Qısa cavab:
Quran ayəsində deyilir ki, qiyamət günü yer öz Rəbbinin nuru ilə işıqlanacaq. Bu məsələyə müxtəlif izahlar verilmişdir. Bəzi təfsir alimlərinə görə “Rəbbin nuru” dedikdə haqq və ədalət nəzərdə tutulur. Bəzi alimlərə görə isə nur dedikdə Günəş və Ayın yaratdığı işıqdan fərqli olaraq Allahın xüsusi nuru nəzərdə tutulur. Əllamə Təbatəbai isə hesab edir ki, yer üzünün Rəbbin nuru ilə işıqlanması dedikdə pərdələrin kənarlaşması və hər bir həqiqətin – insan əməlinin yaxşı və pis, itaət və üsyan, haqq və batil olması baxımından aşkarlığı nəzərdə tutulur.
Ətraflı cavab:
“Zumər” surəsində Allah-Taala buyurur:
وَ اَشْرَقَتِ الْاَرْضُ بِنُورِ رَبِّها
“Həmin gün yer (üzü) öz Rəbbinin nuru ilə işıqlanacaq.” (1)
Ayədə “İşraq” və “İlahi nurla işıqlanmaq” ifadələrinin təfsiri ilə bağlı müxtəlif izahlar verilmişdir. Onların üçü daha çox əhəmiyyət daşıyır:
1. Bəzi təfsir alimlərinə görə “Rəbbin nuru” dedikdə haqq və ədalət nəzərdə tutulur. Allah-Taala yer üzünü həmin gün onunla nurlandıracaq.
2. Mərhum Əllamə Məclisi qələmə aldığı “Bihar əl-ənvar” kitabında yazır:
اَىْ اَضائَتِ الاَرْضُ بِعَدْلِ رَبِّها یَوْمَ الْقِیامَهِ لِاَنَّ نُورَ الاَرْضِ بِالْعَدْلِ
“Yəni, Qiyamət günü yer üzü ilahi ədalətlə aydınlaşacaq. Çünki yerin işıqlanması ədalətlədir.”
Bəzi alimlər Peyğəmbərin bir hədisini buna sübut göstərirlər. Hədisdə deyilir:
الظُّلْمُ ظُلُماتٌ یَوْمَ الْقِیامَهِ
“Zülm qiyamətdə zülmət kimi təcəssüm edəcək.”
Zəməxşəri “Kəşşaf” adlı təfsir kitabında həmin şərhi məqbul sayaraq yazır: “Həmin gün yer ədalətin bərpası, yaxşı və pis işlərin mühakiməsi ilə işıqlanar.”
2. Bəzilərinə görə isə nur dedikdə Günəş və Ayın yaratdığı işıqdan fərqli olaraq Allahın xüsusi nuru nəzərdə tutulur.
3. “Əl-Mizan” təfsirinin görkəmli müəllifi Əllamə Təbatəbai yazır: “Yer üzünün Rəbbin nuru ilə işıqlanması dedikdə pərdələrin kənarlaşması və hər bir həqiqətin – insan əməlinin yaxşı və pis, itaət və üsyan, haqq və batil cəhətdən aşkarlığı nəzərdə tutulur. Sözü gedən nur Qiyamət gününə aid hadisələrdəndir.
Daha sonra hadisəyə “Qaf” surəsinin 22-ci ayəsini sitat gətirir:
لَقَدْ کُنْتَ فِی غَفْلَه مِنْ هذا فَکَشَفْنا عَنْکَ غِطاءَکَ فَبَصَرُکَ الْیَوْمَ حَدِیدٌ
“Biz pərdəni sənin gözlərin önündən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür.”
Qiyamət günü ilahi nur hər şeyə aid olsa da ayədə yerin adı xüsusi hallanır. Ayənin məqsədinin Qiyamət günü yer üzündəki insanların halını işıqlandırmaq olması, buna səbəbdir.
Sözsüz ki, təfsirlər arasında heç bir ziddiyyət yoxdur və onları bir yerə toplamaq mümkündür. Bununla yanaşı birinci və üçüncü təfsir daha məqsədə uyğundur. (2)
Şərh qeydə alınmayıb