Qısa cavab:
1. Günahdan tövbə edib, bir müddət sonra tövbəsini pozanlar;
2. Günahdan tövbə edib, bəzi günahlarda şəhvətin üstələməsi nəticəsində tövbəsini pozanlar;
3. Günahdan tövbə edib, böyük günahlardan çəkindiyi halda, tövbəni pozmaq qəsdi olmadan bəzi günahları yerinə yetirənlər;
4. Günahdan tövbə edib, möhkəm iradə ilə tövbəsindən dönməyənlər.
Ətraflı cavab:
Tövbəkarları dörd qismə bölmək olar:
İlk dəstə öz günahlarından tövbə edib, bir müddətdən sonra tövbəni pozanlar və təəssüf, peşmançılıq hissi keçirmədən günaha qayıdanlardır. Belələri, əslində “nəfsi-əmmarə” (yəni, pisliklərə əmr edən nəfs) mərhələsindədir. Bu üzdən aqibətləri naməlum və olduqca təhlükəlidir. Ona görə ki, növbəti tövbə və Allaha doğru qayıtmaq fürsəti ölümə yaxın vaxta düşə bilər, nəticədə aqibətləri xeyir olar. Eləcə də, ömrünün son anlarında tövbəni pozan iş görə bilər ki, bu da xoşagəlməz aqibətə gətirib çıxarar. Necə deyərlər, pis sonluqla dünyasını dəyişər.
İkinci dəstə günahlarından tövbə edib, Allaha bəndəlik və itaətə davam edənlərdir. Lakin bəzi günahlarda şəhvət onlara güc gələrək, tövbələrini pozmağa səbəb olur. Səbəbi isə şəhvət qarşısında yetərli gücə sahib olmamalarıdır. Buna rəğmən, tövbəni pozduqlarından dolayı peşmandırlar, tez-tez özlərinə deyirlər ki, “Ey kaş, bu işi görməyəydim! Allahın izni ilə tez bir zamanda tövbə edəcəm!” Bu qəbildən olan tövbəkarlar, əslində “nəfsi-əmmarə” mərhələsində olsalar da, qurtulacaqlarına ümid çoxdur.
Üçüncü dəstə tövbəkarlar günahlarından tövbə edib, böyük günahlardan lazımınca çəkinənlərdir. Buna rəğmən tövbəni pozmaq qəsdi olmadan ara-sıra onlardan bəzi günahlar baş verir. Sonra dərhal tövbə edib, özlərini danlayırlar, iradələirni tövbədə mərkəzləşdirirlər ki, günah amillərindən uzaq dursunlar. Bu dəstə “nəfsi-ləvvamə”nin (danlayan nəfs – vicdan) ali mərhələsindədir və yavaş-yavaş “nəfsi-mütməinnə (arxayın nəfs) mərhələsinə yaxınlaşırlar. Belələrinin qurtulacağına ümid olduqca yüksəkdir.
Dördüncü dəstə günahlarından tövbə edib, tövbəsində möhkəm duran, Allaha bəndəliyi qarşısına məqsəd qoyanlardır. Məsum olmadıqları üçün bəzən günah fikrinə düşmələri, büdrəmələri mümkündür, amma əməldə günaha bulaşmaqdan özlərini saxlayırlar. Ağıl və iman gücü onlarda o qədər çoxdur ki, nəfsi istəklərə hakim olmuş, onu ram etmişlər. Bu dəstə “nəfsi-mütməinnə” mərhələsindədir. Hansı ki, “Fəcr” surəsinin 27-30-cu ayələrində ali və iftixarlı xitaba layiq görülüblər:
“یا اَیَّتُهَا النَّفْسُ الْمُطْمَیِنَّهُ* اِرْجِعى اِلى رَبِّکِ راضِیَهً مَرْضِیَّهً”
“Ey aram (arxayın) nəfs! Sən ondan o da, səndən razı halda Rəbbinə tərəf dön!”.
Sonra da iftixar libasına bürünürlər:
“فَادْخُلى فى عِبادى* وَ ادْخُلى جَنَّتى”
“Sonra bəndələrim sırasına daxi ol və cənnətimə daxil ol!”
Şərh qeydə alınmayıb