Qısa cavab:
Məhəmməd peyğəmbərdən (s) nəql olunmuş uzun və dolğun bir hədisdə qiyamət günün əlamətləri qeyd olunmuşdur. Misal üçün Qiyamətin əlamətlərindən biri də namaza qarşı əhəmiyyətsiz davranmaq, şəhvətə itaət etmək, nəfsani istəklərə meylli olmaq, dini dünyaya satmaqdır. Belə bir vaxtda mömin insan bu qədər çirkinliyi görür və onu dəyişməyə qadir olmur, ürəyi daxildə əriyir, duz suda əriyən kimi.
Həmin gün kişilər kişilərlə kifayətlənəcək, qadınlar qadınlarla. Oğlanlar üstündə rəqabət olacaq, necə ki, ailələrində qızlar üstündə... Kişilər özlərini qadınlara bənzər və qadınlar özlərini kişilərə bənzər edəcək. Qadınlar yəhərə minəcəklər (və özlərini göstərəcəklər).
Ətraflı cavab:
Qiyamətin əlamətləri ilə bağlı ən ətraflı və dolğun hədislərdən biri də İbn Abbasın vida həccində böyük İslam peyğəmbərindən (sallallahu əleyhi və alih) nəql etdiyi hədisdir. Hədis insanı çox məlumatlandırır və neçə-neçə ibrətamiz sözləri özündə yer verir. Buna görə də hədisi tam şəkildə nəql edirik. O, nəql edir:
Biz həzrət peyğəmbər (sallallahu əleyhi və alih) ilə vida həccində idik. (Vida həcci peyğəmbərin ömrünün sonunda yerinə yetirdiyi son həcci idi.) Həzrət Kəbənin halqasını tutub üzünü bizə çevirdi və dedi:
− Sizi Əşrat əs-saə haqqında məlumatlandırım?
Salman həmin gün hamıdan peyğəmbərə (sallallahu əleyhi və alih) daha yaxın idi. O, dedi:
− Bəli, ey Allahın rəsulu.
Peyğəmbər dedi:
− Qiyamətin əlamətlərindən biri də namaza qarşı əhəmiyyətsiz davranmaq, şəhvətə itaət etmək, nəfsani istəklərə meylli olmaq, dini dünyaya satmaqdır. Belə bir vaxtda mömin insan bu qədər çirkinliyi görür və onu dəyişməyə qadir olmur, ürəyi daxildə əriyir, duz suda əriyən kimi.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
Peyğəmbər:
− Bəli, and olsun canım əlində olana, ey Salman! O zaman zalım hökmdarlar, fasiq vəzirlər, zülmkar əyanlar, xain münsiflər insanlara hakimiyyət edəcəklər, − deyə cavab verdi.
Salman soruşdu:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O vaxt çirkinliklər gözəl, gözəlliklər çirkin olacaq. Əmanətlər xəyanətkarlara tapşırılacaq. Əmanətdar xəyanət edəcək. Yalançını təsdiq edərlər, düzünü deyəni təkzib! − deyə peyğəmbər cavab verdi.
Salman yenə də soruşur:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
Buyurdu:
− Bəli, and olsun canım əlində olana, ey Salman! Həmin gün hakimiyyət qadınların əlinə düşəcək. Qullarla məşvərət olunacaq. Uşaqlar minbərlərə əyləşəcək. Yalan incəlik sayılacaq. Zəkat qəramət, beytul-mal isə qənimət sayılacaq.
İnsanlar ana-ataya pislik edəcəklər, dostlarına yaxşılıq. Göydə quyruqlu ulduz görünəcək.
Salman soruşdu:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O gün qadın əri ilə ticarətdə şərik olacaq. (Hər ikisi evdən kənarda sərvət toplamaq üçün fəaliyyət göstərəfəklər.) Yağışlar azalacaq, kərəm sahibləri xəsis olacaqlar. Yoxsullara həqarət olunacaq. O vaxt bazarlar bir-birinə yaxın olacaq. Biri deyəcək: “Bir şey satmadım”. O biri deyəcək: “Xeyir etmədim”. Hamı pərvərdigardan şikayət və məzəmmət dili ilə yad edəcəklər.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
− Bəli, and olsun canım əlində olana, ey Salman!
O zaman hakimiyyət başına elə tayfalar çatacaqlar ki, xalq danışanda onları öldürərlər, xalq sükut edəndə mal-əmlaklarını özlərinə halal sayarlar. Əmlaklarını qarət edərlər, hörmətlərini sındırarlar, qanlarını tökərlər, ürəklərini ədavət və qorxu ilə doldurarlar. Bütün insanları qorxu və iztirab içində görərsən.
Salman soruşdu:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
Buyurdu:
− Bəli, and olsun canım əlində olana, ey Salman! O vaxt Məşriqdən bir şey və Məğribdən bir şey gətirərlər. (Şərqdən qanunlar və Qərbdən qanunlar.) Mənim ümmətim cilddən cildə girəcəklər. Ümmətin zəiflərinə onlardan vay olsun. Onlara da İlahi əzabdan vay olsun. Onlar nə uşağa rəhm edərlər, nə qocanın hörmətini saxlayarlar, nə günahkarı bağışlayarlar. Bədənləri adam bədənləridir, qəlbləri şeytan qəlbləri!
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! Həmin gün kişilər kişilərlə kifayətlənəcək, qadınlar qadınlarla. Oğlanlar üstündə rəqabət olacaq, necə ki, ailələrində qızlar üstündə... Kişilər özlərini qadınlara bənzər və qadınlar özlərini kişilərə bənzər edəcək. Qadınlar yəhərə minəcəklər (və özlərini göstərəcəklər). Allahın lənəti onlara olsun!
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O zaman məscidləri yəhudilər və xristianlar məbədləri bəzədikləri kimi bəzəyərlər. Quranlara bəzək vurarlar. (İçindəkilərə əməl etməzlər.) Məscidlərin minarələri hündür, namaz qılanların sıraları doludur. Amma bir-birlərinə qarşı düşmən, dilləri müxtəlifdir.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman!
O dövrdə mənim ümmətimin oğlanlarını qızılla bəzəyərlər. İpək və dibac geyərlər. Pələngin dərisindən özlərinə libas hazırlayarlar.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O vaxt zina aşkarda edilər. Alğı-satqı qeybətlə, rüşvətlə olar. Dini qoyub dünyanı götürərlər.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O vaxt talağın sayı artar, Allaha görə cəza verilməz. Amma bütün bunlarla Allaha ziyan vura bilməzlər. (Özlərinə ziyan vurarlar.)
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O zaman zənənlər xanəndə olar. Ləhv və çalğı alətləri aşkara çıxarılar. Ümmətimin şər bəndələri onun dalınca gedər.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O dövrdə ümmətimin varlıları istirahət üçün, orta təbəqə ticarət üçün və yoxsullar riya və təzahür üçün həccə gedərlər. O vaxt Quranı Allahdan qeyrisi üçün öyrənən və onunla ləhv alətləri kimi rəftar edən insanlar meydana çıxacaq. Vəzifə başına gələnlər din elmini Allahdan qeyrisi üçün öyrənərlər. Uşaqlar şəriət baxımından qeyri-qanuni olacaq. Quranı qına ilə oxuyarlar. Dünya üçün bir-birlərindən irəli keçərlər.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! Bu, elə bir zaman baş verəcək ki, hörmət pərdələri yırtılacaq, günah çox olacaq, pislər yaxşılara hakim olacaq, yalan artacaq, inad aşkara keçəcək, yoxsulluğun sayı artacaq, insanlar müxtəlif libaslarla bir-birinin yanında lovğalıq edəcəklər. Vaxtsız yağışlar yağacaq, qumar və musiqi alətlərini maraqlı sayılacaq, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyi pis biləcəklər. Belə ki, o zaman mömin insan ümmətin içində hamıdan xar olacaq, Quran qariləri və ibadət edənlər daim bir-birlərinə nalayiq sözlər deyəcək və onları səma aləmində alçaq və çirkin insanlardan sayacaqlar.
Salman dedi:
− Belə bir hadisə baş verəcəkmi ya rəsulallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! O vaxt varlı yoxsula mərhəmət göstərməyəcək. Belə ki, yoxsul cəmiyyət içində ayağa qalxıb kömək istəyəcək və heç kəs onun əlinə bir şey verməyəcək!
Salman dedi:
− Belə bir şey ola bilərmi ya rəsullallah?
− Bəli, and olsun canım əlində olana, ey Salman! Həmin vaxt “rubizə” danışacaq!
Salman soruşdu:
− Ana-atam sənə qurban ya rəsulallah! “Rubizə” nədir?
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
− İnsanların məişəti haqda elə adamlar danışacaq ki, heç vaxt danışmamışdır. (Heç vaxt ona öz fikrini bildirməyə imkan verilməmişdir.) Bu zaman çox keçməz ki, yerdən fəryad səsi eşidilər. Belə ki, hər adam onun öz məntəqəsində baş verdiyini güman edər. Yenə bir müddət Allahın istəyi ilə həmin vəziyyətdə qalarlar. Sonra bu müddət ərzində yeri qazarlar. Yer öz daxilində olanları çölə atar.
Buyurdu:
− Qızıl və gümüşü demək istəyirəm. − Sonra əli ilə məscidin sütunlarına işarə edərək dedi: − Bunlar kimi. O gün daha qızıl və gümüşün faydası olmayacaq. (İlahi fərman yetişəcək.) Bu, Allahın buyurduğu bu ayənin mənasıdır:
فَقَدْ جاءَ اَشْراطُها (1)
Şərh qeydə alınmayıb