Qısa cavab:
“Vaqiə” surəsinin 68-69-cu ayəsində bu suala cavab verilir: “Heç içdiyiniz su haqqında fikirləşmişsinizmi? Onu buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?” Başa düşmək olar ki, Günəş bir il ərzində fəaliyyətini saxlasa, küləklər hərəkətdən dayansa, atmosferin yuxarı təbəqələri buxarı özündə saxlasa və bitkilər su üzü görməzsə, insanlar susuzluqdan həlak olar, heyvanlar tələf olub gedər, bağlar və əkin sahələri quruyar. Bunun özü də, bir növ ölülərin dirildilməsidir. Ölü torpaqların dirildilməsi və onlara can verilməsi, həm Allahın əzəməti və yeganəliyinə, həm də Qiyamət gününün haqq olmasına əyani bir sübutdur.
Ətraflı cavab:
Bu sualın cavabı “Vaqiə” surəsinin 68-69-cu ayəsində verilmişdir. Ayədə deyilir:
اَفَرَاَیْتُمُ الْماءَ الَّذِی تَشْرَبُونَ
“Heç içdiyiniz su haqqında fikirləşmişsinizmi?”
اَاَنْتُمْ اَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُونَ
“Onu buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?”
Rağib İsfahaninin “Mufrədat” kitabında qeyd etdiyi kimi “muzn” kəlməsi “açıq bulud” mənasındadır. Bəzi alimlər isə, onu “yağmurlu bulud” mənasında bəyan etmişlər.
Bu ayələr insanların zehnində bir çox suallar yaradır, onlardan etiraf alır və həqiqətdə deyir:
Sizin həyatınızın davam etmə səbəbi olan və həmişə içdiyiniz bu su barəsində fikirləşmişsinizmi?
Günəşə kim göstəriş verir ki, okeanlara saçsın, şor və acı suların arasından yalnız xalis, şirin və hər növ aludəlikdən pak su zərrələrini (molekullarını) ayıraraq buxar şəklində səmaya göndərsin? Kim bu buxarlara göstəriş verir ki, bir yerə yığışıb sıxlaşsınlar və yağmurlu bulud parçalarını təşkil etsinlər? Küləklərə hərəkət göstərişini kim verir ki, bulud parçalarını yerbəyer etsin və ölü ərazilərin üzərinə yağsın?
Atmosferin yüksək təbəqələrinə kim belə xüsusiyyət vermişdir ki, soyuyan zaman buxarı cəzb etməyə gücü olmasın və nəticədə mövcud buxar yağış damcıları şəklində yumşaq, mülayim, ahəstə və dalbadal yerin üzərinə ensin.
Əgər günəş bir il ərzində fəaliyyətini saxlasa, küləklər hərəkətdən dayansa, atmosferin yuxarı təbəqələri çox israrla buxarları özündə saxlasa və “göy yerə paxıllıq etsə”, bitkilər su üzü görməzsə, sizin hamınız susuzluqdan həlak olarsınız, heyvanlarınız tələf olub gedər, bağlarınız və əkin sahələriniz quruyar.
Belə bir sadə vasitələrlə sizin üçün bu qədər böyük xeyir-bərəkət mənbəyi olan qüdrət sahibi ölüləri diriltməyə qadir deyildirmi?! Bunun özü də, bir növ ölülərin dirildilməsidir. Ölü torpaqların dirildilməsi və onlara can verilməsi, həm Allahın əzəməti və yeganəliyinə, həm də Qiyamət gününün haqq olmasına əyani bir sübutdur.
Yuxarıdakı ayələrin yalnız içməli maddələr barəsində təkid etməsi və heyvanların və bitkilərin həyatındakı təsirlərindən söhbət açmamasının səbəbi suyun insanın öz həyatı üçün daşıdığı böyük əhəmiyyətə görədir.
Bundan əlavə, əvvəlki ayələrdə əkinçilik barəsində söhbət açıldığından onu təkrarlamağa ehtiyac duyulmur. Maraqlıdır ki, suyun bəşər həyatında ifa etdiyi rol nəinki zamanın ötməsi, elm və texnologiyanın tərəqqisi ilə azalmamış, üstəlik sənaye və insanının suya olan ehtiyacı daha da artmışdır.
Buna görə də, böyük sənaye obyektləri əksər hallarda böyük çayların kənarında inşa edilir. (1)
Şərh qeydə alınmayıb