Qısa cavab:
Bəzi Quran ayələrində bu məsələyə işarə olunub. Məsələn, İsa Məsih (əleyhis-salam) Qiyamət günü Pərvərdigarın sualına belə cavab verəcək:
"Pərvərdigara! Mən onlara yalnız Sənin mənə əmr etdiyini – “mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (onların arasından) apardın, sən özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən”".
Ətraflı cavab:
Allah-taala “Nisa” surəsinin 41-ci ayəsində qiyamətdə olacaq şahidlik və veriləcək ifadələrə toxunaraq buyurur:
فَکَیْفَ اِذا جِئْنا مِنْ کُلِّ اُمَّه بِشَهید وَ جِئْنا بِکَ عَلى هوُلاءِ شَهیداً
"Buna görə də hər ümmətdən bir şahid və səni də onlara (bu ümmətə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!"
Beləliklə, bədən üzvlərinin, yaşadığı yerin və Allahın mələklərinin insanın əməlləri haqqında şahidliyindən əlavə, hər peyğəmbər də öz ümmətinin əməllərinə şahidlik edəcəkdir. İslam peyğəmbəri (sallallahu əleyhi və alih) də Allahın ən sonuncu və ən böyük peyğəmbəri kimi öz ümmətinə şahidlik edəcəkdir.
Quranda eyni məzmunlu ayələrə də rast gəlmək mümkündür. O cümlədən "Bəqərə" surəsi, ayə 143, "Nəhl" surəsi, ayə 89 və "Həcc" surəsi, ayə 78-ci misal çəkmək olar.
Amma görəsən, peyğəmbərlərin şahidliyi necə olacaq?
Əgər “haula” sözündə məqsəd müsəlmanlardırsa, (“Məcməul-bəhreyn” kitabında yazıldığı kimi) bu sualın cavabı aydındır. Çünki hər peyğəmbər nə qədər öz ümmətinin içindədirsə, onların əməllərinə nazir və şahiddir. Onlardan sonra məsum canişinləri ümmətin əməllərinə nəzarət və şahidlik edəcəkdir. Bu səbəbdən İsa Məsih (əleyhis-salam) Qiyamət günü Pərvərdigarın sualına belə cavab verəcək:
ما قُلْتُ لَهُمْ اِلاّ ما اَمَرْتَنِى بِهِ اَنِ اعْبُدُوا اللّهَ رَبِّى وَ رَبَّکُمْ وَ کُنْتُ عَلَیْهِمْ شَهِیْداً مادُمتُ فِیْهِمْ فَلَمّا تَوَفَّیْتَنِى کُنْتَ اَنْتَ الرَّقِیْبَ عَلَیْهِمْ وَ اَنْتَ عَلى کُلِّ شَىْء شَهِیْدٌ
"Pərvərdigara! Mən onlara yalnız Sənin mənə əmr etdiyini – “mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (onların arasından) apardın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən”". (1)
Lakin bəzi təfsir alimləri ehtimal edirlər ki, “haula” kəlməsi keçmiş ümmətlərin şahidləridir. Yəni, “Ey peyğəmbər (Məhəmməd)! Səni bütün şahidlərin və keçmiş peyğəmbərlərin şahidi qərar verəcəyik."
Bir qrup hədislərdə də bu təfsirə işarə olunmuşdur. Lakin bu təfsir Həzrət İsa Məsih (əleyhis-salam) haqqında nazil olan ayəyə o qədər də uyğun gəlmir. Çünki sözügedən ayəyə görə, İsa Məsih öz ümmətinin hamısının nəzarətçisi deyil. O, həyatı zamanı onların şahidi idi.
Amma şahidliyi “əməli şahidlik” kimi tərcümə etsək, bu, o deməkdir ki, nümunə bir insanın əməlləri digər insanların əməlləri üçün müqayisə meyarıdır. Belə olduqda yuxarıdakı təfsirin heç bir eybi olmayacaq. Çünki hər peyğəmbər malik olduğu seçilmiş sifətləri ilə öz ümməti üçün ölçü və meyar sayılır. Ümmətin yaxşı və pis insanlarını onlara nə qədər oxşayıb-oxşamadıqları ilə tanımaq olar. İslam peyğəmbərinin (sallallahu əleyhi və alih) ən böyük ilahi peyğəmbər olduğunu nəzərə alsaq, onun sifət və əməlləri bütün peyğəmbərlərin şəxsiyyətlərini qiymətləndirmək üçün meyar olacaqdır.
Yerdə qalan yeganə sual budur ki, şəhadət sözü bu mənada işlənmişdirmi?
Nümunə insanların əməl, rəftar və fikirləri də əməli şəkildə göstərir ki, bir insan yüksək həddə mənəvi məqamları qət edə bilər. Bunu nəzərə alaraq demək olar ki, belə bir mənanı da istisna etmək olmaz. (2)
Şərh qeydə alınmayıb