Qısa cavab:
Bir çox tədqiqatçılar bu sualın cavabında deyirlər ki, Quran iki şəkildə nazil olub:
1. Bütövlükdə nazil olma: Quran bütövlükdə (birdəfəyə) bir gecədə Peyğəmbərin (s) mübarək qəlbinə ya Beytul-Məmura və ya Lövhi-məhfuzdan dünya səmasına nazil oldu.
2. Tədricən nazil olma: Həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərlik dövründə nazil olmuşdur. (2)
Ətraflı cavab:
Quran ayələrindən məlum olur ki, Qurani-məcid mübarək Ramazan ayında nazil olmuşdur. Allah-taala “Bəqərə” surəsi 185-ci ayədə bu barədə buyurur:
«شَهْرُ رَمَضانَ الَّذی اُنْزِلَ فیهِ الْقُرْآنُ…» (1)
“Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır.
Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) şəxs, o ayı oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.”
Ayənin zahiri mənası Quranın bütövlükdə bu ayda nazil olmasına işarə edir.
Allah-taala “Qədr” surəsinin ilk ayəsində belə buyurur:
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحیِم
اِنَّا اَنْزَلْنَاهُ فِی لَیْلَهِ الْقَدْرِ
1. “Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik.”
Əlbəttə, bu ayədə Quranın adı aşkar şəkildə qeyd olunmayıb, lakin “ənzəlnahu” (اَنْزَلْنَاهُ) cümləsindəki şəxs əvəzliyi (hu) Qurana işarə edir.
Quranın adının aşkarcasına qeyd olunmaması onun əhəmiyyət və böyüklüyünü bəyan etmək üçündür. Həmçinin, “inna ənzəlnahu” (biz onu nazil etdik) cümləsi səmavi kitab olan Qurani-kərimin böyüklüyünə digər bir işarədir. Belə ki, Allah onun nazil olmasını özünə aid edir.
Qurani-kərim insanların aqibət və müqəddaratı müəyyən olunan Qədr gecəsində nazil oldu. Quranın həmin gecədə nazil olması onun insanların müqəddaratının həllindəki roluna başqa bir dəlildir.
Bu ayəni “Bəqərə” surəsində olan ayəyə əlavə etsək, məlum olar ki, Qədr gecəsi mübarək Ramazan ayındadır. Amma o, hansı gecədir?
Quranda bu barədə heç bir qeyd olmamasına baxmayaraq, həmin mövzuda çoxlu hədislər nəql olunub və biz surənin təfsirinin sonunda bu haqda dəlilləri diqqətinizə çatdıracağıq.
Bir çox tədqiqatçılar bu sualın cavabında deyirlər ki, Quran iki şəkildə nazil olub:
1. Bütövlükdə nazil olma: Quran bütövlükdə (birdəfəyə) bir gecədə Peyğəmbərin (s) mübarək qəlbinə ya Beytul-Məmura və ya Lövhi-məhfuzdan dünya səmasına nazil oldu.
2. Tədricən nazil olma: Həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərlik dövründə nazil olmuşdur. (2)
وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَاَهُ عَلَى النَّاسِ عَلَىٰ مُکْثٍ وَنَزَّلْنَاهُ تَنْزِیلًا
“Biz bu Quranı sənə hissə-hissə oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən nazil etdik.” (“İsra” surəsi, ayə 106.)
وَقَالَ الَّذِینَ کَفَرُوا لَوْلَا نُزِّلَ عَلَیْهِ الْقُرْآنُ جُمْلَهً وَاحِدَهً کَذَٰلِکَ لِنُثَبِّتَ بِهِ فُوَادَکَ وَرَتَّلْنَاهُ تَرْتِیلً
Və kafirlər dedilər: “Nə üçün Quran ona birdəfəyə nazil olmur?!” Bu, onunla sənin qəlbini möhkəmləndirməyimiz üçündür və (odur ki,) onu yavaş-yavaş sənə oxuduq.
Bəzi alimlər Quranın Qədr gecəsində nazil olmağa başladığını qeyd etmişlər, lakin bu, Quran ayəsinin (Həqiqətən, biz onu Qədr gecəsi nazil etdik.) zahiri mənası ilə uyğun gəlmir.
Qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrində “inzal”, digər ayələrində isə “tənzil” ifadələrindən istifadə edilmişdir. Adətən “tənzil” ibarəsi bir şeyin tədricən nazil olmasında işlədilir. “İnzal” ibarəsi isə bir qədər geniş məna kəsb edir və bir şeyin kamil və bütöv şəkildə nazil olmasında istifadə olunur. (3)
Məna baxımından fərqli olan bu iki kəlmənin Qurani-kərimdə qeyd olunması onun iki şəkildə (bütövlüklə və tədricən) nazil olmasına bir işarədir.
* * *
Sonrakı ayədə Allah-taala Qədr gecəsinin əzəmətini bəyan edərək buyurur:
وَمَا اَدْرَاکَ مَا لَیْلَهُ الْقَدْرِ
2. (Ey Peyğəmbər) “Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!”
Sonra fasiləsiz olaraq Allah-taala buyurur:
لَیْلَهُ الْقَدْرِ خَیْرٌ مِنْ اَلْف شَهْرٍ
3. “Qədr gecəsi min aydan daha xeyirlidir!”
Bu cümlədən məlum olur ki, Qədr gecəsi həddən artıq əzəmətlidir, hətta geniş elm sahibi olan Peyğəmbər (s) belə bu ayə nazil olmamışdan öncə, bu barədə məlumata malik olmamışdır.
Min ayın səksən ildən artıq olduğunu bilirik. Qədr gecəsi elə əzəmətli bir gecədir ki, bərəkətlə dolu olan uzun bir ömürə bərabərdir.
Bəzi təfsirlərdə Peyğəmbərin (s) belə buyurduğu qeyd olunmuşdur: “Bəni-İsraildən bir nəfər döyüş libasını geyinib min ay onu çıxarmayaraq Allah yolunda cihad etmiş və cihad üçün hazır olmuşdur. Peyğəmbərin (s) səhabələri o kəsə qibtə edərək arzu etdilər ki, kaş, belə bir fəzilət və iftixar onlara da nəsib olaydı. Bu zaman həmin ayə nazil olaraq Qədr gecəsinin min aydan üstün olduğunu bəyan etdi.” (4)
Digər bir hədisdə isə belə nəql olunur: ”Peyğəmbər (s), səksən il müddətində bir dəfə də günah etməyərək Allaha ibadət edən dörd Bəni-İsraillidən söhbət açdı. Səhabələr arzu etdilər ki, kaş, biz də ibadətdə belə müvəffəqiyyət qazana biləydik. Bu zaman sözügedən ayə nazil oldu.” (5)
Sual: Ayədə qeyd olunan “min” rəqəmi sayı bildirmək üçündür, yoxsa ”çoxluğu?”
Cavab: Bir sıra təfsirçi ayədəki “min” rəqəminin çoxluq və kəmiyyəti bildirdiyini vurğulamışlar. Lakin yuxarıda qeyd etdiyimiz rəvayətə əsasən, burada “min” rəqəmi sayı bildirir. Ümumiyyətlə, rəqəm hər zaman sayı bildirir. Yalnız istisna hallarda, yaxud xüsusi bir sübut olduqda, rəqəm “çoxluq” mənasında işlədilir.
* * *
Sonra Allah-taala Qədr gecəsini daha çox vəsf edərək buyurur:
تَنَزَّلُ الْمَلَائِکَهُ وَالرُّوحُ فِیهَا بِاِذْنِ رَبِّهِمْ مِنْ کُلِّ اَمْرٍ
4. “O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən (təqdir, tənzim və sabit edilməsindən) ötrü yerə enər.”
Bu ayədə mühüm bir məsələyə diqqət etmək lazımdır: Ayədə istifadə olunan “tənəzzəlu” kəlməsi gələcək zamanla bağlı feldir və bir işin təkrar icra olunmasına dəlalət edir. (“Tənəzzəlu” kəlməsinin əsli “tətənəzəllu” (تتَنَزَّلُ) şəklindədir.) Buradan aydın olur ki, Qədr gecəsi yalnız Peyğəmbər (s) dövrünə və Quranın nazil olduğu gecəyə məxsus deyil və bu hadisə hər il Qədr gecəsində təkrar olunur.
Ayədə qeyd olunan “Ruh”dan məqsəd kimdir?
a) Bəzi təfsir alimləri “Ruh”un Cəbrail Əmin (ə) olduğunu deyirlər. O, eyni zamanda, “Ruhul-əmin” də adlandırılır.
b) Bəzi təfsirçilər isə “Ruh”u “Şura” surəsinin 52-ci ayəsinə “Ey Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi, sənə də beləcə əmrimizdən olan bir vəhy (Quran) göndərdik.” – istinad edərək “vəhy” mənasına yozmuşlar.
Bu nəzərə əsasən, ayənin anlamı belə olacaqdır: – Mələklər Qədr gecəsində Allahın vəhyi ilə birlikdə insanların müqəddaratını, taleyini təyin etmək üçün yer üzərinə enirlər.
c) “Ruh” barədə olan başqa bir təfsir isə digər təfsirlərdən daha məqsədə uyğundur. Belə ki, “Ruh” mələklərdən də üstün olan əzəmətli bir məxluqdur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir ki, bir şəxs o həzrətdən soruşdu: “Ruh həmin Cəbraildirmi (ə)?” İmam Sadiq (ə) cavabında buyurdu: “Cəbrail mələklərdəndir, lakin “Ruh” mələklərdən daha üstündür. Məgər Allah-taala “mələklər və Ruhun nazil olduğunu” buyurmurmu?” (6)
Ruh və mələklər bir-birilə tərəf müqabil sayıldığı üçün iki fərqli mövcud olması anlaşılır. “Ruh” üçün digər təfsir və mənalar da qeyd olunmuşdur, lakin səbəb olmadığı üçün onları söyləmək fikrindən daşınırıq.
“Bütün işlər” (مِنْ کُلِّ اَمْرٍ) sözündə məqsəd budur ki, mələklər o gecədə insanların tale və müqəddəratını həll etmək və hər bir xeyir və bərəkəti yer üzərinə gətirmək üçün enirlər. Onların yer üzərinə enməkdə hədəfi bu işləri yerinə yetirməkdir. (7)
Bir qrup təfsirçi belə yazır: “Məqsəd, onların Allahın fərmanı ilə nazil olmalarıdır.” Lakin birinci təfsir daha məqsədə uyğundur.
“Rəbbinin izni ilə” ( بِاِذْنِ رَبِّهِمْ) kəlməsində rübubiyyət və aləmdə görülən işlərin tədbiri mövcuddur və bu məsələnin mələklərin gördüyü işlərlə uyğunluğu vardır. Belə ki, onlar işlərin aqibəti və tədbiri üçün yerə enirlər və onların işi Allahın rübubiyyətinin bir hissəsidir.
* * *
Sonuncu ayədə isə buyurulur:
سَلَامٌ هِیَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ
5. “O gecə dan yeri sökülənə kimi (tamamilə) salamatlıqdır (əmin-amanlıqdır)!”
Qədr gecəsində həm Quran nazil olmuşdur, həm də ibadət və əhya saxlamaq min aydan daha xeyirli sayılmışdır. Həmçinin, Allahın nəzərdə tutduğu bütün xeyir və bərəkətlər o gecədə yer üzərinə nazil olmuşdur. Allahın xüsusi rəhməti bəndələrə şamil olur və eyni zamanda, mələklər və Ruh o gecədə yer üzərinə enirlər.
Bu səbəbdən, Qədr gecəsi başdan-başa salamatlıq və əmin-amanlıqdır. Bəzi rəvayətlərə əsasən, o gecədə şeytan zəncirlənmişdir və bu baxımdan insanlar onun vəsvəsələrindən amanda olarlar.
Qədr gecəsi barədə “salamatlıq” (سَلَامٌ) sözünün mütləq şəkildə işlədilməsi o gecənin bərəkətli və faydalı olması barədə təkidi bildirir. Bəziləri isə demişlər ki, bu sözun bu ayədə istifadə edilməsi mələklərin ardıcıl olaraq bir-birlərinə və ya möminlərə, yaxud da Peyğəmbərin (s) və onun canişini olan məsum imamların hüzuruna gələrək onlara salam verməsinə işarədir.
Bütün açıqlamaları ayənin təfsiri kimi qəbul etmək olar.
Bir sözlə, bu gecə nur, rəhmət, xeyir-bərəkət, əmin-amanlıq və səadət dolu bir gecədir. Bu gecə hər baxımdan misilsizdir.
Bir hədisdə belə yazılır: İmam Baqirdən (ə) soruşdular: “Qədr gecəsinin hansı gecə olduğunu bilirsinizmi?” O həzrət (ə) cavabında belə buyurdu: “Necə bilməyim? Halbuki, mələklər o gecədə bizim ətrafımızda dövrə vururlar.” (8)
Digər bir rəvayətdə isə qeyd olunur ki, həzrət İbrahimin (ə) yanına bir neçə mələk gələrək ona övladı olacağı barədə müjdə verdi və o həzrəti salamladı. “Hud” surəsi 69-cu ayədə buyurulur: “Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi…” (9)
Nəql edilir ki, həzrət İbrahim (ə) mələklərin ona verdiyi salamdan aldığı ləzzət qədər dünyada heç bir şeydən ləzzət almamış və həmin ləzzətin tayı-bərabərini görməmişdi. İndi isə təsəvvür edin ki, mələklər dəstə-dəstə nazil olaraq Qədr gecəsində möminlərə salam verir. Bunun nə qədər ləzzətli və bərəkətli olduğunu təsəvvür etmək belə mümkün deyil.
Həzrət İbrahim (ə) Nəmrudun hazırlatdığı oda atıldığı zaman, mələklər onun yanına gələrək salam verdilər və atəş onun üçün gülüstana çevrildi. Sizcə, Qədr gecəsində mələklərin möminlərə verdiyi salamın bərəkəti nəticəsində, cəhənnəm odu onlar üçün soyuq olmazmı, gülüstana çevrilməzmi?
Bu, Məhəmməd (s) ümmətinin əzəmətinin nişanəsidir, belə ki, həzrət İbrahimə (ə) nazil olan mələklər İslam ümməti üçün yer üzərinə enirlər. (10)
Şərh qeydə alınmayıb