Qısa cavab:
Sözü gedən ayələrdən aydın olur ki, o gün bütün pərdələr kənarlaşdırılar. Bir tərəfdən dağlar kimi maddi maneələr götürülər. Quranın buyurduğu kimi yer susuz, bitkisiz, çala-çuxursuz hamar bir şəklə düşər. Digər tərəfdən bütün insanlar qəbirlərdən baş qaldıraraq çölə çıxar. Digər tərəfdən də hamının daxili sirləri üzə çıxar, əməl dəftərləri açılar və içindəkilər aşkar olar. Qiyamətin başqa bir xüsusiyyəti də Allahın mütləq hakimiyyətidir. Quran ayəsində deyilir: “Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? Tək və qüdrətli Allaha məxsusdur.”
Ətraflı cavab:
Bu iki ayədə Qiyamət günününü xüsusiyyətlərindən bir neçəsi bəyan olunmuşdur ki, hər biri digərindən daha düşündürücü və daha ağırdır.
Öncə buyurur:
یَوْمَ هُمْ بارِزُونَ
“O gündür ki, hamı zahir və aşkar olarlar.”
O gün bütün pərdələr kənarlaşdırılar. Bir tərəfdən dağlar kimi maddi maneələr götürülər. Quranın buyurduğu kimi yer susuz, bitkisiz, çala-çuxursuz hamar bir şəklə düşər. (1)
Digər tərəfdən bütün insanlar qəbirlərdən baş qaldıraraq çölə çıxır.
Digər tərəfdən də hamının daxili sirləri aşkara çıxır:
یَوْمَ تُبْلَى السَّرائِرُ
“Gizlin sirlərin aşkarlanacağı gün.” (2)
وَ اخْرَجَتِ الارضُ اَثْقَالَها
“Yerin öz daxilində olanları çıxarıb atacağı zaman.” (3)
Əməl dəftərləri açılır və içindəkilər aşkar olur. (4)
وَ اِذَا الصُّحُفُ نُشِرَتْ
“İnsanın öncədən göndərdiyi əməllər gözləri önündə təcəssüm edir.” (5)
یَوْمَ یَنْظُرُ الْمَرْءُ ما قَدَّمَتْ یَداهُ
“İsrarla gizlətdiyi məsələlər aşkara çıxır.” (6)
بَلْ بَدا لَهُمْ ما کَانُوا یُخْفُونَ مِنْ قَبْلُ
İnsanın bədən üzvləri və hətta üzərində gəzdiyi yer üzü əməllərini ifşa edəcək və həqiqətləri üzə çıxacaq. (7)
یَوْمَئِذ تُحَدِّثُ اَخْبارَها
Bir sözlə insanlar bütün varlıq və mahiyyətləri ilə bu əzəmətli səhnədə “zahir” olacaq və heç bir şey gizlində qalmayacaq. (8)
وَ بَرزُوا للهِ جَمیعاً
Nə qədər dəhşətli və heyrətamiz bir səhnə?!
Orada qopacaq fırtınanın keyfiyyətindən xəbərdar olmaq üçün bir anlıq bu dünyada belə bir mənzərəni fərzi olaraq canlandırmaq, bütün insanların daxil və xaricinin, gizli və aşkarının bir olduğunu təsəvvür etmək kifayətdir. Belə dəhşətli səhnədə insanların içinə necə vəlvələ düşər? İnsanların arasındakı bağlılıq telləri necə qırılar?
Bəli, o dünyanın təbiəti belədir. İnsan sirrlərinin açılma qorxusu yaşamamaq üçün öncədən tədbir görməlidir. Rəftar və davranışlarını elə tənzimləməlidir ki, ifşa edilsə belə nigaran olmasın.
O günün ikinci xüsusiyyəti belə bəyan olunur:
لا یَخْفى عَلَى اللهِ مِنْهُمْ شَىءٌ
“Onların heç bir şeyi Allahdan gizli qalmayacaq. “
Elə bu dünyada heç bir şey alim və qadir Allahdan gizli deyil. Əsas etibarı ilə varılığı sonsuz olan, pak zatında heç bir məhdudiyyət olmayan bir kəs üçün aşkar və gizli, qeyb və aşkar eynidir.
Qiyamətin üçüncü xüsusiyyəti Allahın mütləq hakimiyyətidir. Həmin ayənin ardınca buyurur:
لِمَنِ الْمُلْکُ الْیَوْمَ
“(Həmin gün soruşular:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur?”
Cavabında deyilər:
للهِ الْوَاحِدِ الْقَهّارِ
“Tək və qüdrətli Allaha məxsusdur.”
Həmin günün dördüncü xüsusiyyəti mükafat və cəzadır. Belə ki, növbəti ayədə deyilir:
اَلْیَوْمَ تُجْزى کُلُّ نَفْس بِما کَسَبَتْ
“Bu gün hər bir şəxs qazandığı pis əməllərə görə cəzalandırılacaqdır. “
Bəli, Qiyamətdəki o aşkarlıq, eləcə də Allahın o elm, hakimiyyət, mülkiyyət və qəhharlığı birlikdə bu böyük ümidverici və sarsıdıcı həqiqətə dəlildir.
Beşinci xüsusiyyətə növbəti cümlədə yer verilir:
لا ظُلْمَ الْیَوْمَ
“Bu gün heç kəsə zülm olunmaz.”
O gün necə zülm ola bilər? Zülm ya cəhalət və məlumatsızlıq, ya da acizlik üzündən ola bilər. Allah isə hər şeyə qadirdir, hər şeyin sahibidir, hər şeyə hakimdir. O gün Allahın hökm etdiyi bir gündür, insanların sınaq üçün azad və özbaşına buraxıldıqları gün deyil. Elə bir gündə, onun hüzurunda necə zülm baş verə bilər?
Qiyamət gününün altıncı xüsusiyyəti bəndə əməlinin sürətli mühakiməsidir. Necə ki, ayənin sonunda deyilir:
انَّ اللهَ سَریعُ الْحِسابِ
Həqiqətən Allah tez haqq-hesab çəkəndir.
Haqq-hesab prosesi o qədər sürətlidir ki, hədisdə deyilir:
انَّهُ تَعالى یُحَاسِبُ الْخَلائِقَ کُلَّهُمْ فى مقدارِ لَمْحِ الْبَصَرِ
“Allah-Taala” bütün bəndələrinin hesabına bir göz qırpımında yetişir.” (9)
Şərh qeydə alınmayıb