Qısa cavab:
Talaq ayələrindən aydın olur ki, talaqlar arasında fasilə salmaq lazımdır. Ailə münasibətilərini yenidən bərpa etmək üçdən az talaqdadır.
Ətraflı cavab:
İbn Abbasdan nəql olunur ki, qadına bir məclisdə üç dəfə talaq vermək Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sağlığında, Əbubəkrin xilafəti dövründə və eləcə də Ömərin hakimiyyətinin əvvəlki iki ilində bir talaq hesab olunurdu. Amma Ömər dedi:
اِنَّ النَّاسَ قَدِ اسْتَعْجَلُوا فِی اَمْرٍ کَانَتْ لَهُمْ فِیهِ اَنَاهٌ، فَلَوْ اَمْضَیْنَاهُ عَلَیْهِمْ
Camaat səbir etməli olduqları işlərdə tələsir, sonra isə bu işin təsdiqlənməsini bizdən istəyirlər. Kaş bunu onlar üçün imzalayaraq təsdiq edə biləydim!
Bundan sonra həmin qanunu imzalayıb qüvvəyə mindirdi.
Qurani-kərim aşkar şəkildə buyurur:
الطَّلاَقُ مَرَّتَانِ فَاِمْسَاکٌ بِمَعْرُوف اَوْ تَسْرِیحٌ بِاِحْسَان
“Talaq (ərin qayıtmaq haqqı olduğu rici talaq) iki dəfədir. (Hər iki dəfədə) gərək layiqli şəkildə öz həyat yoldaşını saxlasın (və barışıq etsin), yaxud onu gözəl şəkildə yola salsın (və ondan ayrılsın)...”
Ardında buyurur:
فَاِنْ طَلَّقَهَا فَلاَ تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّى تَنکِحَ زَوْجاً غَیْرَهُ
“Əgər (iki dəfə talaq verib yenidən qayıtdıqdan sonra bir daha) ona talaq versə, ondan sonra qadın ona halal olmaz; yalnız onda halal ola bilər ki, yenidən ərə getsin və ikinci əri də onunla (cinsi) əlaqədə olsun.” (2)
Allah-taala bu ayədə iki talağın gerçəkləşməsini zəruri bilmiş və üçüncü talaq baş verdikdən sonra (o qadınla yenidən evlənməyin) haramlığını bəyan etmişdir. Aralarında izdivac əqdi vasitəsilə fasilə salmadan “üç dəfə” kəlməsi ilə (yəni, kişinin “sənə üç dəfə talaq verdim” deməsi ilə), yaxud talaq siğəsini üç dəfə ardıcıl olaraq təkrar etməklə onların cəm edilməsi bu ayələrlə uyğunluq təşkil etmir.
Birinci talağa gəldikdə isə, səbəbi budur ki, bu vahid talaqdan artıq deyildir və talaq siğəsində “üç dəfə” sözünü işlətməklə üç talaq həyata keçmir. Bunu bir misalla bəyan edirik: namazın hər rükətində “Fatihə” surəsinin bir dəfə oxunması şərtdir. Əgər bir kəs onu bir dəfə oxusa və surə sona çatandan sonra “beş dəfə” və ya “on dəfə” sözünü əlavə etsə, demək olmaz ki, o bu surəni təkrar oxumuş və onu beş və ya on dəfə qiraət etmişdir.
Təkrar və say şərt olunan hər bir hökm də belədir. Rəmyi-cəməratı da buna misal çəkmək olar: orada yeddi dəfə daş atılmalıdır və yeddi ədəd daşı əldə tutub bir dəfəyə atmaq kifayət deyil. Yaxud “lian” məsələsində dörd dəfə şahidliyi qeyd etmək olar. Belə ki, “dörd dəfə dedim” sözünü artırmaqla bir dəfə şəhadət vermək kifayət etmir. Əksinə, şəhadətin özü onun tərəfindən dörd dəfə təkrar olunmalıdır.
Amma ikincisinə (bir məclisdə talaq siğəsinin təkrarına) gəldikdə isə, talaq birinci kəlmə ilə gerçəkləşir, bu zaman evlənmə əqdi pozulur, ər-arvad bir-birindən ayrılır. Artıq izdivac əqdi qalmır ki, talaq siğəsi onda təsir qoymuş olsun. Deməli, eyni bir məclisdə talaq siğəsinin ikinci, yaxud üçüncü dəfə oxunması mənasızdır. Çünki talağı verilmiş qadına yenidən talaq verməyin mənası yoxdur və pozulmuş olan əlaqə bir daha yenidən pozulmur. Burada şərt olunan təkrar bu üslubla həyata keçmir; əksinə talaq o vaxt təkrar olunur ki, hər bir talaq məhz izdivac əqdindən sonra baş vermiş olsun. Baxmayaraq ki, bu izdivac əqdi kişinin rücu etməsi ilə baş verir. Əks halda, sonrakı talağın mənası olmayacaqdır. Deməli, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “talaq yalnız nikahdan sonra ola bilər”, “nikahdan qabaq talaq yoxdur”, ” (qadından ləzzət almağa) malik olmayan bir şəxs (həmin qadına) talaq verə bilməz” (3) kəlamlara əsasən, iki nəfərin arasında izdivac və ailə əqdi olmazsa, ikinci talaq mənasız və əbəs olacaqdır.
Cəssas “Əhkamul-Quran” kitabında yazır: (4) الطَّلاَقُ مَرَّتَانِ – “ (Qayıdışı olan) talaq iki dəfədir” ayəsi əvvəlcə göstəriş verir ki, talaqlar arasında fasilə salmaq lazımdır. İkincisi, rücu hökmünü bəyan etmək məqamında buyurur ki, rücu etmək (ailə münasibətlərini yenidən bərpa etmək) üçdən az talaqdadır. Çünki Allah-taala buyurur: “Talaq iki dəfədir.” Bu cümlə talaqların arasında fasilə salınmasını tələb edir. Çünki bir kəs arada fasilə olmadan talaq siğəsini iki dəfə icra edərsə, onun barəsində “iki dəfə talaq baş vermişdir” deyilməsi düzgün deyildir. Misal üçün, əgər bir şəxsə iki dirhəm pul versə, “ona iki dəfə pul verdim” demək düzgün olmaz; yalnız o zaman düz olar ki, pulu iki dəfə vermiş olsun. Məhz bu halda “ona iki dəfə pul verdim” deyirlər.
Quranın hökmü bu idi. Amma Peyğəmbərin (s) sünnəsinə gəldikdə isə, İbn Macə “Sünən” kitabında Mahmud ibn Ləbidin səhih bir rəvayətdə belə dediyini nəql edir: Peyğəmbərə xəbər verdilər ki, bir nəfər öz arvadına bir yığıncaqda üç dəfə talaq vermişdir. Həzrət qəzəblənib ayağa durdu və buyurdu:
اَیُلْعَبُ بِکِتَابِ اللهِ وَاَنَا بَیْنَ اَظْهرِکُمْ؟
“Mən sizin aranızda ola-ola (gözlərimin önündə) Allahın kitabı ilə oyun oynayırsınız?!”
Bu zaman bir nəfər ayağa qalxıb dedi: – Ey Allahın Rəsulu! Onu qətlə yetirimmi?! (6)
Şərh qeydə alınmayıb