Bizim müxaliflərimizdən bə’ziləri özlərini yuxarıda qeyd olunan aşkar Qur’an ayələri və rəvayətlər qarşısında gördükləri zaman təqiyyənin İslamda qanuni bir məsələ olmasını qəbul etməkdən başqa bir çıxış yolları görmür, lakin deyirlər ki, təqiyyə yalnız kafirlərin qarşısında edilməlidir, amma müsəlman qarşısında təqiyyə etmək caiz deyildir.
Halbuki, yuxarıda qeyd edilən dəlillərə diqqət yetirməklə bu ikisi arasında fərqin olmaması tam aşkardır. Çünki:
1-Əgər təqiyyənin məfhumu bir şəxsin təəssübkeş və təhlükəli insanlar qarşısında öz canı, malı və namusunu qorumaqdan ibarətdirsə (əslində də elə budur), onda bu cəhətdən agah olmayan təəssübkeş müsəlmanla kafir arasında nə kimi fərq var?! Əgər əql bu işlərə riayət edilib qanın hədərə verilməməsinə dair qəti hökm verirsə, onda bu ikisinin arasında nə kimi fərq var?! Elə insanlar var ki, mə’lumatsızlığın şiddətindən və çoxlu zəhərli təbliğatların tə’sir qoyduğuna görə deyirlər: «Şiənin qanını axıtmaq Allah dərgahına yaxınlaşmaq səbəbidir!» Əgər Əli (əleyhis-salam) və Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beytinin müxlis ardıcıllarından olan bir şiə belə bir qrupun arasına düşsə və ondan «sənin məzhəbin nədir?» - deyə soruşsalar, o «şiəyəm» - deyərək öz boynunu cəhalət və cinayət qılınclarına tapşırmalıdırmı?!
Görəsən, ağıllı bir şəxs bunu qəbul edərmi?!
Başqa sözlə desək, əgər ərəb müşriklərinin Əmmar Yasirə, yaxud Müsəyləmənin ardıcıllarının Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələrindən olan iki nəfərə rəva gördükləri həmin işləri Bəni-üməyyə və Bəni-abbas xəlifələri, eləcə də Əli (əleyhis-salam) şiələri barədə düzgün mə’lumata malik olmayan müsəlmanlar yerinə yetirsə, «bu hakimlər zahirdə müsəlmandırlar?!» - deyə dəlil gətirib yenə də təqiyyənin haram olduğuna hökm etməliyikmi, hətta yüzlərlə, minlərlə müxlis Əhli-beyt (əleyhimus-salam) şiəsinin məhv olmasına səbəb olsa belə?!
Əgər Əhli-beyt imamları (əleyhimus-salam) təqiyyə məsələsi barəsində bu qədər tə’kid etməsəydilər və hətta «dinin onda doqquzu təqiyyədir»[2] - deyə buyurmasaydılar, bəlkə də zülmkar Bəni-üməyyə və Bəni-abbas hakimləri tərəfindən öldürülən şiələrin sayı milyonlarla nəfərə çatardı. Yə’ni təqiyyə hökmü olmasaydı, onların rəhmsizliklə, vəhşiliklə törətdikləri qırğınlar on qat artıq olacaqdı.
Belə bir şəraitdə təqiyyənin şər’i və qanuni bir iş olmasında azacıq şəkk-şübhəyə yol vermək olarmı?! Heç vaxt unutmaq olmaz ki, sünnü alimləri arasında da uzun illər boyu məzhəbi ixtilaflar, o cümlədən Qur’anın hadis, yoxsa qədim olması ilə əlaqədar şiddətli çəkişmələr, dəhşətli qırğınlar olmuş və bu yolda çoxlu qanlar axıdılmışdır! (Halbuki, həmin məsələ mühəqqiqlərin nəzərində tamamilə mə’nasız və əbəs bir işdir)
Özünü haqq bilən bir qrup müxaliflərin əlinə keçsə və onlardan əqidələri barədə soruşulsa, tam aşkarlıqla, hətta onların qanını töksələr və qanlarının axıdılmasının azacıq fayda və tə’sirli olmasa belə, «mən filan əqidəyə malikəm» - deməlidirmi?!
2-Fəxr Razi «illa ən təttəqu minhum tuqatən» ayəsinin («Ali-İmran», 28) təfsirində deyir: «Ayənin zahiri mə’nası buna dəlalət edir ki, əksər hallarda kafirlərin müqabilində olan təqiyyə mübahdır... (Sonra deyir:)
اِلاَّ اَنَّ مَذْهَبَ الشَّافِعیِّ-رض-اَنَّ الْحالَةَ بَیْنَ الْمُسْلِمِینَ اِذَا شاکَلَتِ الْحالَةَ بَیْنَ الْمُسْلِمِینَ وَ الْمُشْرِکینَ حَلَّتِ التَّقِیَّةُ مُحاماةً عَلَی نَفْسِهِ
Amma Şafeinin məzhəb və əqidəsi budur ki, əgər müsəlmanların bir-birinə qarşı vəziyyətləri onların kafirlərlə olan vəziyyətləri kimi olarsa, canın qorunması üçün təqiyyə halaldır...»[3]
O, sonra mal-dövlətin qorunub-saxlanması üçün təqiyyənin caiz olma dəlillərini bəyan edir və Peyğəmbərdən nəql olunan «hurmətu malil-muslim kəhurməti dəmihi (müsəlmanın malının toxunulmazlığı malının toxunulmazlığı kimidir), eləcə də «mən qutilə dunə malihi fə huvə şəhid» (hər kəs mal-dövlətini qorumaq yolunda öldürülsə, şəhiddir) hədislərinə istinad etmişdir.
«Təfsiri Təbəri»nin haşiyəsində olan «Təfsiri Nişapuri»də də belə oxuyuruq:
تَجَوَّزَ التَّقِیَّةُ بَیْنَ الْمُسْلِمِینَ کَمَا تَجَوَّزَتْ بَیْنَ الْکَافِرِینَ مُحاماةً عَلَی النَّفْسِ
«İmam Şafei demişdir ki, təqiyyə, kafirlərin arasında caiz olduğu kimi, müsəlmanların arasında canların qorunub-saxlanması xatirinə caizdir.» [4]
3-Maraqlıdır ki, Bəni-Abbasın xilafəti dövründə əhli-sünnət mühəddislərinin bir qrupu da Qur’anın qədim olmasına e’tiqad bəslədiyinə görə dövrün hakimləri tərəfindən ağır təzyiqlərə mə’ruz qaldılar və onlar təqiyyə üzündən Qur’anın hadis olmasını deyərək nicat tapdılar.
Məşhur tarixçi İbni Sə’d «Təbəqat» və digər tarixçi olan Təbəri özünün «Tarix» kitabında Mə’munun tərəfindən bu məsələ ilə əlaqədar Bağdadın şortə (polis) rəisi İshaq İbni İbrahimə göndərilən kitabında iki məktubun adını çəkir.
İbni Sə’d birinci məktubun barəsində belə yazır: Mə’mun polis rəisinə yazdı ki, məşhur mühəddislərdən olan 7 nəfəri – Məhəmməd ibni Sə’d Katib Vaqidi, Əbu Müslüm, Yəhya ibni Muin, Züheyr ibni Hərb, İsmail İbni Davud, İsmail ibni Əbi Məs’ud və Əhməd ibni Dövrəqi nəzarət altında mənim yanıma göndər. Onlar xəlifənin yanına gələn zaman Mə’mun onların əqidəsini soruşdu: «Sizin Qur’an barəsində nəzəriniz nədir?» Hamılıqla dedilər ki, Qur’an məxluqdur (baxmayaraq ki, mühəddislərin arasında məşhur rə’y bu mə’nanın tam əksidir; yə’ni Qur’an qədimdir və onlar da buna e’tiqad bəsləyirlər).[5]
Beləliklə onlar Mə’mun tərəfindən ağır cəza almamaq üçün təqiyyə etdilər: Qur’anın məxluq olduğunu deyərək canlarını qurtardılar.
Mə’munun ikinci məktubunun ardınca (Təbəri onu nəql etmişdir və orada Bağdadın şortə rəisinə xitab olunmuşdur) belə yazır: Mə’munun məktubu ona çatan zaman mühəddislərdən, bəlkə də sayı iyirmiyə çatan bir qrupu çağırdı və Mə’munun məktubunu onlara oxudu. Sonra onları bir-bir çağırdı ki, Qur’an barəsində öz əqidələrini izhar etsinlər. Dörd nəfər istisna olmaqla onların hamısı e’tiraf etdilər ki, Qur’an məxluqdur (və təqiyyə edərək canlarını qurtardılar).
E’tiraf etməyən dörd nəfər isə: Əhməd ibni Hənbəl, Səccadə, əl-Qəvariri və Məhəmməd ibni Nuh. Polis rəisi əmr etdi ki, onları zəncirləyib zindana salsınlar. Sabahı günü onların hamısını çağırıb Qur’an barəsində əvvəlki sözünü soruşdu. Səccadə e’tiraf edib dedi ki, Qur’an məxluqdur. Bunu deyib azad olundu, qalanları öz müxalifətlərinə israr etdilər və rəis də onları zindana qaytardı. Sonrakı gün o üç nəfəri çağırdı, bu dəfə əl-Qəvariri öz sözündən dönüb azad olundu, lakin Əhməd ibni Hənbəl və Məhəmməd ibni Nuh öz sözlərinə israr edirdilər. Polis rəisi onları Tərtüs şəhərinə sürgün etdi.[6]
Bə’ziləri bu şəxslərin təqiyyəsinə e’tiraz etdikdə, onlar Əmmar Yasirin kafirlər qarşısındakı əməlinə istinad etdilər.[7]
Bunların hamısı da aşkar şəkildə göstərir ki, insan şiddətli təzyiqə mə’ruz qaldığı və zalımların əlindən qurtarmağın yeganə yolu təqiyyə olduğu zaman təqiyyəyə əməl edə bilər; istər kafir qarşısında olsun, istərsə də cahil müsəlmanlar qarşısında (diqqət edin).
[1] «Müsnəd», İbni Əbi Şeybə, 12-ci cild, səh.358.
[2] «Biharul-ənvar», 109-cu cild, səh.254
[3] «Təfsiri kəbir», Fəxr Razi, 8-ci cild, səh.13
[4] «Təfsiri Nişapuri» («Təfsiri Təbəri»nin haşiyəsində), 3-cü cild, səh.118.
[5] «Təbəqat» (İbni Sə’d), 7-ci cild, səh.167. Beyrut çapı.
[6] Tərtüs – Şamda dərya kənarında olan bir şəhərdir («Mö’cəmül-büldan», 4-cü cild, səh.30.)
[7] «Tarixi Təbəri», 7-ci cild, səh.197.