Qısa cavab:
“İbtila” ayəsinə dərindən diqqət yetirməklə aydın olur ki, imamət məqamı nübüvvət məqamından yüksəkdədir. Nübüvvət məqamı Allah tərəfindən xəbər verməkdir, lakin imamət məqamı hidayət və rəhbərlik məqamı, hətta cəmiyyətin əlindən tutub hidayət etməkdir. Bu məqam insanları zahiri və batini cəhətdən hidayət etmə məqamıdır ki, dünya və axirətdə həqiqi kamala və səadətə nail olsunlar.
Ətraflı cavab:
“İbtila” ayəsinə əsasən (1) “imamət” məqamı nübüvvət və risalət məqamından üstündür. Çünki bu məqam həzrət İbrahimə (əleyhis-salam) çoxlu imtahanlardan başıuca çıxdıqdan sonra verilmişdi. Bu ayədə həzrət İbrahimə verilən “imamət” məqamı ilə əlaqədar iki ehtimal verilir:
1. İmamət dedikdə məqsəd təşrii bir məqam olub nübüvvətdən üstün olan bir mənsəbdir. Onun bütün əməl və sözlərdə mütləq (qeydsiz-şərtsiz) şəkildə tabe olmağın vacibliyi kimi təsiri var.
İzah: Nübüvvət və risalət – öz-özlüyündə bütün əməl, rəftar və davranışlarda peyğəmbərə və rəsula iqtida etməyin vacibliyinə dəlalət etmir. Onun dəlalət edəcəyi axırıncı məna – dəvət və risalət hüdudlarında Allahın göstərişlərinə qulaq asıb itaət etməkdən ibarətdir. Yalnız başqa bir dəlil nəbi və ya rəsul üçün belə bir məsələni (itaət etməyi) tələb edərsə, bu hal istisnadır. Məsələn, Allah-taala buyurur:
وَما اَرْسَلْنا مِنْ رَسُول اِلاّ لِیُطاعَ بِاِذْنِ اللهِ
“Biz hər bir peyğəmbəri, yalnız Allahın fərmanı ilə ona itaət olunsun deyə göndərdik.” (2)
Həmçinin buyurur:
لَقَدْ کانَ لَکُمْ فِی رَسُولِ اللهِ اُسْوَهٌ حَسَنَهٌ
“Şübhəsiz, sizin üçün Allahın Rəsulunun həyatında gözəl örnəklər vardır.” (3)
2. İkinci ehtimal budur ki, “İbtila” ayəsindəki imamət təkvini bir məqamdır. Belə ki, imam onun vasitəsilə istedadı olan nəfslərin (insanların) əlindən tutaraq batin yolu ilə onları haqq-həqiqətə hidayət etmək imkanı əldə etsin.
İlk baxışda belə nəzərə çarpır ki, hər iki məna “İbtila” ayəsinin məfhumuna ardıcıl formada daxildir. Lakin dərindən diqqət yetirməklə və digər ayələrə müraciət etməklə başa düşmək olar ki, bu ayə ikinci ehtimal və mənanı bəyan edir. Çünki Allah-taala başqa bir ayədə buyurur :
وَجَعَلْناهُمْ اَئِمَّهً یَهْدُونَ بِاَمْرِنا
“Və onları insanlar üçün imamlar qərar verdik ki, Bizim fərmanımızla insanları hidayət etsinlər.” (4)
Bu hidayət sadəcə yolun göstərilməsi, höccətin tamamlanması və hədəfin aydınlaşdırılması deyildir. Çünki bu insanlar imamət məqamına çatmazdan əvvəl nübüvvət və risalət məqamına da malik idilər ki, bu da hədəfi aşkar bəyan etmək və yol göstərmək məqamıdır. Xüsusilə, yuxarıdakı ayədə imamlar barəsində “Bizim əmrimizlə hidayət edərlər” ifadəsi gəlmişdir. Buna əsasən, imama məxsus olan hidayət dedikdə məqsəd təkvini hidayət və istedadı olan nəfsləri yetişdirərək dəyişməkdir.
“İbtila” ayəsinə dərindən diqqət yetirməklə aydın olur ki, imamət məqamı nübüvvət məqamından yüksəkdədir. Nübüvvət məqamı Allah tərəfindən xəbər verməkdir, lakin imamət məqamı hidayət və rəhbərlik məqamı, hətta cəmiyyətin əlindən tutub hidayət etməkdir. Bu məqam insanları zahiri və batini cəhətdən hidayət etmə məqamıdır ki, dünya və axirətdə həqiqi kamala və səadətə nail olsunlar. Bu məna “İbtila” ayəsindən gözəl şəkildə əldə olunur. (5)
Şərh qeydə alınmayıb