Qısa cavab:
Qurani-kərim diri və ölülərin həyatının yenidən qurulması haqda buyurur: “Qəbirlər alt-üst olduğu zaman.”
Həmin gün maneələr qalxacaq, qəflət və qürur pərdələri yırtılacaq, dünyanın həqiqətləri olduğu kimi üzə çıxacaq. Həmin gün “yovmul-büruz” olduğu üçün hər şey bariz və aşkar olacaq. Belə bir vaxtda insan bütün əməllərini gözləri ilə görəcək, yaxşı və pisindən xəbərdar olacaq, həm həyatda ikən göndərdiyi əməlləri, həm də öləndən sonra təsir və nəticələri dünyada baqi qalan və savab və günahı ona yetişməkdə olan işlərindən xəbər tutacaqdır.
Ətraflı cavab:
Qurani-kərim diri və ölülərin həyatının yenidən qurulması haqda buyurur:
وَ اِذَا الْقُبُورُ بُعْثِرَتْ
“Qəbirlər alt-üst olduğu zaman.”
O zaman ölülər qəbirlərindən çıxarlar və haqq-hesab üçün hazırlanarlar.
“Busirət” sözü alt-üst olmaq və dağılmaq deməkdir. Rağib öz “Müfrədat” kitabında bu sözün iki ayrı-ayrı sözlərdən, yəni, “bəs” və “usirət” sözlərindən əmələ gəldiyini istisna etmir. Belə ki, hər iki sözün mənasını özündə cəmləşdirmiş və nəticədə “alt-üst olmaq” və “dağılmaq” mənasında işlənmişdir. (Necə ki, “bəsmələ” sözü iki sözdən, yəni, “bism” və “Allah” sözlərindən alınmışdır).
Hər bir halda yuxarıdakı ayə eynilə “Zəlzələ” surəsinin aşağıdakı ayəsinə bənzəyir:
وَ اَخرَجَتِ الاَرْضُ اَثْقالَها
“Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını çıxarıb atacağı zaman.”
(Ayə barədə olan məşhur təfsirlərin birində deyilir ki, burada yerdə dəfn olunmuş ölülər nəzərdə tutulur. Bunu nəzərə alsaq ayələr arasında bənzərlik üzə çıxacaq).
Həmçinin “Naziat” surəsinin 13 və 14-cü ayələri də bənzər məzmundadır:
فَاِنَّما هِیَ زَجْرَهٌ واحِدَهٌ * فَاِذا هُمْ بِالسّاهِرَهِ
“Həqiqətən, o yalnız bir nərə olacaqdır. Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.”
Cümlə bütövlükdə ölülərin qəbirdən çıxma prosesinin ani və sürətli olacağını göstərir.
Qiyamət günündən öncə və sonrakı əlamətləri qeyd etdikdən sonra Quran son sözünü açıqlayır:
عَلِمَتْ نَفْسٌ ما قَدَّمَتْ وَ اَخَّرَتْ
“Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir.”
Bəli, həmin gün maneələr qalxacaq, qəflət və qürur pərdələri yırtılacaq, dünyanın həqiqətləri olduğu kimi üzə çıxacaq. Həmin gün “yovmul-büruz” olduğu üçün hər şey bariz və aşkar olacaq. Belə bir vaxtda insan bütün əməllərini gözləri ilə görəcək, yaxşı və pisindən xəbərdar olacaq, həm həyatda ikən göndərdiyi əməlləri, həm də öləndən sonra təsir və nəticələri dünyada baqi qalan və savab və günahı ona yetişməkdə olan işlərindən xəbər tutacaqdır. Məsələn, yoxsullara göstərdiyi köməklər, miras qoyduğu xeyirxah və ya şeytani məqsədlər üçün inşa etdirdiyi tikililər, yaxşı və yaxud pis məqsədlər üçün qələmə aldığı və özündən sonra digərləri tərəfindən istifadə olunan kitablar, elmi və ya qeyri-elmi əsərlər, eləcə də insanları təsir altında alan yaxşı və ya pis adətləri buna misal göstərmək olar. Bütün bunlar nəticəsi ölümündən sonra insana yetişən işlərin və yuxarıdakı ayədə “uxxirət” sözünün nümunələridir.
Əlbəttə ki, insan bu dünyada olarkən də ümumi anlayışda öz əməllərindən xəbərdardır. Amma unutqanlıq, xudpəsəndlik, özünə məhəbbət onları tək–tək xatırlamağa və iş sonluğunun dərinliklərinə vaqif olmağa maneə törədir. Hər şeyin dəyişikliyə məruz qaldığı gün, insanın ruhu, canı da belə bir dəyişikliyə uğrayır. Belə olduqda bütün əməllərinin nəticəsini ayrı- ayrılıqda, dəqiqliklə görür. “Ali İmran” surəsinin 30-cu ayəsinə görə:
یَوْمَ تَجِدُ کُلُّ نَفْس ما عَمِلَتْ مِنْ خَیْر مُحْضَراً وَ ما عَمِلَتْ مِنْ سُوء
“Hər bir kəs (dünyada) yerinə yetirdiyi yaxşı və pis əməlləri gözləri önündə görəcək. “
Bəzi təfsir alimləri yuxarıdakı ayə haqqında müxtəlif izahlar vermişlər. Bəzilərinin nəzərinə əsasən insanın öncədən göndərdiyi işlər həyatda öncə gördüyü, gəncliyə dair işlərdir. Təxirə saldığı, sonra göndərdiyi əməllər isə qocalıqda yerinə yetirdiyi işlərdir. Lakin birinci təfsir hər cəhətdən daha uyğundur.
Bundan əlavə, “nəfs” dedikdə bütün insan fərdlərinə aid edilən “öz” nəzərdə tutulur. (1)
Şərh qeydə alınmayıb