Qısa cavab:
Buxarinin nəql etdiyi “Əbubəkrin pəncərəsi” hədisinin sənədində Fuleyh ibn Süleyman, Əkrəmə vardır. Onlar etibarlı hesab olunmur. İbn Əbil-Hədid Mötəzili yazır: “Qapıları bağlayın” hədisi yalnız Əli (əleyhis-salam) barəsində nəql olunmuşdur, amma Əbubəkrin tərəfdarları onu dəyişərək Əbubəkrə aid etmişlər. Buna görə də sözü gedən hədisi onun nəql etdiyi saxta hədislərdən biri kimi qeyd etmək olar.
Ətraflı cavab:
Fəzl ibn Ruzbəhan “Əlinin qapısından başqa bütün qapıları bağlayın” hədisinə etiraz edərək yazır: “Səhih sənədlərlə “Səhiheyn”də qeyd olunur ki, Peyğəmbər (s) Əbubəkrin pəncərəsindən başqa bütün pəncələrin bağlanmasına əmr etdi. Bu da Əbubəkr üçün bir fəzilətdir!” (1)
Buxari özünün sənədləri ilə Əkrəmədən, o da İbn Abbasdan nəql edir ki, Peyğəmbər (s) buyurdu: “...Məscidə açılan hər kiçik pəncərəni mənim tərəfimdən bağlayın, yalnız Əbubəkrin kiçik pəncərəsindən başqa.” (2)
Digər bir hədisə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql edirlər: “Əbubəkrin qapısından başqa bütün qapıları bağlayın!” (3)
Cavabda deyirik:
1 – “Əbubəkrin pəncərəsi” hədisinin düzgün olduğu fərz olunsa belə, o insanda güman yaradacaq vahid xəbərdir və İmam Əlinin (əleyhis-salam) qapısı ilə əlaqədar olan qəti və mütəvatir xəbərlərlə müqabilə edə bilməz.
2 - İbn Əbil-Hədid Mötəzili yazır: “Qapıları bağlayın” hədisi yalnız Əli (əleyhis-salam) barəsində nəql olunmuşdur, amma Əbubəkrin tərəfdarları onu dəyişərək Əbubəkrə aid etmişlər. (4)
Bu ehtimal çox güclüdür. Çünki, bu kimi işləri başqa yerlərdə, o cümlədən, “elm şəhəri”, “mənzilət” və sair hədislər barəsində də görmüşlər. Buna görə də Suyuti “Əl-ləalil-məsnuə” kitabında Xətib Bəğdadidən nəql edir ki, bu hədis Əbubəkrin qapısı barəsində səhvdir.
3 - Hədisin sənədində Fuleyh ibn Süleyman vardır. Nisai yazır: “O, etibarlı adam hesab olunmur.” (5).
Həmçinin Zəhəbi, İbn Müinin, Əbu Hatəmin və Nisainin onun barəsində həmin ifadəni işlətdiyini demişdir. (6)
Əbu Hatəm deyir: Müaviyə ibn Salehdən eşitdim ki, “Yəhya ibn Müin deyirdi: Fuleyh ibn Süleyman və onun övladı siqə deyildir.” Osman ibn Səid, Yəhyadan rəvayət edir ki, “Fuleyh zəifdir.” İbn Abbas, Yəhyadan rəvayət edir ki, “Fuleyhin rəvayətlərinə istinad olunmur.” Əbdullah ibn Əhməd deyir: “İbn Muinin belə dediyini eşitdim: Üç nəfərin hədislərindən çəkinmək lazımdır: Məhəmməd ibn Təlhə ibn Müsrəf, Əyyub ibn Əqəbə və Fuleyh ibn Süleyman.” (7)
İbn Həcər də Fuleyhin tərcümeyi-halında zəif nöqtələri qeyd etmişdir. (8)
4 - Buxarinin nəql etdiyi “Əbubəkrin pəncərəsi” hədisinin sənədində Əkrəmə vardır. O, yalançılıq və küfrdə müttəhim olunur. Əkrəmə xaricilər firqəsindəndir. (9)
Zəhəbi “Mizanul-etidal” kitabında Yəhya ibn Səid Ənsaridən nəql edir ki, “Əkrəmə çox yalançı adamdır!” Onun barəsində həmin təbir İbn Sirindən də nəql olunmuşdur. (10)
Həmçinin “Təzkirətul-huffaz” kitabında nəql olunur ki, Əkrəmə xəvaricin rəyinə etiqad bəsləyirdi. Buna görə də Malik və Müslim ondan üz çevirmişdilər. (11)
Zəhəbi nəql edir ki, Əkrəmə bir gün məscidin qapısında dayanaraq dedi: “Bu məsciddəki adamların hamısı kafirdir!” (12)
İbn Həcər, Səd ibn Müsəyyibin öz qulamına belə dediyini nəql edir: “Ey Bərd! Əkrəmənin İbn Abbasa yalan dediyi kimi mənə yalan demə!” (13)
5 – “Əbubəkrin pəncərəsi” hədisinin sənədində Cərir ibn Hazim diqqəti cəlb edir. Əhməd ibn Hənbəl onu “kəsirul-ğələt” – səhvi çox olan adam kimi təqdim etmişdir. İbn Həbban da onu “kəsirul-xəta" – xatası çox olan adam bilmişdir. Habelə, Saci nəql edir ki, Cərir “qəlb” (saxta) hədisləri nəql edirdi. Bu təbir Əzdidən də nəql olunmuşdur. (14)
Buna görə də sözü gedən hədisi onun nəql etdiyi saxta hədislərdən biri kimi qeyd etmək olar. Çünki, İmam Əli (əleyhis-salam) üçün olan hədisi saxtalaşdıraraq Əbubəkrə uyğunlaşdırmışdır.
6 - Buxari “Əbubəkrin pəncərəsi” hədisini başqa sənədlə də nəql etmişdir (15). Belə ki, onun sənədində İsmail ibn Abdullah ibn Üveys ibn Malik vardır ki, bir dəstə onu cərh və qədh etmişlər. Nəzr ibn Sələmə onu təzkib etmişdir. Dar Qutni isə demişdir: “Mən onu seçmirəm!” Həmçinin: "o rüşvətxor olmuşdur." (16)
Qazi Eyni yazır: İsmail ibn Əbu Üveysin özü saxta hədis düzəltdiyini iqrar etmişdir. İbn Muin demişdir ki, İsmailin ən xırda pul qədər belə, dəyəri yoxdur. Nəzir ibn Sələmə deyir ki, o kəzzabdır. (17) (18)
Şərh qeydə alınmayıb