Qısa cavab:
Əliyyun məəl-həqq" (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi.
Ətraflı cavab:
"Əliyyun məəl-həqq" (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərinin sözlərini qeyd edirik:
1 - Xətib Bəğdadi sənədlərlə Əbu Zakirin qulamı Əbu Sabitdən belə nəql edir: Mən Ümmü Sələmənin yanına gedəndə ağladığını gördüm. O, Əlini yad edərək deyirdi: Peyğəmbərin (s) onun barəsində belə buyurduğunu eşitdim:
عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ
“Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi qiyamət günündə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.” (1)
2 - Heysəmi həmin məzmunlu hədisi sənədlərlə Səd ibn Əbu Vəqqasdan, o da Ümmi Sələmədən nəql etmişdir. (2)
3 - İbn Quteybə, Məhəmməd ibn Əbubəkrin belə dediyini nəql edir: Bacım Aişənin yanına gedib dedim: “Peyğəmbərin (s) “Əli haqq ilə, haqq da Əli ilədir”-deyə buyurduğunu eşitdiyin halda nə üçün onun əleyhinə qiyam edərək müharibə apardın?!” (3)
4 - Zəməxşəri nəql edir ki, Əbu Sabit icazə alaraq Ümmü Sələmənin yanına getdi. Ümmü Sələmə ona buyurdu: “Mərhəba sənə, ey Əbu Sabit! Qəlblər müxtəlif tərəflərə uçan zaman sənin qəlbin kimə doğru meyl etdi?” Əbu Sabit dedi: “Əlinin ardınca getdim.” Ümmü Sələmə buyurdu: “Müvəffəq oldun! And olsun o Allaha ki, canım onun qüdrəti əlindədir! Həqiqətən mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitdim:
عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْقُرْآنِ وَ الْقُرْآنُ مَعَ عَلِىٍّ وَ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ
“Əli haqq ilə və Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.” (4)
5 - Təbərani və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in Qədir-Xum günündə belə buyurduğunu nəql etmişlər:
اَللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ وَعَادِ مَنْ عَادَاهُ... وَاَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ
“Pərvərdigara, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol... Əli hər yerdə olsa, haqqı onunla birgə et!” (5)
6 - Hakim Nişapuri, Tirmizi və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər:
رَحِمَ اللهُ عَلِیّاً، اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ
“Allah Əliyə rəhm etsin! Pərvərdigara, Əli hər yerdə olsa, haqqı onunla birgə dolandır!” (6)
7 - Fəxr Razi öz təfsirində yazır:
“Əli ibn Əbutalibin həmişə “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə oxuması çoxsaylı nəqllərlə sübut olunmuşdur. Hər kəs dinində Əli ibn Əbutalibə iqtida etsə (tabe olsa), mütləq hidayət olunmuşdur. Bu məsələnin dəlili də Peyğəmbər (s)-in buyurduğu bu sözdür:
اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ
“Pərvərdigara, Əli harada olsa, haqqı onunla (Əli ilə) birlikdə dolandır.” (7)
8 - Hafiz Gənci və Xətib Xarəzmi, Zeydin “Müsnəd”indən nəql ediblər ki, Peyğəmbər (s) İmam Əlinin barəsində buyurdu: “Həqiqətən haqq səninlədir, haqq sənin dilində, qəlbində və iki gözlərinin arasındadır. İman mənim ətimlə-qanımla qaynayıb qarışdığı kimi, sənin ətinlə-qanınla da qaynayıb-qarışmışdır.” (8)
9 - Əbu Yəla və başqaları sənədlərlə Əbu Səid Xudridən nəql edirlər ki, Peyğəmbər (s) Əliyə işarə edərək buyurdu: “Haqq onunladır, haqq onunladır.” (9)
10 - Heysəmi sənədlərlə Ümmü Sələmədən belə nəql edir: “Əli haqq üzərindədir, hər kəs ona tabe olsa, haqqa tabe olmuş, hər kəs ondan ayrılsa, haqdan ayrılmışdır. Bu bir əhddir ki, bu gündən qabaq bağlanmışdır.” (10) (11)
Şərh qeydə alınmayıb