Qısa cavab:
Sual bundan ibarətdir ki, kim bu qədər qeyri-adi elm və qüdrət tələb edən, dəqiq, zərif və sirlə dolu bir məsələni, yəni həyat məsələsini əvvəllər həyata malik olmayan öz şüursuz təbiətinə aid edə bilər?
Məhz burada deyirik: Təbiət aləmində həyat məsələsi Allahın varlığını sübut etmək üçün ən önəmli dəlildir.
Ətraflı cavab:
Qurani-kərim “Bəqərə” surəsinin 28-ci ayəsində yaranışın ən heyrətamiz hadisələrindən birindən söz açmaqla insanların diqqətini Yaradanın varlığına yönəldir. Həqiqətdə, Qurani-kərim bu ayədə Allahın varlığını isbat etmək üçün elə bir məqamdan başlayır ki, heç kim onu inkar etməyə qadir deyil. O, məhz həyat məsələsidir.
İlk öncə buyurur:
کَیْفَ تَکْفُرُونَ بِاللّهِ وَ کُنْتُمْ اَمْواتاً فَاَحْیاکُمْ
"Allaha necə kafir olursunuz, halbuki, siz ölü idiniz, O, sizi diriltdi və sizə həyat bəxş etdi."
Quran bizim hamımıza xatırladır ki, bundan öncə siz daşlar, ağaclar və cansız varlıqlar kimi ölü idiniz. Sizin taleyinizdə həyat yeli əsla əsməmişdi, lakin hazırda həyat və varlıq nemətinə maliksiniz. Sizə müxtəlif üzv və orqanlar, hissiyyat və idrak verilmişdir. Bu varlığı, bu həyatı sizə kim bəxş etmişdir? Yoxsa, özünüz özünüzə vermisiniz?!
Aydındır ki, hər bir insaflı insan tərəddüd etmədən etiraf edə bilər ki, bu nemətlər onun özündən deyil, bəlkə alim və qadir bir həyat mənbəyindən ona çatmışdır. Elə bir kəsdən ki, həyatın bütün sirlərini və onun mürəkkəb qanunlarını bilir və onun tənzimlənməsinə qadirdir.
Burada belə bir sual meydana çıxır ki, nə üçün həyat və varlığı bəxş edən Allaha küfr edirsiniz?
Bütün alimlərə bu məsələ aydındır ki, yaşadığımız dünyada həyat məsələsindən daha mürəkkəb bir şey yoxdur. Çünki təbiət elmləri zəminində bəşər övladına nəsib olan möhtəşəm tərəqqiyə baxmayaraq, hələ də insan həyatının müəmması həll olunmamışdır.
Bu məsələ o qədər sirli və əsrarəngizdir ki, milyonlarla alimin bu haqda düşüncə və səyləri indiyə qədər heç bir nəticə verməmişdir. Söz yox ki gələcəkdə insan səy və çalışqanlığı nəticəsində həyatın sirlərindən tədricən agah olması mümkündür. Lakin sual bundan ibarətdir ki, kim bu qədər qeyri-adi elm və qüdrət tələb edən, dəqiq, zərif və sirlə dolu bir məsələni əvvəllər həyata malik olmayan öz şüursuz təbiətinə aid edə bilər?
Məhz burada deyirik: Təbiət aləmində həyat məsələsi Allahın varlığını sübut etmək üçün ən önəmli dəlildir. Belə ki, onun haqqında neçə-neçə kitab qələmə alınmışdır. Quran yuxarıdakı ayədə bu məsələyə xüsusi formada təkid etmişdir.
Sözügedən neməti xatırlatdıqdan sonra digər aşkar bir dəlili, yəni ölüm məsələsini yada salaraq buyurur:
ثُمَّ یُمیتُکُمْ
"Sonra sizi öldürəcək."
İnsan görür ki, qohum-əqrəba, yaxınlar, dostlar, tanışlar bir-birinin ardınca ölürlər. Onların cansız cəsədləri torpağa tapşırılır. Burada da düşüncə və təfəkkür zamanıdır. Bu həyatı onlardan alan kimdir? Onların həyatı özlərindən olsaydı, əbədi olmalı idilər. Onlardan alınırsa, demək başqası onlara vermişdir.
Bəli, həyatı yaradan ölümü yaradanın özüdür. Belə ki, “Mülk” surəsinin 2-ci ayəsində oxuyuruq:
الَّذی خَلَقَ الْمَوْتَ وَ الْحَیاهَ لِیَبْلُوَکُمْ اَیُّکُمْ اَحْسَنُ عَمَلاً
Şərh qeydə alınmayıb