Qısa cavab:
Qurani-Kərimin “Zilzal” surəsində Qiyamət günü yerin danışmasından söz açılır. Bəzi hədislərə görə yaxşılıqlar, pisliklər, xeyir və şər əməllərdən hər nə yer üzündə baş veribsə, hamısını açıb deyəcək. İnsanın əməllərinin həmin gün ən mühüm şahidlərindən biri də yerdir.
Ətraflı cavab:
Allah-taala “Zilzal” surəsinin 4-cü ayəsində Qiyamət günü yerin danışmasından söz açaraq buyurur:
یَوْمَئِذ تُحَدِّثُ اَخْبارَها
"Yer həmin gün bütün xəbərlərini açıqlayacaq."
Yaxşılıqlar, pisliklər, xeyir və şər əməllərdən hər nə yer üzündə baş veribsə, hamısını açıb deyəcək. İnsanın əməllərinin həmin gün ən mühüm şahidlərindən biri də yerdir. Belə ki, biz onun üzərində öz əməllərimizi həyata keçiririk. O, bizim şahid və nazirimizdir.
Hədislərin birində nəql olunur ki, Həzrət peyğəmbər (səllallahu əleyhi və alih) soruşdu:
اَ تَدْرُونَ ما اَخْبارُها
−Yerin verdiyi xəbərlərin nə demək olduğunu bilirsinizmi?
قالُوا: اللّهُ وَ رَسُولُهُ اَعْلَمُ
Dedilər:
−Allah və Onun peyğəmbəri daha yaxşı bilir.
Peyğəmbər buyurdu:
اَخْبارُها اَنْ تَشْهَدَ عَلى کُلِّ عَبْد وَ اَمَه بِما عَمِلَ عَلى ظَهْرِها، تَقُولُ عَمِلَ کَذا وَ کَذا، یَوْمَ کَذا، فَهذا اَخْبارُها
−Yerin xəbər verməsinin mənası budur ki, yer üzərində baş verən hər kişi və qadının əməllərindən xəbər verib deyəcək: “Filan şəxs filan gün bu işi gördü.” Yerin xəbər verməsi belə olacaq.
Digər bir hədisdə Həzrət peyğəmbərdən (səllallahu əleyhi və alih) nəql olunur:
حافِظُوا عَلَى الْوُضُوءِ وَ خَیْرُ اَعْمالِکُمُ الصَّلاهُ، وَ تَحَفَّظُوا مِنَ الاَرْضِ فَاِنَّها اُمُّکُمْ، وَ لَیْسَ فِیها اَحَدٌ یَعْمَلُ خَیْراً اَوْ شَرّاً اِلاّ وَ هِیَ مُخْبِرَهٌ بِهِ!
“Həmişə dəstəmazlı olun. Sizin ən yaxşı əməliniz namazdır. Yerdən də ehtiyatlı olun ki, yer sizin ananızdır. İnsanın etdiyi bütün xeyir və şər əməllərin hamısından o xəbər verəcək.”
Nəql olunur ki, Əbu Səid Xudri belə dedi:
Səhrada olarkən azan səsinizi ucaldın. Çünki Allahın rəsulunun (səllallahu əleyhi və alih) belə dediyini eşitmişəm:
لا یَسْمَعُهُ جِنٌّ وَ لا اِنْسٌ وَ لا حَجَرٌ اِلاّ یَشْهَدُ لَهُ
“Onu eşidən bütün insanlar, cinlər və daş parçaları (Qiyamət günü) onun üçün şəhadət verəcəklər.”
Görəsən, həqiqətən yer Allahın fərmanı ilə dil açıb danışacaq, yoxsa, söhbət insanın əməllərinin təsirlərinin yer üzündə zahir olmasından gedir? Bilirik ki, insanın hər əməli istər-istəməz onun ətrafında müxtəlif izlər qoyur. Bu gün bizim üçün hiss olunmasa da qapının cəftəsində bir dost və yaxud bir düşmənin barmaq izləri qaldığı kimi həmin gün bütün bu izlər aşkara çıxacaq. Yerin danışmağı bu böyük aşkarlıqdan başqa bir şey deyil. Necə ki, bəzən yuxulu bir adama deyirik: “Sənin gözlərin deyir ki, gecəni yatmamısan.” Yəni, yuxusuzluğun nişanələri gözlərindən məlumdur.
Hər halda bu, təəccüblü bir məsələ deyil. Çünki insan elminin inkişaf etdiyi bu gün, elə texnika və aparatlar ixtira olunmuşdur ki, hər yerdə və hər an insanın səsini yaza, yaxud onun hərəkətlərini çəkib bir fakt kimi məhkəmədə irəli sürə bilər. Belə ki, onu heç bir vəchlə inkar etmək olmaz.
Keçmişdə bəziləri yerin ifadə verəcəyindən təəccüb edirdilərsə, bu gün düymə şəklində insanın geyiminə sancılan bir cihaz və nazik bir lent yazısı çox şübhələrə aydınlıq gətirə bilər.
Bu haqda Həzrət Əlidən (əleyhis-salam) nəql olunan bir hədis olduqca maraqlıdır:
صَلُّوا مِنَ الْمَساجِدِ فِی بِقاع مُخْتَلِفَه، فَاِنَّ کُلَّ بُقْعَه تَشْهَدُ لِلْمُصَلِّی عَلَیْها یَوْمَ الْقِیامَهِ
“Məscidin müxtəlif yerlərində namaz qılın. Çünki Qiyamət günü yerin hər bir hissəsi üzərində namaz qılan insan haqqında şəhadət verəcək.”
Başqa bir hədisdə deyilir:
Əmirəl-möminin Əli (əleyhis-salam) beytul-malı bölüb qurtarandan sonra iki rükət namaz qılıb deyərdi:
اِشْهَدِى اَنِّى مَلاَ ْتُکَ بِحَقٍّ، وَ فَرَّغْتُکَ بِحَقٍّ
Şərh qeydə alınmayıb