Qısa cavab:
İbn Teymiyyəyə görə “Səqəleyn” hədisində Əhli-beyti xatırlamaq tövsiyə olunur və bu hədisin Əhli-beytin vilayətinə heç bir dəlaləti yoxdur. Lakin deməliyik ki, hədisin tam mənası onun digər nəqllərini nəzərdən keçirməklə aydın ola bilər. Hədisin ravisi olan Zeyd bin Ərqəm digər nəqllərdə bu məsələyə aydınlıq gətirir.
Ətraflı cavab:
İbn Teymiyyə yazır: “Səhihi-Müslim”dəki hədis yalnız Allahın kitabına sarılmağı əmr edir, lakin itrət barəsində yalnız "onları xatırlatmaq"la kifayətlənir. Buna görə də üç dəfə “uzəkkirukumullahə fi əhli-beyti” ifadəsinin təkrarı onlara sarılmağa əmr olunmadığını göstərir!” (1)
Cavabda deyirik:
Əvvəla, Müslim hədisi Zeyd ibn Ərqəmdən nəql etmişdir. O, Übeydullah ibn Ziyaddan qorxduğuna görə hədisi tam şəkildə nəql etməmiş, onun “itrətə sarılmaq” hissəsini ixtisara salmışdır. Bu müddəanın dəlili budur ki, Zeyd ibn Ərqəm bir çox hallarda bu hədisə toxunaraq onun mətnini məşhur yolla (təriqlə) nəql etmişdir ki, orada “itrətə sarılmaq” əmr olunur. Təəssüflər olsun ki, Müslim, Zeyd ibn Ərqəmin hədisinin izahında "Əhli-beytə sarılmaq" ibarəsini qeyd etməmişdir.
Bundan əlavə Əhməd ibn Hənbəl, nəql etdiyi hədisdə eynilə Müslimin ibarələrini qeyd etmiş və ona Əhli-beytə sarılmağa dair əmr edilən hissəsini əlavə etmişdir. (2)
İkincisi, bu hədis təkcə Müslimin nəql etdiyi təriqlə xülasələnmir; əksinə o digər yollarla da nəql olunmuş və onlarda həm Qurana həm də Əhli-beytə sarılmaq yanaşı qeyd olunmuşdur. Belə ki, Tirmizi həmin hədisi Zeyd ibn Ərqəmdən bu şəkildə nəql etmişdir. Əhli-sünnə alimlərindən bir qrupu da Tirmizinin hədisinin sənədini səhih bilmişlər. Biz onların bəzilərini qeyd edirik:
Vəhhabilərin hədis imamı Nasirəddin Əlbani bu hədisi Tirmizinin Zeyd ibn Ərqəmə çatan sənədləri ilə nəql etdikdən sonra – orada Allahın kitabına və Peyğəmbər itrətinə sarılmaq əmr olunur – yazır: “Hədisin sənədi səhihdir.” (3) O, hədisi “Səhih əl-camius-səğir” kitabında da səhih hesab etmişdir. (4)
İbn Həcər Əsqəlani “Səqəleyn” hədisini – orada Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağa əmr və təşviq edilir – nəql etdikdən sonra yazır: “Hədisin sənədi səhihdir.” (5)
Həmçinin, digər bir qrup da hədisi həmin məzmunla (Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağa əmr) nəql etmiş və onu səhih saymışlar. O cümlədən, İbn Həcər Heytəmi (6), Buveysiri (7), Yəqub ibn Süfyan Fəsəvi (8), Qənduzi Hənəfi (9), Mahmud Şükri Alusi (10). O, yazır: “Səqəleyn hədisi əhli-sünnə və şiə firqələrinin nəzərində sabitdir (mövcuddur).”
Müttəqi Hindinin “Kənzul-ummal”da nəql etdiyinə əsasən, İbn Cərir Təbəri də hədisi səhih hesab etmişdir. (11)
Cəlaləddin Süyutü “Müsnədi İmam Əli” kitabında – Məhamilinin “Əl-əmali” kitabından – nəql edir ki, o da “səqəleyn” hədisini səhih bilir. (12)
Həsən ibn Əli Səqqaf Şafei “səqəleyn” hədisini “Sünəni Tirmizi”dən nəql etdikdən sonra yazır: “Hədis sənəd baxımından səhihdir.” (13)
Hakim Nişapuri hədisi Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağın lazımlığını çatdıran kəlmələrlə nəql edərək onu Qədir-Xum hədisi ilə xətm edir və yazır: “Hədis sənəd baxımından Buxari və Müslimin şərtlərinə uyğun olaraq səhihdir. Baxmayaraq ki, o ikisi bu hədisi nəql etməmişlər.” (14)
İbn Kəsir yazır: “Səhih sənədlə sübut olunmuşdur ki, Peyğəmbər Qədir-Xumda öz xütbəsində buyurdu: “Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram...” (15)
Həmçinin o, “Səqəleyn” hədisini Nəsainin sənədləri ilə nəql etdikdən sonra deyir: “Şeyximiz Zəhəbi buyurmuşdur ki, bu hədis sənəd baxımından səhihdir.” (16)
Heysəmi hədisi Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağın lazım (zəruri) olmasını çatdıran məzmunla nəql etdikdən sonra deyir: “Bu hədisi Təbərani “Mocəmul-kəbir” kitabında nəql etmişdir və onun ricallarının hamısı siqə və etibarlıdır.” (17)
Cəmaləddin Qasimi yazır: “Səhih sənədlə sübut olunmuşdur ki, Peyğəmbər öz xütbəsində buyurdu:
اِنِّى تَارِکٌ فِیکُم ُالثَّقَلَیْنِ; کِتَابَ اللهِ وَ عِتْرَتِى...
“Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim.” (18)
Səmhudi Şafeyi yazır: “Təbərani bu hədisi “Mocəmul-kəbir”də sənədlərlə nəql etmişdir ki, onun ricallarının hamısı siqədir.” (19)
Əzhəri də “səqəleyn” hədisini nəql etdikdən sonra yazır: “Məhəmməd ibn İshaq bu hədisin “həsən” və səhih olmasına etiqad bəsləyir.” (20) (21)
Şərh qeydə alınmayıb