Qısa cavab:
“Əl-vəşiə” kitabının müəllifinin nəzərinə görə, sanki bu ayənin mütə barəsində nazil olması şiələrə məxsus iddia hesab olunur, qeyri-şiə kitablarında da belə bir nəzəriyyə tapılmır! Halbuki əhli-sünnət kitablarına müraciət etdikdə belə bir əqidə öz sahibinin cəhalət və məlumatsızlığını göstərir.
Ətraflı cavab:
O yazır (1): “Ümmət müvəqqəti evlənmək barəsində çoxlu sözlər demişlər. Lakin mən hesab edirəm ki, müvəqqəti izdivac cahiliyyət dövrünün qalıqlarındandır! Mənim nəzərimə əsasən, imanlı, Quran kəlmələri ilə tanış olan, onun möcüzə olmasına etiqad bəsləyib düzümünü düzgün şəkildə dərk edən bir insanın “fəməstəmtə’tum bihi minhunnə” ayəsinin mütə barəsində nazil olduğunu deməsi doğrudan da qəribədir! Belə sözü dərindən fikirləşmədən danışan nadanlardan başqası deməz... Şiə kitablarından başqa elə bir kəs tapmaq olmaz ki, qeyd olunan ayənin mütə barəsində nazil olduğunu demiş olsun. İslam ümməti mütənin haram olması barəsində yekdil fikirdədirlər!”
Cavabında deyirik: Bunlar “Əl-vəşiə” kitabının müxtəlif səhifələrindən bir yerə toplanan cümlələrdir. Bu qaranlıq, irticaçı səhifələr həqiqətən elm və ədəb qaydalarından çox-çox uzaqdır. Bu sözlərlə islam göstərişləri arasında yerdən göyə qədər fasilə vardır! (2)
Mütə və ya müvəqqəti izdivac barəsində alimlər tərəfindən, xüsusilə sön dövrün təhqiqatçıları tərəfindən aparılan tədqiqatlara diqqət yetirsək sözü uzatmağa ehtiyac duyulmaz. (3) Lakin bizim üçün mühüm məsələ budur ki, insanlara “Əl-vəşiə” kitabının müəllifinin elm, bilik və Quran barəsində söylədikləri cinayət və yalanlarına başa salmaqdır ki (4), tədqiqat əhli üçün onun həqiqətləri necə gizlətməsi, elmi yığıncaqlarda Qurana və sünnətə zidd olan mətləbləri necə rəvac verməsi aydın olsun.
Quranın müvəqqəti izdivac barəsindəki ayəsi:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ اُجُورَهُنَّ فَرِیضَهً وَلاَجُنَاحَ عَلَیْکُمْ فِیَما تَرَاضَیْتُم بِهِ مِن بَعْدِ الْفَرِیضَهِ اِنَّ اللَّهَ کَانَ عَلِیماً حَکِیماً
“Mütə etdiyiniz (müvəqqəti evləndiyiniz) qadınlar barədə sizə vacibdir ki, mehriyyələrini verəsiniz. Sizin üçün günah deyildir ki, mehr təyin edəndən sonra bir-birinizlə razılığa gələsiniz. (Sonradan razılaşma ilə onu artırıb-azalda bilərsiniz.) Allah elmli və hikmətlidir.”
“Əl-vəşiə” kitabının müəllifi Musanın nəzərinə görə, sanki bu ayənin mütə barəsində nazil olması şiələrə məxsus iddia hesab olunur, qeyri-şiə kitablarında da belə bir nəzəriyyə tapılmır! Halbuki əhli-sünnət kitablarına müraciət etdikdə belə bir əqidə öz sahibinin cəhalət və məlumatsızlığını göstərir. Nümunə üçün:
1. Hənbəlilərin imamı Əhməd “Müsnəd” kitabında (6) bütün raviləri siqə olan səhih sənədlərlə İmran ibn Hüseyndən belə nəql edir: “Quranda mütə ayəsi nazil oldu və biz Peyğəmbərin dövründə ona əməl edirdik. Bundan sonra onu qüvvədən salacaq, nəsx edəcək bir ayə nazil olmadı və Peyğəmbər də ömrünün axırına kimi onu qadağan etmədi.”
2. Əbu Cəfər Təbəri (310-cu ildə vəfat edib) “Təfsir” kitabında (7) öz sənədləri ilə Əbu Nüzrədən belə nəql edir: İbn Abbasdan müvəqqəti izdivac barəsində soruşduq.
O dedi: – “Nisa” surəsini oxamamışsanmı?
Dedim: – Əlbəttə!
Dedi: – Bu surədə “fəməstəmtə`tum bihi minhunnə ila əcəlin müsəmma” ayəsini görməmişsənmi?
Dedim: – Əgər belə oxusaydım, soruşmazdım.
O dedi: – Ayə mənim oxuduğum kimidir.
3. Hafiz Əbubəkr Beyhəqi (458-ci ildə vəfat edib) öz sənədləri ilə “Əs-sünənul-kubra” kitabında (8) Məhəmməd ibn Kəbdən, o da İbn Abbasdan (Allah ondan razı olsun!) belə rəvayət edir: “Mütə islamın əvvəllərində halal idi və rəvac tapmışdı. Bu ayəni onun (mütənin) barəsində belə oxuyurduq: “Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin müsəmma.”
4. Əbul-Qasim Carullah Zəməxşəri Mötəzili (538-ci ildə vəfat edib) “Kəşşaf” adlı təfsirində (9) yazır: “Deyilmişdir ki, bu ayə müvəqqəti izdivac barəsində nazil olmuşdur. İbn Abbasdan nəql olunur ki, bu ayə Quranın möhkəm ayələrindəndir və nəsx olunmamışdır. Onlar ayəni belə oxuyurmuşlar: “Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin müsəmma.”
5. Vəfatı qəməri tarixi ilə 567-ci ilə təsadüf edən Əbubəkr Yəhya ibn Sədun Qurtubi (10) öz təfsirində (11) bu ayənin mənası ilə əlaqədar fikir ayrılıqlarını nəql etdikdən sonra yazır: “Bütün müfəssirlər demişlər ki, ayədə məqsəd islamın əvvəllərində adi qayda olan müvəqqəti izdivacdır. İbn Abbas və Səid ibn Cübeyr ayəni belə tilavət edirdilər: “Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin müsəmma”
6. Əbu Abdullah Fəxruddin Razı Şafei (606-cı ildə vəfat edib) özünün “Kəbir” adlı təfsirində (11) sözü gedən ayə barəsində iki nəzəriyyəni qeyd edəndən sonra yazır: “Birincisi alimlərin əksəriyyətinin nəzəriyyəsi, ikincisi isə ayənin mütə hökmü barəsində olduğunu deyən nəzəriyyədir. Hamı mütənin islamın əvvəllərində halal olması barədə yekdil fikirdədir. İxtilaf həmin ayənin nəsx olunub-olunmamasındadır.”
7. Hafiz Cəlaləddin Süyuti (911-ci ildə vəfat edib) “Əd-durrul-mənsur” kitabında (13) yazır: “Təbərani (14), Beyhəqi öz “Sünən” kitabında (15) İbn Abbasdan nəql edirlər ki, mütə islamın əvvəllərində halal idi və o ayəni belə oxuyurdular: “Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin müsəmma.”
Qeyd etmək lazımdır ki, islamda müvəqqəti izdivacın şərtləri aydındır:
1-Ücrət (mehriyyə);
2-Müddət;
3-“İcab” və “qəbula” şamil olan əqd;
4-Müddətin sona çatması ilə, yaxud bağışlanması ilə bir-birindən ayrılmaq;
5-Qadın istər azad olsun, istər kəniz; istər hamilə olsun, istər qeyri-hamilə, iddə saxlamalıdır;
6-İrs aparmırlar.
Bu şərtləri və fəqihlərin öz fiqhi kitablarında yazdıqları hədd-hüdudu mühəddislər “Sihah”, “Müsnəd” kitablarında və təfsirçilər təfsir kitablarında – sözügedən ayənin şərhində qeyd etmişlər. Onların hamısı – istər bu hökmün həmişəlik, istərsə də nəsx olunmazdan qabaq müvəqqəti halal olmasına inanarlar – yekdil fikir əsasında demişlər ki, bunlar islami və şəri hüdudlardır və onlara riayət etmək zəruridir.
İndi soruşuruq: “Əl-vəşiə” kitabının müəllifi hansı əsasla “mütə cahiliyyət izdivaclarından və cahiliyyət dövrünün tarixi nikah formalarındadır, müqəddəs şəriət hakiminin icazəsi ilə olmamışdır!” − deyir?! Cahiliyyət dövründə nə vaxt bu kimi şərtlər və hədd-hüdud qalibində hökm olmuşdur?!
Məgər tarixçilər cahiliyyət dövrünün adət-ənənələri və evlənmələrini hamılıqla qeydə almamışlarmı?! Halbuki, onların arasında müvəqqəti izdivaca və mütəyə oxşayan heç bir izdivac yoxdur!
Bəli, o istədiyi şeyləri deyir və öz dediklərinə diqqət yetirmir. (16)
Şərh qeydə alınmayıb