Qısa cavab:
Quran ayələrindən aydın olur ki, surun çalınması ilə iki böyük hadisə baş verəcək. İlk hadisədə varlıq aləminin nizamı pozulacaq. Yer üzündəkilər, həmçinin göy sakinləri hamılıqla öləcəklər. İkinci hadisədə dünya yenidən bərpa olunacaq. Ölülər yeni bir həyata qədəm qoyacaq və böyük qiyamət günü başlanacaq. Sonra göy açılar və qapılar şəklinə düşər. Bu halda səmaların qapıları, göylərin yolları yer əhlinin üzünə açılacaq, cənnət əhli cənnətə doğru gedəcək və cənnətin qapıları onların üzünə açılacaqdır. Kafirlər isə cəhənnəmə çatanda onun qapıları onların üzünə açılacaq.
Ətraflı cavab:
Bu suala cavab vermək üçün “Nəbə” surəsinin 18-20-ci ayələrinə müraciət etmək olar. Ayədə buyurur:
یَوْمَ یُنْفَخُ فِی الصُّورِ فَتَاْتُونَ اَفْواجاً
“Sura üfürüləcəyi gün siz dəstə-dəstə məhşərə gələcəksiniz.”
Quran ayələrindən, “surun çalınması” adlı iki əzəmətli hadisənin baş verəcəyi aydın şəkildə başa düşülür. İlk hadisədə varlıq aləminin nizamı pozulacaq. Yer üzündəkilər, həmçinin göy sakinləri hamılıqla öləcəklər. İkinci hadisədə dünya yenidən bərpa olunacaq. Ölülər yeni bir həyata qədəm qoyacaq və böyük qiyamət günü başlanacaq.
“Nəfx” sözünün mənası “üfürmək”dir. “Sur” isə “şeypur” mənasını daşıyır. Adətən şeypuru karvanı, ordunu hərəkətdən saxlamaq və ya hərəkətə gətirmək üçün səsləndirirlər. Karvanda və orduda olanlara bu iki səsin fərqli ahəngindən hərəkət və ya durmaq əmri verildiyi aydın olur.
Bu söz incəliklə bu iki nəhəng hadisəni ifadə edir. Yuxarıdakı ayədə surun ikinci dəfə çalınmasından söz açılır. Bu dəfə sura üfürülməsi yeni həyat və qiyamətin başlanması əlamətdir. Ardınca buyurur:
وَ فُتِحَتِ السَّماءُ فَکانَتْ اَبْواباً
“Göy açılar və (çoxlu) qapılar şəklinə düşər.”
“Qapılar” dedikdə nə nəzərdə tutulur? Onların açılması nə deməkdir?
Bəzi təfsir alimləri hesab edirlər ki, burada metafiz aləmin qapılarının maddi aləmə açılması nəzərdə tutulur. Belə ki, maneələr kənarlaşdırılır, mələklər aləmi ilə insanlar aləmi arasındakı sərhədlər götürülür.
Lakin bəzi alimlər bu ayənin Quranın digər ayələrinə aydınlıq gətirdiyinə etiqad bəsləyirlər. Sözü gedən ayələrdə deyilir:
اِذَا السَّماءُ انْشَقَّتْ
“Göylər yarılacağı zaman.” (1)
اِذَا السَّماءُ انْفَطَرَتْ
“Göy yarıldığı zaman.” (2)
Həqiqətdə göylərdə o qədər parçalanmalar (yarılmalar) baş verəcək ki, sanki başdan-başa açıq qapıları olan divara çevrilmişdir.
Digər ehtimal da budur ki, insanın hazırkı şəraitdə göydə hərəkətinin mümkünsüzlüyüdür. Mümkün olduğu təqdirdə də son dərəcə məhduddur. Sanki hazırkı şərait bütün göy qapılarını onun üzünə bağlamışdır. Lakin qiyamətdə insan Yerin cazibəsindən azad olacaq, göylərə səfər qapıları onun üzünə açılacaq, onun üçün əlverişli şərait yaranacaqdır.
Başqa sözlə desək, o gün ilk olaraq göylər dağılacaq. Onun ardınca “İbrahim” surəsinin 48-ci ayəsinə görə onların yerinə yeni göylər və yeni yer yaranacaq:
یَوْمَ تُبَدَّلُ الاْ َرْضُ غَیْرَ الاْ َرْضِ وَ السَّماواتُ
“Bu yerin başqa bir yerə çevriləcəyi və həmçinin göylərin dəyişəcəyi gündə!”
Bu halda səmaların qapıları, göylərin yolları yer əhlinin üzünə açılacaq, cənnət əhli cənnətə doğru gedəcək və cənnətin qapıları onların üzünə açılacaqdır:
حَتّى اِذا جاوُها وَ فُتِحَتْ اَبْوابُها وَ قالَ لَهُمْ خَزَنَتُها سَلامٌ عَلَیْکُمْ
“Cənnət əhli dəstə-dəstə Cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda cənnətin qapıları açılar. Onun gözətçiləri onlara deyərlər: “Salam olsun sizə!”” (3)
Daha sonra:
وَ الْمَلائِکَهُ یَدْخُلُونَ عَلَیْهِمْ مِنْ کُلِّ باب
“Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar.” (4)
وَ سِیقَ الَّذِینَ کَفَرُوا اِلى جَهَنَّمَ زُمَراً حَتّى اِذا جاوُها فُتِحَتْ اَبْوابُها
“Kafirlər Cəhənnəmə çatanda onun qapıları onların üzünə açılacaq.” (5)
Bu ardıcıllıqla insan hazırkı yer və göylə ölçüsü eyni olan yeni dünyaya qədəm qoyur:
َ جَنَّه عَرْضُهَا السَّماواتُ وَ الاْ َرْضُ
“Genişliyi göylər və yer (qədər) olan Cənnət”. (6)
Sonda sözü gedən axırıncı ayədə Qiyamət günü dağların vəziyyəti təsvir olunur. Ayədə buyurur:
وَ سُیِّرَتِ الْجِبالُ فَکانَتْ سَراباً
“Dağlar hərəkətə gətirilər və ilğıma dönər.” (7)
Şərh qeydə alınmayıb