Müsbət işlərdən sui-istifadə edilməsi həmişə bədxahların əlinə elə bəhanələr verir ki, ondan istifadə edərək müsbət proqramlara və qurucu işlərə qarşı çıxaraq onun köksünə zərbə endirsinlər.
Müvəqqəti nikah da daim hücumlara mə’ruz qalan bəhslərin bariz nümunələrindən biridir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, əyyaşlıq, eyş-işrət və həvəsbazlıqla məşğul olanlar əslində zərurətlərin düyünlərini açan, mühüm ictimai problemləri həll edən bir prinsipi – müvəqqəti nikahı oyun-oyuncağa çevirmiş, onu nadan və xəbərsizlərin nəzərində tam başqa cür cilvələndirmiş və beləliklə də, hikmət əsasında olan bu hökmü tənqid atəşinə tutan müxaliflərin əlinə bəhanə vermişdir.
Amma sual yaranır ki, gərəsən, ləyaqətsiz insanlar hansısa bir dövrdə hər hansı bir qanundan sui-istifadə etməmiş, hansı nəfis sərmayədən əyri yolda istifadə etməmişlər?! Əgər bir gün Qur’anları nizə başına keçirib yalandan zalımcasına və həyasızcasına olan hökumətlərinə bəraət qazanırdılarsa, onun məfhumu Qur’anı kənara qoymaqdırmı?!
Digər bir nümunə: Bir gün münafiqlərdən hər hansı bir qrupu «Zirar» məscidini tiksə və əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in göstərişi ilə onu dağıtsalar, yaxud yandırsalar bunun mə’nası o deməkdirmi ki, məscidlər ümumiyyətlə tərk edilməlidir?!
Biz e’tiraf etməliyik ki, bə’ziləri islamın hesab-kitab üzündən olan bu dəqiq hökmündən sui-istifadə etmişlər. Amma bir qrup namaz qılmayan adamın xatirinə məscidin qapısını bağlamaq olmaz. Bu kimi hallarda sui-istsfadə yolunu əyyaşların üzünə bağlamaq, müvəqqəti nikah üçün düzgün proqramlar tökmək lazımdır. Xüsusilə, bizim əsrimizdə dəqiq və düzgün proqramlar olmadan bu işin yerinə yetirilməsi mümkün deyildir. Gərək cəmiyyətin mütəfəkkirləri, seçilmiş şəxsiyyətləri bu iş üçün müəyyən proqramlar yazıb icra etsinlər ki, şeytanların əlləri kəsilsin, bu hikmətli hökmün gözəl simasını aşkar etsinlər, nəticədə bu qrupların sui-istifadəsi üçün yol bağlanmış olsun.