Müvəqqəti nikah Allahın Kitabı, Peyğəmbər sünnəsi və ümmətin icmasında
Allahın Kitabında müvəqqəti nikah «müt’ə» (istimta’) ünvanı ilə «Nisa» surəsinin 24-cü ayəsində bəyan edilmişdir:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِیضَةً
«Müt’ə etdiyiniz qadınların mehriyyələrini vacib olaraq verməlisiniz.»
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan çoxlu rəvayətlərdə «müt’ə» – müvəqqəti nikah mə’nasında qeyd edilmişdir (gələcək bəhslərdə bu rəvayətlərdən bir çoxunu təqdim edəcəyik). Bundan əlavə, islam fəqihlərinin kitablarında – istər şiə, istərsə də sünnü – hər yerdə müvəqqəti nikah müt’ə kimi tə’bir olunmuşdur. Bu mətləbin inkar olunması da islamın danılmaz, zəruri hökmlərinin inkar olunması qəbilindəndir. (Fəqihlərin kəlamlarının bir qismini də qeyd edəcəyik). Bununla belə, bə’ziləri israr edirlər ki, ayədəki «istimta’» sözünü «ləzzət almaq və yaxınlıq etmək» kimi təfsir etsinlər. Onlar demişlər ki, ayənin məfhumu budur: «Qadınlarınızdan cinsi bəhrə aldığınız zaman onların mehriyyəsini verin.»
Bu cür mə’nanın iki iradı vardır:
1-Mehriyyənin verilməsinin vacibliyi əqdin tələbinə əsasəndir; yə’ni əqd hasil olan kimi qadın öz mehriyyəsinin hamısını tələb edə bilər, hətta duxul hasil olmasa və eləcə də mülaibə əncam verilməmiş olsa belə. (Amma əgər duxuldan qabaq təlaq baş verərsə, mehriyyənin yarısı verilməlidir!)
2-Qeyd etdiyimiz kimi, «müt’ə» kəlməsi həm şəriətdə, həm də sünnü və şiə fəqihlərinin kəlamında, eləcə də rəvayətlərin dilində «müvəqqəti əqd» mə’nasında gəlmişdir ki, onun mənbələrini geniş şəkildə araşdıracağıq.
Məşhur müfəssir mərhum Təbərsi «Məcməul-bəyan» kitabında (bu ayənin təfsirində) buyurur ki, ayənin təfsirində iki nəzəriyyə mövcuddur:
Birinci nəzəriyyə: bu ayədəki «istimta’»nı ləzzət almaq kimi təfsir edənlər... Bundan sonra səhabə, tabein və bu kimi şəxslərdən olan bir qrupu sayır, sonra deyir: “Bu ayədə məqsədin müt’ə əqdi və müvəqqəti nikah olduğunu deyən ikinci qrup İbni Abbas, İbni Sədi, İbni Məs’ud və tabeindən olan bir qrupun nəzəriyyəsidir.” O, sözünün davamında buyurur: “İkinci nəzəriyyənin düzlüyü tamamilə aşkardır, çünki «müt’ə» və «istimta’» kəlmələri şəriət ürfündə müvəqqəti nikaha işarədir. Bundan əlavə, (daimi əqddə) qadınların mehriyyəsinin vacib olması onlardan ləzzət almaqla şərtlənmir.”[1]
Qurtəbi öz təfsirində yazır: “Cumhurun əqidəsinə əsasən, bu ayədən məqsəd müvəqqəti nikahdır ki, islamın əvvəllərində olmuşdur.”[2]
Süyuti «Əd-Durrul-Mənsur» kitabında, Əbu Həyyan, İbni Kəsir və Səaləbi də «Təfsir» adlı kitablarında məhz bu mə’nanı qeyd etmişlər.
İslam alimlərinin hamısının arasında – istər sünnü, istərsə də şiə – danılmaz bir məsələdir ki, müvəqqəti nikah Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə mövcud idi, lakin sünnü fəqihlərindən böyük bir qrupu inanır ki, bu hökm sonradan qüvvədən salınaraq nəsx olunmuşdur. Amma nəsx olunmanın vaxtına gəldikdə isə, onların arasında nəzərə çarpacaq dərəcədə kəskin ixtilaf vardır. Məşhur alim Nəvəvinin «Səhihi Müslüm»ə yazdığı şərhdəki nəzəriyyəsini qeyd edirik. O yazır:
1-Bə’ziləri demişdir ki, Xeybər qəzvəsində əvvəlcə halal olmuş, sonra qadağan edilmişdir.
2-Yalnız ümrətül-qəzada halal idi.
3-Məkkənin fəthində əvvəlcə halal, sonra isə haram edilmişdir.
4-Təbuk qəzvəsində (hicrətin 9-cu ilində) qadağan edilmişdir.
5-Yalnız Ovtas müharibəsində (hicrətin 8-ci ilində) bu işə icazə verilmişdir.
6-Həccətül-vidada (hicrətin 10-cu ilində) halal olunmuşdur.[3]
Maraqlıdır ki, bu zəminədə çoxlu rəvayətlər nəql olunmuşdur, xüsusilə onun Xeybərdə və Həccətül-vidada qadağan olunması məşhur bir nəzəriyyədir. Sünnü fəqihlərindən bir qrupu bu iki rəvayət arasındakı təzadı aradan qaldırmaq üçün çox zəhmətlərə düşmüş, amma münasib bir çıxış yolu göstərə bilməmişlər.[4]
Bundan da qəribəsi Şafeidən nəql olunandır:
لا اعلم شیئا احل الله ثم حرمه ثم احله ثم حرمه الا المتعة
«Mən müt’ə kimi elə bir şey tanımıram ki, Allah onu bir gün halal etsin, sonra onu haram; sonra yenidən halal, daha sonra haram etmiş olsun! Yalnız müt’ə belədir.»[5]
Halbuki, İbni Həcər, Süheylidən nəql edir ki, «müt’ənin Xeybər qəzvəsində haram edilməsi elə bir məsələdir ki, tarix və xəbər ravilərindən heç biri onu nəql etməmişdir.»[6]
7-Digər bir nəzəriyyə budur ki, müt’ə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə mövcud idi və sonralar Ömər (öz xilafəti dövründə) onu qadağan etmişdir. Sünnü qardaşların nəzərində ən mö’təbər hədis kitablarından biri olan «Səhihi Müslüm»də belə oxuyuruq:
İbnu Əbi Nəzrə deyir ki, Cabir ibni Əbdüllah Ənsarinin yanında idim, İbni Abbas və İbni Zübeyr qadınların müt’əsi və həcc müt’əsi (təməttö’sü) barəsində bir-biri ilə ixtilafa düçar oldular (həcc təməttösü budur ki, ümrə ilə həcc arasında fasilə salınsın). İbni Zübeyr soruşdu: «Sənin nəzərin nədir?» O dedi: «Biz Peyğəmbərin dövründə hər ikisini yerinə yetirirdik. Nəhayət Ömər onu qadağan etdi, biz də bu işi tərk etdik.»[7]
«Səhihi Müslüm»də mövcud olan belə bir aşkar dəlilin varlığı ilə belə, müt’ənin Peyğəmbər dövründə qadağan edilməsini iddia etmək olarmı?!
[1] «Məcməul-bəyan», 3-cü cild, səh.60.
[2] «Təfsiri Qurtəbi», 5-ci cild, səh.120; «Fəthül-Qədir»,1-ci cild, səh.449.
[3] «Səhihi Müslüm»ün şərhi, 9-cu cild, səh.191.
[4] «Səhihi Müslüm»ün şərhi, 9-cu cild, səh.191.
[5] «Əl-muğni», İbni Qudamə, 7-ci cild, səh.572
[6] «Fəthül-Bari», 9-cu cild, səh.138.
[7] «Səhihi Müslüm», 4-cü cild, səh.59, hədis:3307, «Darul-fikir» Beyrut.