Qısa cavab:
Qurani-Kərimdə həm qeyb elminin Allaha məxsus olduğunu göstərən eləcə də peyğəmbərlərə qeyb elmi bəxş olunduğunu göstərən ayələr var. Qeyb elminin Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil formada nəzərdə tutulur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün sayan ayələrdə isə onun tabe, asılı və Allahın izni ilə verilən forması nəzərdə tutulur.
Ətraflı cavab:
Bəzi insanlar güman etmişlər ki, qeyb elmi yalnız Allah-taalaya məxsusdur və ondan başqa heç kəsin qeybdən agah ola bilməz. Onlar aşağıdakı ayələrə istinad edirlər:
1.وَعِنْدَهُ مَفاتِحُ الْغَیْبِ لا یَعْلَمُها اِلاّ هُوَ
“Qeybin açarları yalnız Onun ixtiyarındadır və Ondan başqa heç kəs bunları bilmir.” (1)
2.قُلْ لا اَمْلِکُ لِنَفْسی نَفْعاً وَلا ضَرّاً اِلاّ ما شاءَ اللهُ وَلَوْ کُنْتُ اَعْلَمُ الْغَیْبَ لاَسْتَکْثَرْتُ مِنَ الْخَیْرِ وَما مَسَّنِیَ السُّوءُ اِنْ اَنَا اِلاّ نَذِیرٌ وَبَشِیرٌ لِقَوْم یُوْمِنُونَ
“(Ey Peyğəmbərimiz! Camaata) De: Mən özüm üçün heç bir fayda və ziyana malik deyiləm; Allahın mənim üçün istədiklərindən başqa. Əgər mən qeybdən agah olsaydım, həmişə öz xeyirlərimi artırardım və heç vaxt mənə ziyan və zərər çatmazdı. Mən yalnız iman əhlini qorxudan və onlara müjdə verən peyğəmbərəm.” (2)
3.قُلْ لا یَعْلَمُ مَنْ فِی السَّماواتِ وَاْلاَرْضِ الْغَیْبَ اِلاَّ اللهُ وَما یَشْعُرُونَ اَیّانَ یُبْعَثُونَ
“(Ey Peyğəmbərimiz!) De: Asimanda və yerdə Allahdan başqa heç kəs qeyb elmindən agah deyildir və heç kəs nə vaxt diriləcəyini və nə vaxt qəbirdən qaldırılacağını bilmir.” (3)
Bu dəlillərə cavab olaraq deyirik:
Bu iddianı edən şəxs yalnız qeyb elmini Allaha məxsus edən ayələrə diqqət yetirmiş, elmin təkcə Allaha məxsus olmadığını göstərən digər ayələr isə onun nəzərindən qaçmışdır. Allah-taala “Cin” surəsində buyurur:
عالِمُ الْغَیْبِ فَلا یُظْهِرُ عَلى غَیْبِهِ اَحَداً اِلاّ مَنِ ارْتَضى مِنْ رَسُول...
“O (Allah) qeyb elmini bilir və Allahın razı olduğu peyğəmbərlərdən başqa heç kəs qeyb aləminə agah deyildir.” (4)
Ayədəki istisnadan aydın olur ki, mütəal Allah zatən və əsalətən qeyb elmini bilir və bu elmi razı olduğu peyğəmbərlərə də bəxş edir. Peyğəmbərin səlahiyyəti çatdığı hər bir şeyə imamın da səlahiyyəti çatdığından imam da bu ilahi inayətlərə malik olmalıdır. Çünki onların hər ikisi şəriəti bəyan edirlər. Quran da peyğəmbərlər və övliyalar üçün qeybi məlumatların növlərinə işarə edərək buyurur:
ذلِکَ مِنْ اَنْباءِ الْغَیْبِ نُوحیهِ اِلَیْکَ
“O qeyb xəbərlərindəndir ki, biz sənə vəhy etdik.” (5)
Həzrəti İsanın dilindən buyurur:
وَاُنَبِّئُکُمْ بِما تَاْکُلُونَ وَما تَدَّخِرُونَ فی بُیُوتِکُمْ
“Sizə evlərinizdə yediyiniz və ehtiyat saxladığınız şeylərdən xəbər verərəm.” (6)
Buna əsasən, yuxarıdakı iki qisim ayələrin arasında uyğunluq yaratmaq üçün demək lazımdır ki, qeyb elminin Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil formada nəzərdə tutulur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün sayan ayələrdə isə onun tabe, asılı və Allahın izni ilə verilən forması nəzərdə tutulur.
Eyni şəkildə peyğəmbərlərin qeyb elminə malik olduqlarını ilk baxışda inkar edən ayələrə də cavab vermək olar. Çünki bu ayələr peyğəmbərin qeyb elmini müstəqil şəkildə bildiyini inkar edir, mütləq şəkildə yox.
İbn Həcər Heytəmi yazır:
“«De: Asimanda və yerdə olanlarda Allahdan başqa heç kəs qeyb elmini bilmir» (7) ayəsi, eləcədə « Allah-taala qeybi bilir və heç kəsi qeyb sirlərindən agah etmir» (8), ayəsi ilə ilahi peyğəmbərlər və övliyalara qeyb elminin bir qisminin verilməsi arasında heç bir ziddiyyət yoxdur. Çünki onların elmi Allah tərəfindən bəxş olunur və bu da Allah-taalanın əzəli və əbədi sifətlərindən olan elmindən tamamilə başqadır. Bu elmdə heç bir dəyişiklik baş verə bilməz.” (9)
İbn Əbil-Hədid Mötəzili yazır: “Biz qeybdən xəbər verən şəxslərin varlığını inkar etmirik, lakin onu mütəal Allahla bağlayırıq ki, qabiliyyət, imkan və səbəblərini hazırlamaqla onlara bəxş etmişdir.” (10) (11)
Şərh qeydə alınmayıb