Qısa cavab:
“Ənam” surəsinin 75-ci ayəsində həzrət İbrahimin (ə) səma və yer mələkutunu (səltənətini) müşahidəsindən söz açır, hansı ki yalnız mükaşifə və şühud ilə mümkündür. “Tövbə” surəsinin 105-ci ayəsi bu həqiqəti bəyan edir ki, Peyğəmbər (s) və imamlar insanların yaxşı və pis əməllərini görən dərk və bəsirətə sahibdirlər. “Nəcm” surəsində – bir qrup təfsirçilərin əqidəsinə əsasən – Peyğəmbərin (s) Cəbraili müşahidəsinə işarə edilir, başqa bir dəstənin nəzərinə görə Həzrət Rəsul (s) Allahın müqəddəs zatını müşahidə edir.
“Təkasur”, “Furqan”, “Ənfal”, “Yusif” və “Məryəm” surələrində də mükaşifə və intuisiyaya işarə edilib.
Ətraflı cavab:
Qurani-kərimin bir neçə ayəsində mükaşifə (kəşf) və intuisiyaya bilik qaynaqlarından biri kimi işarə edilib. Onlardan bəzilərini şərh edirik:
1. “Ənam” surəsinin 75-ci ayəsində buyurulur:
“وَکَذلِکَ نُرِى اِبْراهِیْمَ مَلَکُوتَ السَّمَوْاتِ وَالاَرْضِ وَ لِیَکُونَ مِنَ الْمُوْقِنِینَ”
“Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun”.
Qurani-kərim yuxarıdakı ayədə tövhid qəhrəmanı İbrahim peyğəmbərin (ə) şirk və bütpərəstliklə mübarizəsinə işarə etdikdən sonra, yəqin və iman baxımından onun ali məqamından və dəlilindən söz açır. Bəlkə də, bu Allahın bütpərəstliklə mübarizəsindən dolayı İbrahimə (ə) mükafatıdır; göy və yer səltənətini göstərdi və İbrahim (ə) yəqin əhlindən oldu, yəni “əynul-yəqin”, “həqqul-yəqin” məqamına çatdı.
Nəzərə alsaq ki, “əs-səməvat” cəm formasında və “əlif və lam”la yanaşı qeyd edilib, bu da ümumiliyə dəlalət edir, buradan məlum olur ki, Allah-taala İbrahimi (ə) mələkutdan, yəni Allahın bütün göylərə, qalaktikalara, sabit və hərəkətli ulduzlara və s. hakimiyyətini, həmçinin zahir və batin də daxil olmaqla, bütün yer üzərindəki hakimiyyətindən xəbərdar etdi. Quran bu xəbərdarlığı “ارایه” (göstərmək) kimi ifadə edir.
İnsan fiziki göz və əqli arqumentlərlə bütün həqiqətləri görmək iqtidarında olmadığı üçün Allah-taala mükaşifə və müşahidə vasitəsilə, eyni zamanda adi halda gözümüzu örtərək bir çox həqiqətləri görməyə mane olan pərdələri kənarlaşdırmaqla sözügedən həqiqətləri İbrahim peyğəmbərə (ə) göstərdi.
Fəxri Razi öz təfsir kitabında “ارایه” – “göstərmək” ibarəsi barədə iki ehtimal irəli sürür: birincisi, məqsəd hissi göstərməkdir, ikincisi isə əqli arqumentlər sayəsində müşahidədir. Sonra doqquz fərqli dəlillə ikinci ehtimalı ayənin təfsiri əsnasında şərh edir. (1)
Lakin insan əqli vasitə və sırf hiss yolu ilə ilahi hakimiyyətin aləmi əhatə edən bütün sirlərini kəşf edə bilməz. Bu mövzu ayrı dərk və görüş tələb edir. Bu üzdən “Fi zilalil-Quran” təfsirində deyilir:
Məqsəd İbrahimi (ə) yaranışın gizli məqamlarından xəbərdar etmək və varlıq kitabında həkk olunmuş nişanələrin üzərindən pərdə götürmək olub ki, bununla İbrahim (ə) tam yəqin dərəcəsinə yetişsin. (2)
Başqa ifadə ilə, həzrət İbrahim (ə) ilk olaraq, fitri və arqumentasiyalı tövhidi günəş, ay və ulduzların çıxıb-batmasını müşahidə ilə qazandı. Sonra bütpərəstliklə mübarizə apardı və bu böyük cihad sayəsində mütəmadi tövhid mərhələlərini bir-birinin ardınca arxada qoyaraq, elə bir məqama çatdı ki, Allah qəlbindən pərdələri kənarlaşdırıb, aləmin batinini görmək mərhələsinə yetişdirdi.
Bu üzdən sözügedən ayənin təfsiri ilə bağlı İmam Sadiqdən (ə) nəql edilən hədisdə buyurulur:
“کُشِطَ لاِبْراهِیْمَ السَّمَواتُ السَّبْعُ حَتّى نَظَرَ مافَوْقَ الْعَرْشِ وَ کُشِطَ لَهُ الاَرَضُوْنَ السَّبْعُ وَ فُعِلَ بِمُحَمَّد (صلى الله علیه وآله) مِثلُ ذلِکَ ... وَالایِمَهُ مِنْ بَعْدِهِ قَدْ فُعِلَ بِهِمْ مِثْلُ ذلِکَ” (3).
“Allah yeddi göyün pərdələrini İbrahimin (ə) gözündən kənara çəkdi ki, ərşin üstünə nəzər salsın. Həmçinin, yeddi yerin pərdəsini kənarlaşdırdı və həmin işi Məhəmməd (s) üçün də belə etdi... və ondan sonrakı imamlar üçün də”.
“əl-Burhan” təfsirində bu xüsusda çoxsaylı hədislər nəql olunub. Hamısı da bu dərk və görüşün hissi və əqli dərkdən, görüşdən fərqli olduğunu göstərir.
“əl-Mizan” təfsirində də qeyd edilir ki, “mələkut” əşyaların Allaha və pak zatına bağlılıqları cəhətindən varlığına işarədir. Bu, həzrət İbrahimin (ə) müşahidə etdiyi və ondan xalis tövhidi öyrəndiyi həqiqətdir. (4)
“Durrul-mənsur” təfsirində də bir hədis Allah Rəsulundan (s) və bir hədis də İbn Abbasdan nəql edilir. Yenə də hədislər Allahın pərdələri kənara çəkdiyini və göylərin mələkutunu, yəni Özünün varlıq aləmi üzərində güc və hakimiyyətinin sirlərini İbrahimə (ə) göstərdiyini ortaya qoyur (5).
2. Allah-taala “Tövbə” surəsinin 105-ci ayəsində Peyğəmbərə (s) xitab edərək zəkat, sədəqə və tövbə göstərişlərini verdikdən sonra buyurur:
“وَ قُلِ اعْمَلُوا فَسَیَرَى اللَّهُ عَمَلَکُمْ وَ رَسُولُهُ وَ الْمُوْمِنُونَ”
“De: Əməl edin, Allah, Rəsulu və möminlər əməllərinizi tezliklə görəcəklər”.
Şübhəsiz, Allahın əməlləri görməsi, yaxşı-pis olmasından, gizli və aşkarda baş verməsindən asılı olmayaraq bütün insanların əməllərini müşahidə etməsidir. Buna əsasən – konteksi gözləmək üçün – Peyğəmbərin (s) müşahidəsi də bu qəbildən olmalıdır. Çünki, ayə mütləqdir, heç bir qeyd və şərt göstərilməyib. Müxtəlif göstəriciləri nəzərə alsaq, ayədə möminlərdən məqsəd bütün möminlər yox, Peyğəmbərin (s) məsum canişinləridir.
Hissi müşahidələr, yaxud əqli arqumentlərlə bütün insanların əməlini bilmək olmaz. Bu da, Peyğəmbər (s) və imamların (ə) ayrı dərk və görüşə malik olduqları həqiqətini ortaya qoyur, hansı ki onunla möminlərin yaxşı və pis işlərini müşahidə edirlər.
Fəxri Razi öz təfsirində yazır: “Məqsəd bütün möminlərdir!”, lakin sonra bütün möminlərin bir-birilərinin yaxşı və pis işlərini bilməməsi problemi ilə qarşılaşdıqda, cavab olaraq deyir: “Məqsəd budur ki, xəbəri onlara çatır”.
Bu isə hasilsiz zəhmət, zahirə tam zidd diqqətdir!
Bundan əlavə, ayənin təfsiri ilə bağlı Əhli-beyt imamlarından (ə) çoxlu hədis nəql edilib. Hamısı da hər səhər (yaxud hər səhər qeydi olmadan) bəndələrin əməllərinin Peyğəmbər (s) və məsum imamlara (ə) təqdim edildiyini, onların da əməlləri görüb günahlara narahat olduqlarını (və itaətə şad olduqlarını) göstərir (6).
Sözügedən ayə bütün bu hədislərlə haqq yolçularına böyük dərs verir. Belə ki, əzəmətli gözətçilərin həmişə onların əməllərini təqib etdiklərini bilsinlər. Bu həqiqətə iman fövqəladə tərbiyəvi təsirə malik ola bilər. Odur ki, eyni məzmunda İmam Sadiqdən (ə) çoxsaylı hədislər nəql edilib. Orada məsum imam barəsində buyurulur:
“اِذا صارَ الاْمْرُ اِلَیْهِ جَعَلَ اللهُ لَهُ عَموُداً مِنْ نور یُبْصِرُ بِه ما یَعْمَلُ بِه اَهْلُ کُلِّ بَلْدَه” (7).
“İmamət ona çatdığı zaman Allah onun üçün nurdan bir sütun düzəldər ki, onun vasitəsilə hər şəhər əhalisinin əməllərini müşahidə etsin”!
3. Allah-taala “Nəcm” surəsinin 2-10-cu ayələrində buyurur:
“مَا ضَلَّ صَاحِبُکُمْ وَمَا غَوَىٰ * وَمَا یَنطِقُ عَنِ الْهَوَىٰ * اِنْ هُوَ اِلَّا وَحْیٌ یُوحَىٰ * عَلَّمَهُ شَدِیدُ الْقُوَىٰ * ذُو مِرَّهٍ فَاسْتَوَىٰ * وَهُوَ بِالْاُفُقِ الْاَعْلَىٰ * ثُمَّ دَنَا فَتَدَلَّىٰ * فَکَانَ قَابَ قَوْسَیْنِ اَوْ اَدْنَىٰ * َاَوْحَىٰ اِلَىٰ عَبْدِهِ مَا اَوْحَىٰ”
“Sizin dostunuz (Allahın Rəsulu) heç vaxt azmamış, yolundan dönməmişdir * və əsla nəfsi istəyi əsasında söz demir * Dedikləri ona təlqin olunan (ilahi) vəhydən başqa bir şey deyil * Əzəmətli qüdrəti olan kəs (Cəbrail Əmin) ona təlim vermişdir * O şəxs ki, fövqəladə gücə malikdir * Nəhayət, o, (Peyğəmbər) kamal həddinə çatdı * Ali üfüqlərdə olduğu halda * Sonra yaxınlaşdıqca yaxınlaşdı * Axırda onun fasiləsi iki kaman oxu, yaxud ondan az idi * Burada Allah vəhy edilməli olanı bəndəsinə vəhy etdi”.
Bir qrup təfsirçinin etiqadına əsasən, bu ayələrdə Peyğəmbərin (s) Cəbraili görməsinə işarə edilib. O, ömründə iki dəfə Cəbraili həqiqi simasında görmüşdü: ilk dəfə besətin əvvəlində Cəbrail üfüqdə zahir olaraq, qərb və şərqi tamamilə örtmüşdü. Elə əzəmətli idi ki, Peyğəmbər (s) həyəcana gəlmişdi.
İkinci dəfə onu meracda görmüşdü. “Nəcm” surəsinin ayələrində hər ikisinə işarə edilib.
İki müşahidə ilə bağlı digər bir təfsirdə Peyğəmbərin (s) Allahın pak zatını müşahidə etdiyi deyilir. Əlbəttə, fiziki gözlə deyil, batini gözlə. “Liqaullah”ın aşkar nümunəsi dünyada oldu, hansı ki onun geniş şərhi “Nümunə” təfsirində, “Nəcm” surəsinin ayələrinin təfsirində qeyd edilib. (8)
Hər halda sözügedən ayəyə görə Peyğəmbərin (s) qəlb gözü ilə gördüyü reallığı əks etdirirdi, qəlbinin gördüyü şey doğru idi və əsla yalan demirdi.
Bu ifadə insanın bilik qaynaqlarından biri olan kəşf, müşahidə və intuisiya məsələsinə şahiddir. Özü də Peyğəmbər (s) kimi bir insanın kəşf, müşahidə və intuisiyasına!
“əl-Mizan” təfsiri yazır: Allahın müşahidə və mükaşifəni qəlbə nisbət verməsi təəccüblü deyil. Səbəbi isə insanın ayrı növ intuitiv dərkə malik olmasındadır. Hansı ki, zahiri hiss üzvləri, təxəyyül və batini üzvlərlə təfəkkürün fövqündədir. Belə ki, həmin intuisiya, müşahidə ilə öz varlığımızı dərk edir, var olduğumuzu bilirik.
Varlığımıza olan məlumatımız nə fiziki gözlədir, nə də təfəkkür yolu ilə. Əksinə, nəfs müqabilində bir növ hüzur və təzahürdür və Qurani-kərimdə “فواد” (qəlb, könül) – deyə, vurğulanır. (9)
Bəzi digər təfsirçilər də birbaşa deyirlər ki, ayədə gələn “رویت” – “görmək”dən məqsəd qəlb gözü ilə müşahidədir.
Əli ibn Musa ər-Rzadan (ə) nəql edilən bir hədisdə oxuyuruq ki, dostlarından biri həzrətə sual verdi:
“هَلْ رَاى رَسوُلُ اللهِ (صلى الله علیه وآله) رَبَّهُ عَزَّوَجَلِّ؟”
“Allahın Rəsulu (s) Pərvərdigarını müşahidə etdimi?”
İmam (ə) buyurdu:
“نَعَمْ بِقَلْبِهِ رَآه، اما سَمِعْتَ اللهَ عَزَّوَجَلَّ یَقُولُ: "مَا کَذَبَ الْفُوَادُ مَا رَاَى"، لَمْ یَرَهُ بِالْبَصَر وَلکِنْ راهُ بِالْفُوادِ ” (10)
“Bəli, o qəlb gözü ilə Allahı gördü. Allahın belə buyurduğunu duymadınmı: qəlb gördüyündə səhv etmir. Əlbəttə, Peyğəmbər (s)
Allahı zahiri gözlə görmədi, qəlb gözü ilə müşahidə etdi”.
Şübhəsiz, qəlbi müşahidə təfəkkür və atqumentasiya deyil, çünki bu məna bütün dünya dindarları və möminləri üçün baş verir və təkcə Peyğəmbərə (s) aidiyyatı yoxdur.
4. Allah-taala “Təkasur” surəsinin 5 və 6-cı ayələrində möminlərə və ya bütün insanlara müraciət edərək buyurur:
“کَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْیَقِینِ * لَتَرَوُنَّ الْجَحِیمَ”
“Belə deyil ki, əgər elmul-yəqin tapsaydınız * cəhənnəmi görərdiniz”.
Sonra əlavə edir:
“ثُمَّ لَتَرَوْنَّهَا عَیْنَ الْیَقِینِ”
“Siz bunun ardınca eynul-yəqinlə onu (cəhənnəmi) görəcəksiniz”.
Bu müşahidənin dünyada, yoxsa axirətdə baş verəcəyinə, yaxud birincisinin dünyada, ikincisinin də axirətdə olacağına gəlincə, təfsirçilər arasında fikir ayrılığı var. Ayələrin zahirindən başa düşülən budur ki, ikinci ayə: “ثُمَّ لَتَرَوْنَّهَا عَیْنَ الْیَقِینِ” – “Siz bunun ardınca eynul-yəqinlə onu (cəhənnəmi) görəcəksiniz”. – cəhənnəmi axirətdə görməyə işarədir. Ona görə ki, ardınca buyurur:
“ثُمَّ لَتُسْاَلُنَّ یَوْمَیِذ عَنْ النَّعِیمِ”
“Sonra o gün sizdən ilahi nemətlər soruşular”.
Deməli, əvvəlki ayə, yəni “لَتَرَوْنَّ الْجَحِیمَ” qaydası üzrə dünyaya işarədir.
“əl-Mizan” təfsirində də qeyd edilir ki, ayənin zahiri qiyamətdən öncə cəhənnəmi iman və yəqinin səmərəsi olan qəlb gözü ilə görməyə işarədir. Necə ki, İbrahim peyğəmbərin (ə) əhvalatında göy və yer səltənətini müşahidə etməsi haqqında qeyd edilib. (11)
Əlbəttə, qeyd etdiyimiz kimi bəziləri hər iki müşahidəni qiyamətə aid edirlər. Lakin ikisi arasındakı fərqi göstərməkdə çox çətinlik çəkirlər. Belə ki, Fəxri Razinin təfsirində dedikləri mövzunu daha da aydınlaşdırır. (12)
Hər halda bəhsi gedən ayənin zahiri də insanın yəqin mərhələsinə çatmaq və gözü önündəki pərdələri kənara çəkmək, nəticədə qeyb aləminin həqiqətlərini görmək imkanının olduğuna təkid edir.
5. “Furqan” surəsinin 21 və 22-ci ayələrində Allah-taala buyurur:
“وَقَالَ الَّذِینَ لَا یَرْجُونَ لِقَاءَنَا لَوْلَا اُنزِلَ عَلَیْنَا الْمَلَایِکَهُ اَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَکْبَرُوا فِی اَنفُسِهِمْ وَعَتَوْا عُتُوًّا کَبِیرًا * یَوْمَ یَرَوْنَ الْمَلَایِکَهَ لَا بُشْرَىٰ یَوْمَیِذٍ لِّلْمُجْرِمِینَ وَیَقُولُونَ حِجْرًا مَّحْجُورًا”
Allah-taala bu ayələrdə kafirlərin mütəmadi tələblərinə işarə edir, hansı ki deyirdilər: “Niyə bizə mələklər nazil olmur? Niyə Allahı görə bilmirik?”.
Quran bu suala cavab olaraq buyurur: “Mələkləri görəcəyiniz gün artıq iş-işdən keçəcək, ilahi əzab və cəzaya düçar olacaqsınız və o gün günahkarlar üçün müjdə yoxdur”.
Həmin günün hansı gün olması barədə təfsirçilər arasında iki nəzər var:
a) Bəziləri insanların mələkləri görəcəyi günün qiyamət günü olduğunu deyirlər;
b) Bəziləri isə ruhları qəbz edən mələklərdən danışan ayələri.
O cümlədən:
“وَلَوْ تَرَى اِذْ الظَّالِمُونَ فِی غَمَرَاتِ الْمَوْتِ وَالْمَلاَیِکَهُ بَاسِطُوا اَیْدِیهِمْ اَخْرِجُوا اَنفُسَکُمُ…” (13) – “
Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın!...” – ayəsini nəzərə alaraq, mələklərin müşahidəsinin can verən anda, yaxud ölümdən sonra və qiyamətdən öncə olacağına inanırlar. Bu etiqad məşhur təfsirçi İbn Abbasdan nəql olunur. (14)
İmam Baqirdən (ə) nəql edilən bir hədisdə deyilir: “Kafirlərin canı boğazlarına çatanda mələklər üzlərinə və kürəklərinə vurar və deyərlər: “Canlarınızı çıxarın!...
Budur “یَوْمَ یَرَوْنَ الْمَلاَیِکَهَ لاَ بُشْرَى یَوْمَیِذ لِّلْمُجْرِمِینَ” (15) – “Mələkləri görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər!...” – ayəsinin mənası!
Bu təfsirə əsasən, ölüm anında insanın gözlərindən pərdələr qalxar, Allahın mələklərini görərlər və kəşf, mükaşifə halı yaşayarlar.
6. “Yusif” surəsinin 94-cü ayəsində Yusifin əhvalatına işarə edilir: Bir vaxtlar Yəqubun övladları tam sevinc hissi ilə bir karvana qoşulub Misirdən yola düşdülər. Yusifin köynəyini özü ilə götürüb gözaydınılığı və atanın gözünün aydın olması üçün Kənana doğru hərəkət etdilər. Karvan Misiri tərk edən zaman Yəqub peyğəmbər (ə) ətrafındakılara belə dedi:
“اِنِّی لَاَجِدُ رِیحَ یُوسُفَ ۖ لَوْلَا اَن تُفَنِّدُونِ”
“Əgər məni nadan saymasanız, mən Yusifun ətrini (qoxusunu) alıram, (deyərdim)”.
Sözsüz ki, uzaq məsafədən Yusifin (ə) köynəyinin qoxusunu alması ilə bağlı Yəqub (ə) düz deyirdi. Bu iş adi iybilmə ilə bu mümkün olmadığından dolayı ətrafdakılardan heç biri buna inanmadı. Belə bir şeyi təcrübə etmədikləri üçün, hətta Kənanın ağsaqqalı, Allahın əzəmətli peyğəmbərini yolunu azmaqla ittiham edib dedilər:
“تَاللهِ اِنَّکَ لَفِى ضَلاَلِکَ الْقَدِیمِ (16) ”
“Allaha and olsun, sən öz keçmiş səhv və azğınlığındasan”.
Amma qardaşlar gəldikdən sonra haqqın Kənan ağsaqqalından yana olduğu üzə çıxdı.
Bəzi hədislərdən çıxarışlara əsasən, Misirlə Kənanın arası on, bəzilərinə görə səkkiz, digərlərin görə səksən fərsəx olub. (17)
Ayəni məcazi mənaya yozub: “Yusifin (ə) köynəyinin qoxusunu almaq atanın qəlbinə ilham olunan hicranın yaxınlaşmasına bir kinayə idi – deməyə heç bir səbəb yoxdur. Necə ki, bəzən İslamın düşmənlərinə qələbəsi qoxusu gəlir – deyirik. Niyə görə məcazi mənaya yozmaq olmaz? Çünki, aşkar ədəbi qaydaya əsasən, sözün həqiqi mənası mümkün olduğu halda, məcazi mənaya yozmağa icazə verilmir.
Nəticə etibarı ilə Yəqub (ə) üçün mükaşifə hasil oldu; pərdələr kənara çəkildi və zahiri hissdən ötə bir hisslə o uzaq fasilədən övladının köynəyinin ətrini, qoxusunu aldı.
7. “Məryəm” surəsinin 15-20 ayələrində həzrət Məryəmin (ə) qarşısında ilahi mələyin təcəssümü macərasından söz açılr. Quran birbaşa buyurur: Məryəm (ə) öz ailəsini tərk etdi və (Beytül-Müqəddəsin) şərq tərəfində qərar tutduqdan sonra özü ilə camaat arasında pərdə saldı – bununla ya tam asudə halda Pərvərdigarı ilə münacat etmək istəyirdi, ya da yuyunmaq, qüsl almaq kimi işləri yerinə yetirmək üçün etmişdi – hər nə məqsədlə olursa olsun bu sırada ilahi bir ruh, əzəmətli bir mələk ona doğru gəldi və nöqsansız, yaraşıqlı bir insan formasında Məryəmə (ə) göründü. Məryəm (ə) əvvəl qorxdu, amma çox keçmədi ki, Allahın elçisi olduğunu və Məsihin təvəllüdünü müjdə vermək üçün gəldiyini öyrəndi. Bu mövzuda onunla söhbətə başladı... Bu əhvalat ətraflı şəkildə “Məryəm” surəsinin təfsirində gəlmişdir. (18)
Bəziləri deyir ki, İlahi mələk (xarici aləmdə deyil) Məryəmin (ə) gözündə təcəssüm etdi. Bu söz ayənin zahirinə ziddir və heç bir əsası yoxdur. Göstərici şahidlər mükaşifənin, intuisiyanın təkcə Məryəm (ə) üçün baş verdiyini göstərir. Əgər ətrafda başqa biri olsaydı, bəlkə də onu görmək gücü olmazdı.
Deməli, yuxarıdakı ayə mükaşifənin (müşahidə) hətta peyğəmbər olmayanlar üçün də mümkünlüyünə başqa bir dəlil olsun. (19)
Şərh qeydə alınmayıb