Qısa cavab:
İnsanların əksəriyyətinin ölümdən qorxmalarının əsas səbəbi bundadır ki, ölümdən sonrakı həyata imanları yoxdur və yaxud olsa da bu iman dərin bir inanc kimi onların fikir və istəklərinə hakim olmamışdır.
Amma insan bütün vücudu ilə inansa ki, dünya möminin zindanı və kafirin cənnətidir, bu torpaqdan yaranmış bədən onun ruhu üçün bir qəfəsdir və qəfəs sınandan sonra azad olacaq, dostla görüşmək ümidi ilə çırpınacaq.
Ətraflı cavab:
İnsanların əksəriyyətinin ölümdən qorxmalarının əsas səbəbi bundadır: ölümdən sonrakı həyata imanları yoxdur və yaxud olsa da bu iman dərin bir inanc kimi onların fikir və istəklərinə hakim olmamışdır.
İnsanın fəna və yoxluqdan olan qorxusu təbiidir. Hətta insan gecənin qaranlığından da qorxur. Çünki zülmət nurun olmamasıdır. Bəzən insan ölüdən də qorxur. Çünki o da fəna istiqamətində “addımlamaqdadır”.
Amma insan bütün vücudu ilə inansa ki, dünya möminin zindanı və kafirin cənnətidir, bu torpaqdan yaranmış bədən onun ruhu üçün bir qəfəsdir və qəfəs sınandan sonra azad olacaq, dostla görüşmək ümidi ilə çırpınacaq.
Əgər bədənin can çöhrəsinin pərdəsi olduğuna inansa, heç şübhəsiz, çöhrəsindən pərdənin götürələciyi anın arzusunda olacaq.
Bəli, əgər insanın baxış tərzi ölüm haqqında belə olsa, həyatı təkamül yolunu keçmək üçün istəsə də heç vaxt ölümdən qorxmaz.
Ona görə də, "Aşura" hədisində deyilir: Düşmənin mühasirə dairəsi nə qədər daralırdısa, İmam Hüseynə (əleyhis-salam) olan təzyiq nə qədər artırdısa, düşmənin sayı nə qədər çoxalırdısa, onların üzləri daha da parlayırdı. Hətta səhabələrdən olan yaşlı kişilərin Aşura günü səhər vaxtı üzləri gülürdü. Onlardan bunun səbəbini soruşanda deyirdilər: “Ona görə ki, az sonra şəhadət şərbəti içəcəyik və hurilərlə birgə olacayıq.”
Ölümdən qorxunun digər səbəbi həddən artıq dünyaya bağlılıqdır. Çünki ölüm onunla sevdiklərinin arasında ayrılıq yaradır. Firavan bir həyat üçün tədarük görmüş, bütün imkanlardan ürək qoparmaq ona çox çətin gəlir.
Digər bir səbəb, yaxşı işlərin az, günahlarınsa çox olmasıdır. Hədisdə belə buyurulur:
Bir şəxs Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gəlib soruşdu:
− Nə üçün mən ölümü sevmirəm?
Peyğəmbər:
− Mal-dövlətin var? – deyə soruşdu.
− Bəli.
− Ondan nəyisə özün üçün öncədən göndərmisənmi? – deyə soruşdu.
− Yox, − deyə cavab verdi.
− Buna görə də ölümü sevmirsən. (Çünki əməl dəftərində yaxşılıqlar yoxdur.)
Bir şəxs Əbuzərin yanına gəlib eyni sualı verdi ki, biz nə üçün ölümə nifrət bəsləyirik?
Əbuzər dedi: “Ona görə ki, siz dünyanızı abad, axirətinizi isə viran etmisiniz. Təbii ki, abad yerdən viran olmuş bir yerə getmək istəməzsiniz. (1)
Şərh qeydə alınmayıb