Qısa cavab:
Quran ayəsində deyilir: “Dəqiq bilmədiyin bir şeyə istinad etmə”.
Bir şeyi dəqiq bilmədən o haqda şahidlik etmə, dəqiq bilmədiyinə etiqad bəsləmə. Dəqiq olmayanlara əsaslanmaqdan çəkindirməyin geniş mənası vardır. Əqidəvi məsələlər, danışıq, şahidlik, hakimlik və əməllərə şamil olur. Bu baxımdan hər şeyi tanımaq üçün ölçü vahidi elm və yəqindir. Elm və yəqindən başqa heç bir şeyə, istər zənn və gümana, istər təxminə, istərsə də şəkk və ehtimala etimad etmək olmaz.
Ətraflı cavab:
Bu sualın cavabını “İsra” surəsinin 36-cı ayəsinə əsasən vermək olar. Ayədə deyilir:
وَ لاتَقْفُ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ
"Yəqin bilmədiyin şeyə arxalanma!"
Həm öz şəxsi işlərində, həm də başqaları haqqında mühakimə yürüdərkən dəqiq bilmədiyin şeylərə istinad etmə. Bir şeyi dəqiq bilmədən o haqda şakidlik etmə, dəqiq bilmədiyinə etiqad bəsləmə.
Beləliklə, qeyri-elmə (dəqiq olmayanlara) əsaslanmaqdan çəkindirməyin geniş mənası vardır. Əqidəvi məsələlər, danışıq, şahidlik, hakimlik və əməllərə şamil olur.
Bəzi təfsir alimləri bu qadağanı yuxarıdakı işlərin bir qismi ilə məhdudlaşdırsalar da, bunun heç bir aydın dəlili yoxdur. Çünki “La təqfu” (لاتَقْفُ) ifadəsi “qəfv” kökündəndir və “bir şeyin arxasında getmək” mənasını daşıyır. Bilirik ki, qeyri-elmin arxasınca getməyin geniş mənası var və deyilənlərin hamısına aid olur.
Bu baxımdan hər şeyi tanımaq üçün ölçü vahidi elm və yəqindir. Elm və yəqindən başqa heç bir şeyə, istər zənn və gümana, istər təxminə, istərsə də şəkk və ehtimala etimad etmək olmaz. Bunların əsasında etiqadını formalaşdıran, ya mühakimə yürüdən, ya şəhadət verən və ya hətta öz şəxsi işlərində ona etimad edən insan İslam dininin bu aydın göstərişinin əksinə olaraq addım atmışdır.
Başqa sözlə desək, nə şayiələr və güman doğuran əlamətlər, nə də etibarsız mənbədən bizə çatan qeyri-dəqiq xəbərlər mühakimə, şahidlik və əməl üçün meyar ola bilməz.
Yuxarıdakı ayədə ictimai həyatın ən əhəmiyyətli əsaslarından birinə işarə olunur ki, ona əhəmiyyət verməmək cəmiyyətdə hərc-mərcliyə, insani münasibətlərin və dostluq tellərinin aradan getməsinə gətirib çıxaracaq.
Əgər Quranın təklif etdiyi bu qaydaya, həqiqətən də bütün insani cəmiyyətlərdə dəqiq şəkildə əməl olunsa, şayilərdən, yaranmış süni atmosferdən, tələsik çıxarılan qərarlardan, əsassız gümanlardan və şübhəli xəbərlərdən irəli gələn bütün problemlər kökündən öz həllini tapar. Əks təqdirdə ictimai münasibətlərdə hərc-mərclik hər yeri bürüyər və heç kəs başqasının bəd gümanlarından amanda qalmaz. Heç kəs başqasına inanıb etibar etməz, insanların şərəf və heysiyyətləri daim təhlükə altında qalar.
Quranın digər ayələrində, eləcə də, hədislərdə bu məsələyə xüsusi diqqət göstərilmişdir. O cümlədən:
1) İmansız insanları zənn və gümana əsaslandıqlarına görə sərt tənqid edən ayələr. Məsələn:
وَ ما یَتَّبِعُ اَکْثَرُهُمْ اِلاّ ظَنّاً اِنَّ الظَّنَّ لایُغْنِی مِنَ الْحَقِّ شَیْئاً
"Onların çoxu (etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz zənn və güman heç bir haqqın yerini tutmur." (1)
2) Digər ayədə gümana tabe olmaq nəfsi istəklərə tabe olmaq kimi qələmə verilir.
اِنْ یَتَّبِعُونَ اِلاَّ الظَّنَّ وَ ما تَهْوَى الاْ َنْفُسُ
"Onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar." (2)
3) Hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
اِنَّ مِنْ حَقِیقَهِ الاْیمانِ اَنْ لایَجُوزَ مَنْطِقُکَ عِلْمَکَ
"İmanın həqiqətlərindən biri də budur ki, sözlərin elmindən çox olmasın və bildiyindən də artıq danışmayasan."
4) Digər hədisdə İmam Musa ibn Cəfər (əleyhis-salam) öz babalarından belə nəql edir:
لَیْسَ لَکَ اَنْ تَتَکَلَّمَ بِما شِئْتَ لاِ َنَّ اللّهَ عَزَّوَجَلَّ یَقُولُ وَ لاتَقْفُ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ
"Sənin hər istədiyini dilinə gətirməyə haqqın yoxdur, çünki Allah-taala buyurmuşdur ki, “Yəqin bilmədiyin şeyə arxalanma!”"
5) Eləcə də, Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, buyurdu:
اِیّاکُمْ وَ الظَّنَّ فَاِنَّ الظَّنَّ اَکْذَبُ الْکَذِبِ
"Zənn və gümandan çəkinin! Güman ən pis yalandır."
6) İmam Sadiqin (əleyhis-salam) hüzurunda olan bir şəxs dedi:
− Mənim qonşularımın xanəndə kənizləri var. Onlar çalıb oxuyurlar. Mən bəzən ayaqyoluna gedərkən orada bir az artıq əyləşirəm ki, onların nəğmələrinə qulaq asım. Halbuki, bu məqsədlə ora getməmişdim. İmam Sadiq (əleyhis-salam) buyurdu:
− Allahın bu ayəsini eşitməmisən?
اِنَّ السَّمْعَ وَ الْبَصَرَ وَ الْفُوادَ کُلُّ اُولئِکَ کانَ عَنْهُ مَسْوُلاً
"Qulaq, göz və qəlbin hamısından sual olunacaq."
O dedi: "Sanki, heç vaxt bu ayəni heç kəsdən – nə ərəbdən, nə də əcəmdən eşitməmişdim. Mən elə indicə bu işi tərk edir və Allahın dərgahına tövbə edirəm."
Bəzi qaynaqlarda həmin hədisin davamında deyilir ki, İmam ona belə buyurdu: “Ayağa qalx, tövbə qüslü et və mümkün qədər namaz qıl, çünki çox pis bir iş görmüsən. Əgər həmin halda ölsəydin, məsuliyyətin böyük idi."
Yuxarıdakı ayə və hədislərdən aydın olur ki, İslam insanın qulaq və gözünü son dərəcə məsuliyyətli sayır. Belə ki, gözləri ilə görməsə deməsin, qulaqları ilə eşitməsə qərara gəlməsin, araşdırıb yəqin əldə etməmiş heç nəyə inanıb etiqad bəsləməsin, əməl etməsin və hökm çıxarmasın.
Gümana, ehtimala, təxminə, şayiəyə, qeyri-elmə və qeyri-yəqinə əsaslanmaq və ona tabe olmaq insan və cəmiyyət üçün böyük təhlükələr yarada bilər. Onların hər birinin öz-özlüyündə ağır nəticələri ola bilər. O cümlədən:
1. Elm və yəqini olmayan məlumatlara əsaslanmaq insanların haqlarının tapdalanmasına və yaxud haqqı nahaqqa verməyə gətirib çıxara bilər.
2. Qeyri-elmə istinad etmək abırlı insanlarının şərəfini təhlükəyə ata, xalqa xidmət göstərənləri bu işdən soyuda bilər.
3. Qeyri-elmə etimad etmək şayiə və şayiə düzəldənlər üçün fürsət yaradır.
4. Qeyri-elmin arxasınca getmək insanda tədqiq və araşdırma ruhiyyəsini öldürür, onu hər şeyə tez inanan, avam bir şəxsə çevirir.
5. Qeyri-elmə əsaslanmaq evdə, alış-verişdə, işdə, ümumiyyətlə hər yerdə dostluq münasibətlərini korlayır, insanları bir-birinə qarşı bədbin edir.
6. Qeyri-elmə arxalanmaq insanın fikri müstəqilliyini aradan aparır, ruhiyyəsini hər hansı zəhərli təbliğatı qəbul etmək üçün hazırlayır.
7. Qeyri-elmə arxalanmaq hər kəs və hər şeylə əlaqədar çıxarılan tələsik hökmlərin, təcili seçimlərin mənşəyidir. Bu da öz növbəsində müxtəlif məğlubiyyətlərə və peşmançılıqlara gətirib çıxarır. (3)
Şərh qeydə alınmayıb