Qısa cavab:
Hədislərdə “sur” haqqında verilən izahlar göstərir ki, bəzilərinin düşündükləri kimi sur adi bir şeypur deyil. Misal üçün bir hədisdə deyilir: “Sur böyük bir buynuzdur ki, bir başı və iki tərəfi var. Yerə sarı olan aşağı tərəfi ilə və göyə sarı olan yuxarı tərəfinin arasında olan məsafə yerin dərinliyindən göyün yeddinci qatına qədər olan məsafəyə bənzəyir. Onda olan deşiklərin sayı məxluqların ruhlarının sayı qədərdir.”
Ətraflı cavab:
İslami qaynaqlardakı hədislərdə “sur” haqqında verilən izahlar göstərir ki, bəzilərinin düşündükləri kimi sur adi bir şeypur deyil.
Hədislərin birində İmam Zeynalabdindən (əleyhis-salam) nəql olunur:
اِنَّ الصُّورَ قَرْنٌ عَظِیْمٌ لَهُ رَاْسٌ واحِدٌ وَ طَرَفانِ، وَ بَیْنَ الطَّرَفِ الاَسْفَلِ الَّذِی یَلِى الاَرْضَ اِلَى الطَّرَفِ الاَعْلى الَّذِی یَلِى السَّماءَ مِثْلُ تُخُومِ الاَرَضِیْنَ اِلى فَوْقِ السَّماءِ السّابِعَهِ، فِیْهِ اَثْقابٌ بِعَدَدِ اَرْواحِ الْخَلایِقِ!
“Sur böyük bir buynuzdur ki, bir başı və iki tərəfi var. Yerə sarı olan aşağı tərəfi ilə və göyə sarı olan yuxarı tərəfinin arasında olan məsafə yerin dərinliyindən göyün yeddinci qatına qədər olan məsafəyə bənzəyir. Onda olan deşiklərin sayı məxluqların ruhlarının sayı qədərdir.”
Həzrət peyğəmbərdən (səllallahu əleyhi və alih) nəql olunan digər bir hədisdə oxuyuruq:
اَلصُّورُ قَرْنٌ مِنْ نُور فِیْهِ اَثْقابٌ عَلى عَدَدِ اَرْواحِ الْعِبادِ
“Sur, nurdan ibarət bir buynuzdur ki, üzərindəki deşiklər bəndələrin ruhları sayındadır.”
Bu hədis bizim üçün aydınlaşdırır ki, bu böyük nərə bizim adi səs dalğalarımız kimi deyil. Bu nərə daha yüksək bir səsdir ki, işığın sürətindən qat-qat çox sürətli dalğalarla yeri və göyləri qısa bir zamanda qət edir. Birinci dəfə ölüm saçır, ikinci dəfə isə həyat verir.
Belə bir sual yarana bilər ki, səs necə belə öldürücü ola bilər? Əgər keçmişdə təəccüblü də olsa bu gün bizim üçün təəccüblü deyil.
Çünki partlayış dalğası qulaqları kar, bədənləri tikə-tikə, evləri viran etdiyini çox eşitmişik. İnsanları öz yerlərindən qaldırıb uzaq məsafəyə atdığı çox qulağımıza dəyib. Dəfələrlə müşahidə olunmuşdur ki, təyyarənin sürətli hərəkəti, başqa sözlə, səs qatının sınması o qədər dəhşətli və dağıdıcı dalğalar əmələ gətirir ki, imarətlərin pəncərələrini parça-parça sınır. Səs dalğalarının insanlar tərəfindən əmələ gələn kiçik nümunələri bu qədər güclü təsir qoyursa, o böyük İlahi nərə və o böyük dünya partlayışı nə kimi nəticələr verəcək?
Bu üzdən təəccüblü deyil ki, onun müqabilində başqa bir səs dalğası da təkanverici, ayıldıcı və dirildici dalğa olsun. Bu gün biz üçün onu təsəvvür etmək mümkün olmasa da ən azından insanları qışqırmaqla oyatmağı, huşunu itirmiş insanları güclü elektrik şokları ilə huşa gətirməyi görmüşük. Təkrar edirik ki, biz öz məhdud elmimizlə uzaqdan bu hadisələrin kölgəsini görürük. (1)
Şərh qeydə alınmayıb