Qısa cavab:
Demək olar ki, həlak və ya məhv olmaq dünyaya və yer üzündə olanlara aiddir. Cənnət və Cəhənnəm isə bu dünyanın tərkib hissəsi deyildirlər ki, məhv olmağa məhkum olunsunlar. Onlar başqa bir dünyaya – axirət dünyasına aiddirlər. İstər cənnət və cəhənnəmin dünyanın daxilində olduğuna inanaq, istərsə də ondan kənarda olub, onu əhatə etməsinə etiqad bəsləyək.
Ətraflı cavab:
Qurani-kərimin bir çox ayələrində, o cümlədən, “ər-Rəhman” surəsinin 26-cı ayəsində bu dünyanın sonunda hər şeyin məhv olacağından söz açılır.
کُلُّ مَنْ عَلَیْها فان
"Onun (yerin) üzərində olan hər bir kəs fənaya məhkumdur."
Habelə, “Zumər” surəsinin 68-ci ayəsində "Yalnız yer əhlinin deyil, göy əhlinin də məhv olacağı" vurğulanır:
وَ نُفِخَ فِی الصُّورِ فَصَعِقَ مَنْ فِی السَّماواتِ وَ مَنْ فِی الاَرْضِ
"Sur çalınacağı gün Allahın istədiyi kəs istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq."
Yuxarıdakı ayələri mütaliə etdikdə belə bir sual yaranır: Əgər hər şey dünyanın sonunda məhv olacaqsa, sözsüz ki, insanların çürüyüb torpağa qarışmış bədənləri də aradan gedəcəkdir? Halbuki, Quran dönə-dönə təsdiq edir ki, biz bu torpağı bir yerə toplayıb insanları ikinci dəfə ondan yaradacağıq. Yaxud da insanlar Qiyamət günü qəbirlərindən baş qaldıracaqlar.
Həmçinin Quran ayələrinin zahiri mənalarına əsasən cənnət və cəhənnəm hazırda yaradılmışdır. (Cənnətin təqvalılar üçün hazırlandığını təsdiqləyən “təqvalılar üçün hazırlanmışdır” və buna oxşar ifadələr Quranın iki ayəsində − “Ali-İmran” surəsinin 133-cü və “Hədid” surəsinin 21-ci ayələrində diqqət çəkir. Eləcə də cəhənnəm barəsində işlənən “kafirlər üçün hazırlanmışdır” ifadəsi Quranın iki ayəsində, yəni “Bəqərə” surəsinin 24-cü və “Ali-İmran” surəsinin 131-ci ayəsində öz əksini tapmışdır.)
Cənnət və Cəhənnəm də dünyanın sonunda məhv olacaqlarmı?
Bunlardan əlavə, insanların bərzəx həyatlarına inancımız var. Bunu Quranın ruhlar haqqında olan ayələrindən başa düşürük. Görəsən, onlar da məhv olacaqmı?
Bütün bu sualların cavabı aşağıdakı izahla aydın olacaqdır:
"Həlak olmaq", "məhv olmaq" və "yox olmaq" kimi sözlər işlənərkən, maddə və materialının deyil, əksər hallarda quruluşun (nizamın) aradan getməsi nəzərdə tutulur. Məsələn, bir bina zəlzələ nəticəsində dağılarsa, ona məhv oldu demək olar, halbuki, onun materialı, qalıqları hələ də qalmış, yalnız quruluşu və zahiri görünüşü aradan getmişdir.
Bildiyimiz kimi, bu dünyanın sonunda günəş öz işığını itirəcək, ay qaralacaq, dağlar yerlə-yeksan olacaq və canlı varlıqların hamısı öləcəkdir. Onların həlak olmasının mənası da elə budur.
Digər tərəfdən həlak və ya məhv olmaq dünyaya və yer üzündə olanlara aiddir. Cənnət və Cəhənnəm isə bu dünyanın tərkib hissəsi deyildirlər ki, məhv olmağa məhkum olunsunlar. Onlar başqa bir dünyaya – axirət dünyasına aiddirlər. İstər cənnət və cəhənnəmin dünyanın daxilində olduğuna inanaq, istərsə də ondan kənarda olub, onu əhatə etməsinə etiqad bəsləyək.
Başqa bir tərəfdən də Quranın ayələri Allahın pak zatını istisna etməklə bütün məxluqatın fani (məhv) olacağından söhbət açır. Burada təkcə onların bu dünyanın sonundakı fənasından söz getmir. Onlar indi də Allahın qarşısında fanidirlər. Çünki mümkün varlıqlar onun pak zatından asılıdırlar, hər an varlıqlarını ondan alırlar. Öz zatlarında nəyəsə malik deyillər. Sahib olduqları hər bir şey Allahdandır.
Bundan əlavə, bu dünyanın məxluqlarının hamısı dəyişkəndir və dəyişkənliyə məruz qalır. Hətta “cövhəri-hərəkət” nəzəriyyəsinə görə, onların zatı dəyişkənliyin özüdür. Bilirik ki, hərəkət və dəyişkənlik daimi məhv olma və yenilənmə deməkdir. Hər an maddi dünyanın məxluqatı ölüb dirilirlər.
Bu səbəbdən, hazırda onlar fani və həlak olmuşlardır. Dəyişkənlik və fənaya məruz qalmayan və tamamilə müstəqil olan zat onun müqəddəs zatıdır. (1)
Şərh qeydə alınmayıb