Qısa cavab:
Rəvayətə görə ikinci Xəlifə rəcəb ayında oruc tutduqlarına görə bir qrup insanın əllərinə o qədər vurdu ki, onlar oruclarını açmağa məcbur oldular. Lakin dörd məzhəb fəqihlərinin hamısı Rəcəb ayının orucunu müstəhəb hesab etmişlər. Təkcə hənbəlilər demişlər ki, “Rəcəb ayının bütün günlərini oruc tutmaq məkruhdur, əgər ay əsnasında bir gün oruc tutmasa, onda bu məkruhluq aradan qalxır.”
Ətraflı cavab:
Xərşə ibn Hürrdən belə nəql olunur: Ömər ibn Xəttab rəcəb ayında oruc tutduqlarına görə bir qrup insanın əllərinə o qədər vurdu ki, onlar oruclarını açmağa məcbur oldular. O deyirdi: “Rəcəb nədir?! Cahiliyyət dövrünün insanları bu aya hörmət bəsləyirdi. İslam gələndən sonra belə şeylər tərk edildi!!!”
Burada iki məsələyə diqqət yetirmək lazımdır:
Birincisi: Onun bu sözü Peyğəmbərdən (səlləllahu əleyhi və alih) müstəhəb oruclar barəsində nəql olunan çox sayda rəvayətlərə ziddir. Biz bu hədislərdən bir neçəsini qeyd edirik:
1. Rəcəb ayının orucu ilə bağlı Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql olunaraq bu ayda oruc tutmağa təşviq edən, eləcə də onun mühüm savablarını xatırladan rəvayətlər; (2)
2. Rəcəb ayı da daxil olmaqla hər ayın üç günündə oruc tutmaq barəsində həzrət Əlidən (ə) nəql olunan rəvayət; (3)
3. Həzrətin Rəcəb də daxil olmaqla haram aylarda oruc tutmaqla bağlı bəyanı; (4)
4. Peyğəmbər insanları daim təşviq edərdi ki, günaşırı oruc tutsunlar və rəcəb ayı da ilin günlərindəndir; (5)
5. İlin hansı ayı olmasından asılı olmayaraq bütün günlərdə oruc tutmağın müstəhəb olmasına dair və camaatı ona təşviq edən rəvayətlər. (6)
Dörd məzhəb fəqihlərinin hamısı Rəcəb ayının orucunu müstəhəb hesab etmişlər. Təkcə hənbəlilər demişlər ki, “Rəcəb ayının bütün günlərini oruc tutmaq məkruhdur, əgər ay əsnasında bir gün oruc tutmasa, onda bu məkruhluq aradan qalxır.” (7) Bu nəzəriyyə bəlkə də “Ehyaul-ulum” kitabından götürülmüşdür. (8) Kitabda deyilir: “Səhabələrdən bəziləri Ramazan ayına oxşamasın deyə, Rəcəb ayının bütün günlərində oruc tutmağı məkruh hesab etmişlər.”
İkinci məsələ: Bu rəvayətləri nəzərdən keçirdikdən sonra məlum olur ki, təkcə İbn Macənin nəql etdiyi rəvayətin heç bir etibarı yoxdur. O, İbn Abbasdan belə nəql edir: “Peyğəmbər Rəcəb aynda oruc tutmağı qadağan etmişdi!”
İbn Macənin bu rəvayəti səhih olsa belə qəti olaraq Peyğəmbərdən nəql olunan (o həzrət tərəfindən deyildiyi şübhəsiz olan) rəcəb aynda oruc tutmağın müstəhəb olmasını bildirən və camaatı ona təşviq edən rəvayətlərə ziddir. Belə ki, dörd əhli-sünnə alimləri də onun əsasında (bu ayda oruc tutmağın müstəhəb olmasına dair) fətva vermişlər. Bu düzgün və çoxsaylı rəvayətlər hara, İbn Macənin (təklikdə nəql etdiyi) rəvayət hara! Halbuki, o rəvayətin sənədində Davud ibn Əta diqqət çəkir. Onun varlığı ilə sənəd zəif hesab olunur. Buxari (9) və Əbu Zər’ə demişlər: “Davud ibn Ətanın hədisi inkar olunur” (ondan tanınmaz, qəribə rəvayətlər nəql olunmuşdur). Bundan əlavə, həmin rəvayəti təkcə İbn Macə nəql etmişdir. Hədis alimləri də belə rəvayəti qəbul etmirlər. Əbul-Həccac Məzzi yazır: “İbn Macənin təklikdə nəql etdiyi bütün hədislər zəifdir.” (10) (11)
Şərh qeydə alınmayıb