Qısa cavab:
Qurana görə yoxluq deyil, bir dünyadan başqa dünyaya keçiddir. Rəvayətdə deyilir ki, ölüm möminləri günahdan pak edər və bu aləmin sonuncu narahatçılığıdır. Onların sonuncu günahlarının kəffarəsidir. Halbuki, ölüm kafirləri onların nemətlərindən ayırar. Onlara çatan sonuncu ləzzətdir.
Ətraflı cavab:
Ölüm Qurana görə yoxluq deyil, bir dünyadan başqa dünyaya keçiddir. Ona görə də, Quran ayələrinin çoxunda ölüm sözü “təvəffa” adlandırılır. Bu söz geri almaq, mələklər vasitəsilə ruhu candan almaq deməkdir.
Hədislərdə deyilir: İmam Səccaddan (əleyhis-salam) sual etdilər: “Ölüm nədir?”
İmam (ə) cavab verdi: “Ölüm mömin üçün çirkli və həşərat dolu libası dartıb çıxarıb, ağır zəncir və qandalları açıb onları ən cah-calallı libaslarla, ən xoş ətirlərlə, yeyin gedən miniklərlə, ən rahat mənzillərlə dəyişmək kimidir. Kafir üçün isə cah-calallı libası çıxarıb sevdiyi evlərdən köçüb onları ən çirkli və ən sərt libaslarla, dəhşətli evlərlə və ən ağır əzabla dəyişmək kimidir.”
İmam Məhəmməd ibn Əliyə (əleyhis-salam) də həmin sual verildi. İmam (ə) buyurdu: “Ölüm hər axşam sizin dalınızca gələn yuxudur. Amma onun müddəti uzundur və insan qiyamət gününə qədər ondan oyanmır.”
İmam Hüseyn də (əleyhis-salam) Kərbəlada Aşura günü ağır döyüşlər gedən vaxt silahdaşlarına ölümün əsl mahiyyəti haqqında zərif bir cümlə işlətdi:
“Səbirli olun! Ey böyük insanların övladları! Ölüm yalnız sizi əzab və narahatçılıqlardan geniş bağlara və əbədi nemətlərə aparan körpüdür. Sizin hansı biriniz zindandan qəsrə köçməkdən xoşunuz gəlmir? Düşmənləriniz isə saraydan zindan və əzaba aparılan insanlar kimidirlər. Babam Rəsullullah (sallallahu əleyhi və alih) nəql edirdi ki, dünya möminin zindanı və kafirin cənnətidir. Ölüm onların cənnət bağlarına, bunların isə cəhənnəmə olan körpüsüdür."
Digər bir hədisdə oxuyuruq: İmam Musa ibn Cəfər (əleyhis-salam) bir nəfərin evinə gəldi. O canını tapşırmaq üzrə idi və heç kimə cavab vermirdi. Orada olanlar İmama (ə) belə bir sual verdilər:
− Ey Allahın rəsulunun (sallallahu əleyhi və alih) övladı! Ölümün həqiqətini bizim üçün açıqlayın. Buyurun ki, xəstəmiz indi hansı haldadır?
İmam buyurdu:
− Ölüm saflaşdıran bir vasitədir. Möminləri günahdan pak edər və bu aləmin sonuncu narahatçılığıdır. Onların sonuncu günahlarının kəffarəsidir. Halbuki, ölüm kafirləri onların nemətlərindən ayırar. Onlara çatan sonuncu ləzzətdir. Gördükləri yaxşı işin sonuncu mükafatıdır. Amma bu can verən insan tamamilə günahlarından təmizlənib paklaşmışdır. Necə ki, çirkli libas yumaqla pak olar. O hal-hazırda əbədi dünyada Əhli-beytə (əleyhis-salam) yaxınlardan olmaq şərəfinə nail olmuşdur. (1)
Şərh qeydə alınmayıb