Qısa cavab:
“Peyğəmbərlərin canişinləri onların öz nəsillərindən seçilir” dedikdə məqsəd budur ki, Allah-taala onlara bu məqamı qəbul edə bilmək üçün lazımi qabiliyyət və ləyaqət vermişdir. Qurani-kərim bu qabiliyyətləri nəzərdə almaqla peyğəmbərlərdə irsi hökumətin olduğunu təsdiq edir
Ətraflı cavab:
Əbul-Həsən Nədvi şiələrə etiraz edərək yazır: “İmamiyyə şiələrinin imamət və xilafət məsələsindəki əqidələri Allahın və Rəsulunun hədəflərinə uyğun gəlmir. Çünki onlar irsi hökumətə inanırlar...” (1)
Cavabında deyirik:
Əvvəla, “peyğəmbərlərin vəsiyyət etdikləri şəxslər onların öz nəsillərindən seçilir” – dedikdə məqsəd budur ki, Allah-taala onlara bu məqamı qəbul edə bilmək üçün lazımi qabiliyyət və ləyaqət vermişdir. Əgər “irsi” dedikdə məqsəd “onlar bu məqama layiq olmasalar da sadəcə peyğəmbərlərin övladları olduqlarına görə imam olmalıdır” demək olsa, imamiyyə şiələrinin belə bir etiqadları yoxdur.
İkincisi, əgər Əbul-Həsən Nədvinin dediyi kimi irsi hökumət maddi hökumətlərin şüarıdırsa və ilahi peyğəmbərlər bundan uzaq olmalıdırlarsa (2), onda nə üçün Qurani-kərim qabiliyyətləri nəzərdə almaqla peyğəmbərlərdə də irsi hökumətin olduğunu təsdiq edir?! Misal üçün:
اَمْ یَحْسُدُونَ النّاسَ عَلى ما آتاهُمُ اللهُ مِنْ فَضْلِهِ فَقَدْ آتَیْنا آلَ اِبْراهِیمَ الْکِتابَ وَالْحِکْمَهَ وَآتَیْناهُمْ مُلْکاً عَظِیماً
“Yoxsa onlar Allahın insanlara Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə də kitab və hikmət verdik və onlara böyük bir hökumət bəxş etdik.” (3)
Digər tərəfdən, müşahidə etdiyimiz kimi həzrət İbrahim (əleyhis-salam) imaməti öz övladları üçün istədi və Allah-taala buyurdu:
وَاِذِ ابْتَلى اِبْراهِیمَ رَبُّهُ بِکَلِمات فَاَتَمَّهُنَّ قالَ اِنِّی جاعِلُکَ لِلنّاسِ اِماماً قالَ وَمِنْ ذُرِّیَّتِی قالَ لا یَنالُ عَهْدِی الظّالِمِین
“Yada sal o zamanı ki, Pərvərdigarı İbrahimi müxtəlif imtahanlarla sınağa çəkdi və bu bunların öhdəsindən gəldiyi zaman Allah ona buyurdu: “Mən səni insanların imamı qərar verdim.” İbrahim dedi: “Mənim övladımdan da?! Allah-taala buyurdu: “Mənim əhd-peymanım zalımlara çatmaz (yalnız ləyaqətli olanlara çatar).” (4)
Bu ayədə Allah-taala irsi imamət və hökuməti mütləq şəkildə yox, əksinə həzrət İbrahimin övladlarından olan zalımlardan inkar etmişdir.
Üçüncüsü, İmamət, nübüvvət və canişinliyin Peyğəmbər nəslinə verilməsinin sirri bu ola bilər: Peyğəmbərin nəsli müəyyən cəhətlərdən pak-pakizə, onun ailəsi ilahi bir ailədir, digər tərəfdən də Peyğəmbər nübüvvət və kamalına görə insanların qəlbində özünə yer açmış, onların arasında xüsusi sevgiyə malik olmuşdur. İnsanlar bir şəxsi sevdikləri zaman ona yaxın olanları, qohum-əqrəbasını da sevirlər. Xalq arasında sevilən bir şəxsə daha çox itaət olunur.
Buna görə də nübüvvət, canişinlik və imamət üçün ən münasib şəxs Peyğəmbərin nəslindən və övladından olanlardandır. Onu da qeyd etmək lazımdır ki, biz bu məqamları da qeydsiz-şərtsiz qəbul etmir, onun üçün müəyyən qabiliyyət və şərtləri lazım bilirik ki, onlardan biri də ismət, lədunni elm, camaat arasında ən yüksək fəzilətə, kamala malik olmaqdır. (5)
Şərh qeydə alınmayıb