İslami rəvayətlərdə təqiyyə məsələsi geniş şəkildə qeyd edilmişdir. Nümunə üçün bunu qeyd edirik:
İbni Əbu Şeybənin «Müsnəd» kitabı sünnü alimlərinin istinad etdiyi məşhur kitablardandır. O, nəql edir ki, Müsəyləmeyi-Kəzzab Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in səhabələrindən ikisi öz ərazisində tutdu, onlardan soruşdu: «Mənim Allah tərəfindən peyğəmbərliyə göndərilmiş olduğuma şəhadət verirsinizmi?» Onlardan biri (təqiyyə üzündən) şəhadət verib canını qurtardı, digəri isə şəhadət vermədiyi üçün qətlə yetirildi.
Bu xəbər Peyğəmbərə çatdıqda buyurdu: «Öldürülən şəxs doğruçuluq yolunda qədəm götürmüşdür, ikincisi də Allahın icazə verdiyi şeyi qəbul etmişdir və onun heç bir günahı yoxdur.»[1]
Əhli-beyt imamları (əleyhimus-salam) da öz hədislərində, xüsusilə Bəni-üməyyə və Bəni-abbas xəlifələrinin hakimiyyətinin gücləndiyi, Əli (əleyhis-salam)-ın şiələrinin hər yerdə tutulub qətlə yetirildiyi bir dövrdə təqiyyəyə dair çoxlu göstərişlər verir və onlara əmr edirdilər ki, öz canlarını rəhmsiz və qəddar adamlardan qorumaq üçün təqiyyədən istifadə etsinlər.