Onlar bə’zən deyirlər ki, qəbrin üzərində bina tikilməsi ona pərəstiş olunmasına səbəb olur. Bu barədə aşağıdakı Peyğəmbər hədisini dəlil gətirirlər:
لَعَنَ اللهُ الْیَهُودَ اِتَّخَذُوا قُبُورَ اَنْبِیَاءِهِمْ مَساجِدَ
«Allah yəhudilərə lə’nət etsin; çünki öz peyğəmbərlərinin qəbirlərini özlərinə məscid seçmişdilər.»[1]
Lakin bütün müsəlmanlar üçün adi bir məsələdir ki, heç kəs Allah övliyalarının qəbirlərinə pərəstiş etmir və ziyarətlə ibadət arasında aşkar fərqlər vardır. Biz diri olan böyük şəxsiyyətlərin görüşünə, ziyarətinə getdiyimiz, onlardan iltimasi-dua etdiyimiz kimi, din böyüklərinin və islam yolunda şəhid olanların da qəbirlərinin ziyarətinə gedir, onlardan iltimasi-dua edirik.
Görəsən, aqil bir şəxs deyərmi ki, böyük şəxsiyyətlərin diri olduğu vaxt ziyarət edilməsi onlara ibadət, küfr və şirkdir?! Ziyarət vəfatdan sonra da elə həmin mə’nanı daşıyır. İslam Peyğəmbəri «Bəqi» qəbiristanlığında dəfn olunanların ziyarətinə gedərdi. Sünnülərin mö’təbər mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin və sair qəbirlərin ziyarəti ilə əlaqədar çoxlu mətləblər qeyd olunmuşdur.
Allah-Taalanın yəhudiləri lə’nətləməsinə gəldikdə isə, onun səbəbi, peyğəmbərlərin qəbirlərini özlərinə səcdəgah etmələri idi. Halbuki, heç bir müsəlman heç bir peyğəmbərin qəbrini özünə səcdəgah qərar verməmişdir.
Diqqət yetirilməlidir ki, hal-hazırda da Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in pak, mütəhhər qəbri və qübbəsi «Məscidun-Nəbi»nin kənarında asimana yüksəlmişdir və bütün müsəlmanlar, hətta vəhhabilər belə, müqəddəs rovzədə (Peyğəmbər məscidinin o həzrətin qəbrinin yanında yerləşən və ona birləşən bir hissəsidir) gündəlik vacib namazları, digər vaxtlarda da müstəhəb namazları qılır, axırda da Peyğəmbərin qəbrini ziyarət edirlər.
Bu iş qəbrə pərəstiş etmək sayıla, yaxud haram iş ola bilərmi?! Yoxsa əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in qəbri bu işlərdən istisnadır?! Şirkin, Allahdan qeyrisinə pərəstişin haramlığında istisna ola bilərmi?! Şübhəsiz, qəbirlərin ziyarət edilməsinin ibadətə heç bir dəxli yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) və sair ilahi övliyaların qəbirlərinin kənarında namaz qılmağın da heç bir işkalı (şübhəsi, iradı) yoxdur, yuxarıdakı hədis də yalnız qəbirləri pərəstiş yeri qərar verən şəxslərə aiddir.
Dünya şiələrinin imamların qəbirlərini ziyarət etməsindən agah olanlar bilirlər ki, vacib namazların vaxtında, müəzzinin səsi ucaldığı zaman hamı üzü qibləyə dayanır, vacib namazlarını camaatla birlikdə qılır və ziyarət zamanı əvvəlcə 100 dəfə «Allahu Əkbər» deyir, ondan sonra iki rəkət müstəhəb namaz qılır, müstəhəb namazı da üzü qibləyə yerinə yetirirlər ki, həm əvvəldə, həm də axırda ibadət və pərəstişin yalnız Allaha məxsus olduğunu bildirsinlər.
Lakin təəssüflər olsun ki, xüsusi məqsədlər daşıyan töhmət, iftira və yalan qapıları açılmış, azlıqda olan vəhhabilər özlərinin bütün müxaliflərinə cürbəcür töhmətlər vurmuş, iftiralar yaxmışlar.
Bu işin düzgünlüyə yozulmasının ən yaxşı yolu bundan ibarətdir ki, belə deyək: Onlar elm və mə’lumatlarının azlığı nəticəsində islami məsələləri düzgün şəkildə təhlil etməkdən acizdirlər, şirk və tövhidin həqiqətini dərk etməmiş, ziyarətlə ibadət arasında dəqiq şəkildə fərq qoya bilməmişlər.
[1] «Səhihi Buxari», 1-cl cild səh.110. Həmin mə’na «vən-nəsara» əlavəsi ilə «Səhihi Müslüm»də də gəlmişdir 2-ci cild, səh.67.