniz. Xeyr, bu dağıntı nəticəsində insanın şəxsiyyətinin itib yox olmasıdırsa, o da doğru deyil. Çünki insanın şəxsiyyətinin əsasını onun ruhu təşkil edir. (1)
Şərh qeydə alınmayıb