Qısa cavab:
Qurani-Kərimdən aydın olur ki, dünyanın sonunda və qiyamətin başlanğıcında iki qəfil hadisə baş verəcək. Quranı-kərim bu iki hadisəni “surda çalınma” adı ilə adlandırmışdır ki, öz növbəsində qəfil və eyni zamanda baş verən hadisələr haqqında zərif və füsunkar bir bənzətmədir. Sur iki dəfədən artıq çalınmayacaq. Ümumi qorxu məsələsi birinci surdan sonra baş verəcək.
Ətraflı cavab:
Dünyanın sonunda və qiyamətin başlanğıcında iki qəfil hadisə baş verəcək: Birinci hadisədə bütün canlı varlıqlar dərhal öləcək. İkinci hadisə isə müəyyən zaman fasiləsi ilə baş verəcək. Bu hadisədə bütün insanlar qəflətən dirilib ayağa qalxacaqlar və haqq hesabının intizarını çəkəcəklər.
Quranı-kərim bu iki hadisəni “nəfxi sur” (surda çalınma) adı ilə adlandırmışdır ki, öz növbəsində qəfil və eyni zamanda baş verən hadisələr haqqında zərif və füsunkar bir bənzətmədir. Çünki “nəfx” üfürmək deməkdir. “sur” isə şeypur və ya içiboş buynuza deyilir. Adətən şeypuru karvanı, ordunu hərəkətdən saxlamaq və ya hərəkətə gətirmək üçün çalırlar. Onu da əlavə edək ki, bu iki səs bir-birindən fərqlidir. Dayanmaq üçün çalınan şeypur karvanı bir yerdə saxlayırdı. Hərəkət şeypuru isə karvanın hərəkətinin başlanmasını elan edirdi. Bu formada bəyan tərzi eyni zamanda hadisənin asanlığından xəbər verir. Böyük tanrı bir şeypurda çalmaq qədər asanlıqla yer və göy əhlini öldürür və hərəkət şeypuruna bənzər digər bir fərmanla hamıya həyat verir.
İslam alimlərinin məşhur nəzəriyyəsinə görə “nəfxi sur” iki dəfə baş verəcək. “Zumər” surəsinin 68-ci ayəsinin zahiri mənasından da bunu başa düşmək olar. Quranın digər ayələrini də bir yerə toplamaqla bu qənaətə gəlmək olar ki, “nəfxə” iki dəfə olacaq. Lakin bəziləri isə surda üç dəfə və ya hətta dörd dəfə çalınacağına inanır.
Belə ki, onlar birinci nəfxəni “fəzə” nəfsəxi adlandırırlar. Bu termin “Nəml” surəsinin 87-ci ayəsindən götürülmüşdür:
وَ یَوْمَ یُنْفَخُ فِی الصُّورِ فَفَزِعَ مَنْ فِی السَّماواتِ وَ مَنْ فِی الْاَرْضِ
"O gün ki, Sur çalınar. Göylərdə və yerdə olanların hamısı vəhşətə düşər."
İkinci və üçüncü nəfxələri isə ölüm və həyat nəfxəsi adlandırırlar. Quran ayələsində bu məsələyə işarə olunmuşdur. Onların biri “səq” nəfxəsi adlanır (“səq” sözü həm huşunu itirmək həm də ölmək mənasında işlənir), digəri isə “qiyam” nəfxəsi adlanır.
Surda dördüncü dəfə çalınacağını ehtimal edənlər zahirən bunu “Yasin” surəsinin 53-cü ayəsinə istinadən demişlər. Ayədə həyat nəfxəsinin ardınca belə deyilir:
اِنْ کانَتْ اِلاّ صَیْحَهً واحِدَهً فَاِذا هُمْ جَمِیعٌ لَدَیْنا مُحْضَرُونَ
"Bu zaman üfürmə və bağırtı yalnız bir dəfə olar, onun ardınca hamılıqla Bizim hüzurumuzda hazır duracaqlar."
Surun bu dəfə çalınması “toplantı və hüzur” adlanır.
Lakin haqq budur ki, Sur iki dəfədən artıq çalınmayacaq. Fəzə və ümumi vəhşət məsələsi həqiqətdə dünya əhlinin ölümü üçün bir müqəddimədir və bu hadisə birinci surdan sonra baş verəcək. Necə ki, cəm nəfxəsi də həyat nəfxəsinin ardınca baş verəcək. Bu ardıcıllıqla iki surdan artıq olmayacaq. Ölüm və həyat nəfxəsi. (1)
Şərh qeydə alınmayıb