Qısa cavab:
Bu sualın cavabına “ər-Rəhman” surəsinin 33-cü ayəsində işarə olunur. Ayədən məlum olur ki, biz heç vaxt Allahın ədalət məhkəməsindən və onun nəticələrindən qaça bilməyəcəyik. Hara getsək ora Allahın mülküdür. Harda olsaq, onun hakimiyyət dairəsinə daxildir. Bəli, bu zəif və bacarıqsız məxluq Allahın güc dairəsindən heç yerə qaça bilməyəcək.
Ətraflı cavab:
Bu sualın cavabını “ər-Rəhman” surəsinin 33-cü ayəsində tapmaq olar. Allah-taala buyurur:
یا مَعْشَرَ الْجِنِّ وَ الْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوا مِنْ اَقْطارِ السَّماواتِ وَ الْاَرْضِ فَانْفُذُوا لاتَنْفُذُونَ اِلاّ بِسُلْطان
“Ey insan və cin tayfaları! Əgər (ilahi cəzadan qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən keçə bilsəniz, keçin (və Onun qüdrət dairəsindən çıxa bilsəniz, çıxın). (Lakin İlahi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!”
Bu yolla siz heç vaxt Allahın ədalət məhkəməsindən və onun nəticələrindən qaça bilməyəcəksiniz. Hara getsəniz ora Allahın mülküdür. Harda olsanız, onun hakimiyyət dairəsinə daxildir. Bəli, bu zəif və bacarıqsız məxluq Allahın güc dairəsindən hara qaça bilər. Necə ki, Əmirəl-möminin Əli (əleyhis-salam) ruhu oxşayan “Kumeyl” duasında deyir:
وَ لایُمْکِنُ الْفِرارُ مِنْ حُکُومَتِکَ
"Sənin hökumətindən qaçmaq mümkün deyil."
Yuxarıdakı ayənin qiyamətə, yaxud dünyaya, yaxud da hər ikisinə aid olması haqqında müxtəlif fikirlər var. Ayədən öncəki və sonrakı ayələrin o biri dünya haqqında olduğuna görə belə başa düşmək olur ki, bu ayədə də Qiyamət günü İlahi ədalət pəncəsindən qaçmaqdan bəhs olunur.
Lakin bəzi alimlər “bir qüdrət olmadan keçə bilməyəcəksiniz” cümləsini bəşərin fəzaya səfəri kimi qəbul edirlər. Onlara görə Quran fəzaya getməyin şərtini elmi və texnoloji inkişafda bilir.
Bu ehtimalda var ki, ayə həm dünya həm də axirətdən söz açmaq istəyir. Yəni, insanın nə bu dünyada göyün qatlarına nüfuz etmək qabiliyyəti var, nə də axirətdə. İntəhası, burada məhdud vasitələr əlinizdə olsa da orda heç bir vasitə yoxdur.
Bəzi alimlər isə ayə haqqında dördüncü təfsiri irəli sürmüşlər. Onlar hesab edirlər ki, ayədə göy qatlarına elmi və fikri nüfuzdan söhbət gedir. Bu, insanın əqli qabiliyyəti ilə tamamilə mümkündür.
Lakin birinci təfsir onların hamısından daha münasib nəzərə çarpır. İslam qaynaqlarında bu zəmində nəql olunan bir sıra hədis də bunu təsdiqləyir.
Belə hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
“Qiyamət günü Allah-taala bəndələrini vahid bir məkanda toplayacaq və aşağı qatın mələklərinə əmr edəcək ki, aşağı ensinlər. Sayları Yer üzündə olan insanların və cinlərin sayından iki dəfə çox olan bu mələklər aşağı enəcəklər. Daha sonra yenə sayları iki dəfə çox olan ikinci qatın mələkləri də aşağı enəcək. Bu minvalla göyün yeddi qatının mələkləri aşağı enəcək və yeddi pərdə kimi insanları və cinləri əhatə edəcəklər. Bu halda nida edən səsləyir: “Ey insanlar və cinlər! Əgər Yerin və göyün qatlarından keçə bilirsinizsə, keçin. Amma İlahi bir qüdrət olmadan keçə bilməyəcəksiniz. Burada onlar görəcəklər ki, onların ətrafını mələklərdən təşkil olunmuş yeddi böyük dəstə bürümüşdür (və ədalət pəncəsindən qaçmaq mümkün deyil).”
Bu təfsirlərdən orta məxrəcə gəlmək də mümkündür. (1)
Şərh qeydə alınmayıb